Xarici işlər naziri Elmar Məmmədyarov Laos Xalq Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Bounhanq Voraçit ilə görüşüb.
XİN-dən unikal.org-a verilən məlumata görə, Bounhanq Voraçit iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üçün xarici işlər nazirləri səviyyəsində qarşılıqlı rəsmi səfərlərin mühüm əhəmiyyətə malik olduğunu bildirib.
Azərbaycan və Laos arasında ənənəvi dostluğa toxunan Bounhanq Voraçit çoxsaylı Laos tələbələrinin müxtəlif sahələr üzrə Azərbaycanda ali təhsil aldıqlarını qeyd edərək, laoslu mütəxəssislərin yetişdirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edib, bu əsnada qurulmuş əlaqələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Elmar Məmmədyarov bu ilin iyununda laoslu həmkarının Azərbaycana ilk rəsmi səfərini xatırladaraq, Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılması və ikitərəfli müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin əhəmiyyətinə toxunub. Bu xüsusda, Elmar Məmmədyarov laoslu həmkarı Salimsay Kommasit Azərbaycanda rəsmi səfərdə olarkən "Laos Xalq Demokratik Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad olunması haqqında Saziş in imzalandığını, bu səfərdə isə iki ölkənin Xarici İşlər Nazirlikləri arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandumun imzalanacağını diqqətə çatdırıb.
Təhsil sahəsində əməkdaşlığın əhəmiyyətinə toxunan nazir Azərbaycanın bu sahədə əməkdaşlığı davam etdirməyə hazır olduğunu qeyd edərək, ölkəmizin ali təhsil müəssisələri, o cümlədən ADA Universitetinin artan imkanları barədə məlumat verib.
Elmar Məmmədyarov Azərbaycanın inkişafı və əldə etdiyi nailiyyətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verərək Şimal-Cənub nəqliyyat dəhlizinin perspektiv imkanları barədə danışıb, Laosun da öz məhsullarının ixracı üçün bu dəhlizdən istifadə edə biləcəyini diqqətə çatdırıb.
Görüşdə kənd təsərrüfatı, enerji, turizm sahəsində əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğu və bu istiqamətdə birgə səylərin davam etdirilməsinin zəruriliyi də qeyd edilib.