Prezident İlham Əliyev iki ölkə, eləcə də Yeni Azərbaycan Partiyası ilə Vyetnamın Kommunist Partiyası arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. 

Unikal.org xəbər verir ki, Prezident İlham Əliyev bir neçə il bundan əvvəl Vyetnama dövlət səfərini və səfər zamanı Azərbaycanın ali məktəblərinin vyetnamlı məzunları ilə görüşünü məmnunluqla xatırladıb. Dövlət başçısı qeyd edib ki, bu, çox səmimi bir görüş idi və sonra onlar Bakıya dəvət olundular, burada yaşadıqları və təhsil aldıqları yerləri ziyarət etdilər. Prezident İlham Əliyev, eyni zamanda, Vyetnamın bundan əvvəlki Prezidentinin Azərbaycana səfərinin əhəmiyyətinə də toxunub və bütün digər səviyyələrdə əlaqələrin möhkəmləndirilməsinin önəmini qeyd edbi. Dövlət başçısı beynəlxalq təşkilatlarda əməkdaşlığın, iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinin, ticarət dövriyyəsinin artırılmasının, təhsil sahəsində ənənəvi əməkdaşlığın, ölkələrimiz arasında mövcud olan tarixi-mədəni əlaqələrin genişləndirilməsinin önəmini vurğulayıb. Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, xanım Çionq Txi Mayın Azərbaycana səfəri ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi işinə xidmət edəcək.

Xanım Çionq Txi May ilk növbədə dövlət başçısına və Azərbaycan xalqına son illər əldə edilmiş böyük nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. O qeyd edib ki, ölkələrimiz və xalqlarımız arasında ənənəvi dostluq münasibətləri mövcuddur. Xanım Çionq Txi May bu münasibətlərin əsasının Vyetnam xalqının lideri Xoşemin və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu məmnunluqla vurğulayıb. Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılmasının 25 illiyinin tamam olacağını qeyd edən xanım Çionq Txi May Azərbaycanın müxtəlif dövrlərdə ölkəsinə verdiyi dəstəyə görə minnətdarlığını ifadə edib. Xanım Çionq Txi May səfər proqramı çərçivəsində Heydər Əliyev Mərkəzində olduğunu vurğulayaraq bildirib ki, biz Azərbaycanın müstəqil dövlət kimi bu səviyyəyə çatmasında Ulu Öndərin rolunun bir daha şahidi olduq. Qonaq qeyd edib ki, Azərbaycan Vyetnamı Cənubi-Şərqi Asiyada özünün etibarlı tərəfdaşı hesab edə bilər.
Görüşdə iki ölkə arasında sərmayə qoyuluşu, enerji, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

11:01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 11-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) katibi, Siyasi Büronun üzvü, Vyetnam KP MK-nın xalq kütlələri ilə iş şöbəsinin müdiri Çionq Txi Mayın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Unikal.org-un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.