Bu gün Bakı Apellyasiya Məhkəməsində AXCP sədrinin köməkçisi, "Azadlıq qəzetinin maliyyə direktoru Faiq Əmirli barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Unikal.org report-a istinadən xəbər verir ki, prosesdə qərar elan olunub.
Qərara əsasən, F.Əmirli azadlığa buraxılıb.
Qeyd edək ki, F.Əmirli ötən il avqustun 20-də saxlanılıb. Saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 283.1-ci (Milli, irqi,sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi üzrə ittiham irəli sürülüb. Onun barəsində şübhəli şəxs qismində 48 saatlıq saxlanılma qərarı verilib.
Daha sonra F.Əmirliyə qarşı Cinayət Məcəlləsinin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Onun avtomobilindən Fətullah terror təşkilatının (FETÖ) lideri Fətullah Gülənə aid kitablar tapılıb.
Səbail Rayon Məhkəməsinin hökmü ilə F.Əmirli 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Ona qarşı Vergilər Nazirliyinin mülki iddiası təmin olunub, dövlətə 39 min manat ödəməli olduğu hökmdə qeyd olunub.