Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam Sosialist Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Fam Binh Minhlə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, nazirlər Azərbaycanla Vyetnam Sosialist Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə dair hər iki dövlətin başçıları tərəfindən ünvanlanmış təbrik məktublarını təqdim ediblər.
E.Məmmədyarov Azərbaycan və Vyetnam arasında ikitərəfli münasibətlər dərin tarixi köklərə malik olduğunu bildirərək, bu xüsusda, 1959-cu ildə Vyetnam Sosialist Respublikasının sabiq Prezidenti Ho Şi Minin Azərbaycana səfəri, həmçinin 1983-cü ildə Azərbaycan Respublikasının Ümumilli lideri Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini qismində Vyetnama səfərini xüsusi qeyd edib.
Eyni zamanda, XİN başçısı ikitərəfli münasibətlərin dərinləşdirilməsi və irəlilədilməsində 2014-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, 2015-ci ildə isə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq Azərbaycana səfərlərinin əhəmiyyətli rolu olduğunu vurğuladı. Bu qarşılıqlı səfərlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafı və siyasi dialoqun intensivləşməsinə təkan verdiyini əlavə edib.
E.Məmmədyarov Azərbaycan və Vyetnam arasında iqtisadi və ticarət əlaqələrin genişləndirilməsi üçün çoxsaylı imkanlar olduğunu və bu kimi imkanların üzə çıxarılması və yeni əməkdaşlıq sahələrinin araşdırılması məqsədilə qarşılıqlı biznes forumların keçirilməsinin faydalı olduğunu qeyd edib. Həmçinin, bu xüsusda, 2015-ci ildə yaradılan Vyetnam Sosialist Respublikası və Azərbaycan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın rolunu xüsusi vurğuladı və Komissiyanın həmsədri Tran Tuan Anhla görüşü barəsində həmkarını məlumatlandırıb.
Şimal-Cənub nəqliyyat dəhlizinin imkanları barədə həmkarına məlumat verən nazir E.Məmmədyarov Avropaya ixracın artırılmasında maraqlı olan Vyetnamın da bu layihədən faydalana biləcəyini və nəticə etibarilə, Vyetnamdan Avropaya olan nəqliyyat marşrutunun qısalacağını diqqətə çatdırıb.
Daha sonra nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesi barəsində məlumat verərək, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyini və Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğunun münaqişənin həllinə əsas maneə olduğunu vurğulayıb.
Nazir Fam Binh Minh rəsmi səfərlərin iki dövlət arasında yüksək səviyyəli əməkdaşlığın formalaşmasında əhəmiyyətli rol oynadığını deyib. Uğurlu siyasi dialoqun iqtisadi sahədə də davam etdirilməsinin vacibliyini vurğulayaraq, ticarət dövriyyəsinin artırılması üçün potensial olduğunu bildirib. Həmçinin, Azərbaycanın uğurlu enerji siyasətindən bəhrələnərək, bu sahədə əməkdaşlığın intensivləşdirilməsini təklif edib.
Vyetnamlı nazir nəqliyyat-logistika sahəsində əməkdaşlığı iki ölkənin əlaqələrinin inkişafında yeni səhifə ola biləcəyini deyib.
Nazir Fam Binh Minh 2015-ci ildə imzalanan "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında kənd təsərrüfatı və kəndin inkişafı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumun kənd təsərrüfatı sahəsində qarşılıqlı faydalı əməkdaşlığın artırılması üçün münbit hüquqi baza yaratdığını və çoxsaylı imkanlar açdığını bildirib.
Fam Binh Minh təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsinə toxunaraq, Vyetnamın neft sahəsində Azərbaycanda təhsil almış mütəxəssislərin çalışdığını xatırladıb, eləcə də Vyetnamın Veso Petrol şirkətinin yaradılmasında azərbaycanlı neftçilərin xüsusi rol oynadığını bildirib.
Görüşdə nazirlər iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və müqavilə-hüquq bazasının genişləndirilməsi məsələlərini də müzakirə ediblər.
Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.
Səfərdə Azərbaycan nümayəndə heyətinin tərkibində Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının üzvü Rauf Əliyev də iştirak edir.