Rusiya, Azərbaycan və Ermənistanın dini liderlərinin üçtərəfli görüşünün yekunlarına dair birgə bəyanat qəbul olunub.

Unikal.org-un apa-ya istinadən verdiyi xəbərə görə, Rusiya patriarxı Kirill, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə və Ermənistanın katalikosu II qareginin imzaladığı sənəddə deyilir: "Bu gün biz - Azərbaycan və Ermənistanın dini liderləri Rusiya patriarxı Kirillin dəvəti ilə yenidən Moskvada görüşərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini müzakirə etdik. Bunsuz Qafqazda sülh və təhlükəsizlik əldə etmək mümkün deyil.
Biz münaqişənin hərtərəfli həllinə kömək olacaq sülhməramlı dialoqun davamlı şəkildə inkişafına, danışıqların davam etdirilməsinə və beynəlxalq ictimaiyyətin vəsaitçəliyinə böyük önəm veririk.
Əminik ki, fikir ayrılığını yalnız mehriban qonşuluq və mənəvi dəyərlərə əsaslanaraq aradan qaldırmaq mümkündür.

Azərbaycan və erməni xalqları hər zaman çiyin-çiyinə yaşayacaqlar, bu səbəbdən sülh və əməkdaşlıqdan başqa perspektiv yoxdur. Çoxsaylı çağırışlarla üz-üzə qalan xalqların dini liderləri onlara cavab axtarmağa məcburdurlar.

Biz sülhün qorunması və münaqişə ilə əlaqəli olan humanitar problemlərin həlli üçün dualarımızı əsirgəmirik və ictimai-siyasi xadimləri də buna çağırırıq.

Müharibə və düşmənçilik ritorikasından imtina etmək olduqca vacibdir.
Hərbi əməliyyatlarda iştirak etməyən dinc sakinlərin azadlığa buraxılması vacibdir.

Dini liderlər olaraq biz kilsələrin, məscidlərin və digər müqəddəs yerlərin qorunmasına çağırıq. Dini abidələrin qorunması olduqca vacibdir.
Biz Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş sülhməramlı təşəbbüsləri dəstəkləməyə hazırıq".

xxx

Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşü başa çatıb.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, iki saata yaxın çəkən görüşün yekununa dair Bəyanat imzalanıb.

Görüşdən sonra Patriarx Kirill, Şeyxülislam Hacı Allahşükür Paşazadə və bütün ermənilərin katolikos Qaregin jurnalistlər önünə çıxıblar.

Görüşün yekunları ilə bağlı Patriarx Kirill danışıb. O, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir düşmüş şəxsləri azad etməyə çağırıb.

Patriarx Kirill deyib ki, görüşün atmosferindən razı qalıb: "Fikir ayrılığını yalnız mehriban qonşuluq prinsiplərinə və mənəvi dəyərlərə əsaslanaraq aradan qaldırmaq olar. Azərbaycan və Ermənistan xalqları daim yanaşı yaşamalıdırlar. Buna görə də sülh və əməkdaşlıqdan başqa perspektiv yoxdur. Biz münaqişə ilə bağlı bütün hümanitar problemlərin tezliklə sülh yolu ilə həll edilməsi üçün dua edirik və xalqlarımızın siyasi və ictimai xadimlərini buna çağırırıq. Buradan başqa, hərbi əməliyyatlarda iştirak etməyən və əsir düşmüş dinc sakinlərin azad edilməsinə çağırırıq. Müharibə zonasındakı məbədlərin, məscidlərin və digər müqəddəs yerlərin qorunması olduqca vacibdir".