Azərbaycanın Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı ÇXR xarici işlər naziri Vanq Yİ ilə nəzakət görüşü keçirib.
Azərbaycan XİN-in mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, Ə.Zeynallı Azərbaycanın Çinlə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verdiyini və bu istiqamətdə əməkdaşlığın daha da inkişaf etdirilməsində əzmli olduğunu bildirib.
Həmçinin, Səfir Azərbaycanın Çinin "Bir Qurşaq, bir Yol təşəbbüsünü dəstəklədiyini və bu çərçivədə Çinlə sıx əməkdaşlığa hazır olduğunu qeyd edib. Səfir Ə.Zeynallı əlavə edib ki, yeni səfir kimi ölkələr arasında ənənəvi dostluq və tərəfdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcək.
Çinin xarici işlər naziri Vanq Yi Azərbaycana rəsmi səfərə dəvət olunduğunu xatırladaraq bu səfəri həyata keçirmək arzusunda olduğunu ifadə edib. O, Çinin Azərbaycanla əlaqələrə xüsusi əhəmiyyət verdiyini və Azərbaycan prezidenti İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə səfərinin iki ölkə arasında əlaqələrin inkişafına güclü təkan verdiyini qeyd edib.
Nazir Azərbaycan prezidenti İlham Əliyevin Çin xalqının və dövlətinin böyük dostu olduğunu və onun Çinlə əlaqələrin inkişaf etdirilməsi siyasətini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. Habelə, nazir Vanq Yi Azərbaycanın "Bir Qurşaq, Bir yol layihəsinə dəstəyini təqdir edib və Çinin bu əsnada Azərbaycanla əməkdaşlığa hazır olduğunu bildirib.