Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Kestutis Yankauskas fəxri qarovul dəstəsinin qarşısından keçib.

Unikal.org-un xəbərinə görə, Kestutis Yankauskas etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib: "Mən qarşılıqlı faydaya, ümumi dəyərlərə və bütün sahələrdə qarşılıqlı maraqlara əsaslanan Avropa İttifaqı-Azərbaycan əlaqələrinin bundan sonra da inkişaf etdirilməsi istiqamətində səylərimi əsirgəməyəcəyəm. Bu, təkcə enerji sahəsi deyil, eyni zamanda nəqliyyat, iqtisadiyyatın şaxələndirilməsi, müasir dövlət və cəmiyyət qurulması kimi sahələri əhatə edir. Biz Azərbaycanın regionda sabit və etibarlı tərəfdaş kimi rolunu, tolerant, multikultural və dünyəvi cəmiyyət quran ölkə kimi əhəmiyyətini yüksək qiymətləndiririk. Cənab Prezident, mən əlaqələrimizin bundan sonra da möhkəmləndirilməsi işində Sizinlə qarşılıqlı etimada əsaslanan əməkdaşlığı səbirsizliklə gözləyirəm.

Ölkəmiz və əməkdaşlığımızın perspektivləri ilə bağlı xoş sözlərə görə minnətdarlığını bildirən dövlət başçısı qeyd edib ki, biz Avropa İttifaqı ilə tərəfdaşlığımızın səviyyəsindən çox məmnunuq və Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Əlbəttə ki, əməkdaşlığımız yalnız ticarət və energetika sahələri ilə məhdudlaşmır, geniş sahələri əhatə edir. Brüsselə son səfərini uğurlu səfər kimi dəyərləndirən dövlət başçısı qeyd edib ki, səfərindən dərhal sonra Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlığa dair yeni sənədin üzərində fəal danışıqlar prosesi başlanıldı və bu danışıqlar hazırda uğurla davam etdirilir. Prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın çox geniş gündəliyə malik olduğunu qeyd edərək siyasi əlaqələr, ölkəmizin demokratik inkişafı, energetika, nəqliyyat, təhlükəsizlik, humanitar, təhsil, mədəniyyət, multikulturalizm ilə bağlı məsələlər ətrafında səmərəli müzakirələrin aparıldığını vurğulayıb. Dövlət başçısı qeyd edib ki, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yüksək səviyyədə qarşılıqlı anlaşma mövcuddur. Prezident İlham Əliyev bildirib ki, biz bu əməkdaşlığa önəm veririk və Avropa İttifaqına üzv dövlətlərin üçdəbirindən çoxu ilə artıq strateji tərəfdaşlıq haqqında sənədlər, bəyannamələr imzalanıb və ya qəbul olunub. Bunun əməkdaşlıq üçün çox gözəl əsas olduğunu deyən Prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasında yeni müqavilənin yaxın zamanlarda imzalanacağını əminliyini bildirib.

Dövlət başçısı Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyinin dəyişməz qalacağına ümidvar olduğunu ifadə edib.

Prezident İlham Əliyevin ifadə etdiyi fikirlərə görə minnətdarlığını bildirən Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas uzun illər təhlükəsizlik siyasəti ilə məşğul olduğunu vurğulayaraq, bu sahədə əldə etdiyi bilik və təcrübəsindən Azərbaycanın ərazi bütövlüyü kimi çox mühüm məsələnin həllində də istifadə edəcəyini deyib. Prezident İlham Əliyevin Brüsselə səfərinə və tərəfdaşlıq əlaqələrini özündə əks etdirən sənədə toxunan səfir bunun əhəmiyyətini vurğulayıb və müqavilə ilə bağlı Brüsseldə fəal iş aparıldığın deyib.


***10:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasın etimadnaməsini qəbul edib.

Unikal.org xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.