Azərbaycan Prezidenti İlham Əliyev Koreya Əmək Partiyasının Sədri, Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri, Koreya Xalq Ordusunun Ali Baş Komandanı Kim Çen Ina təbrik məktubu göndərib.

Unikal.org xəbər verir ki, təbrikdə deyilir: "Zati-aliləri, Ölkənizin milli bayramı - Koreya Xalq Demokratik Respublikasının yaranması günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi diləyirəm".

Azərbaycan Prezidenti Tacikistan Prezidenti Emoməli Rəhmona da təbrik məktubu göndərib:

"Hörmətli Emoməli Şərifoviç, Tacikistan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Tacikistan dostluğu zəngin ənənələrə malikdir. İnanıram ki, bu ənənələri özündə yaşadan dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığımızın dərinləşməsi üçün daim möhkəm zəmin olacaqdır.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tacikistan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".