Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 15-də Yaponiyanın xarici işlər nazirinin parlamentari müavini Manabu Hori ilə görüşüb.
Unikal.org xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Yaponiyanın xarici işlər nazirinin parlamentari müavini Manabu Horinin rəhbərlik etdiyi nümayəndə heyətini salamlayaraq, onların sentyabrın 14-də Bakıda "Azəri, "Çıraq və "Günəşli yataqlarının işlənilməsi üzrə yeni Sazişin imzalanmasında iştirakını məmnunluqla qeyd etdi. Bu il Azərbaycanla Yaponiya arasında diplomatik əlaqələrin 25 illiyinin qeyd olunduğunu deyən Mehriban Əliyeva iki ölkə arasında inkişaf edən münasibətlərin dostluğa, qarşılıqlı maraqlara əsaslandığını və bir çox sahələri əhatə etdiyini bildirdi. Diqqətə çatdırdı ki, bu illər ərzində neft sahəsində əməkdaşlıq üzrə yaxşı təcrübə toplanıb və qeyri-neft sektorunda da əməkdaşlıq üçün böyük potensial var.
Yaponiyanın innovasiyalar və texnologiyaların inkişafı sahəsində dünya lideri olduğunu vurğulan Mehriban Əliyeva dedi ki, bu və digər sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində münasibətləri inkişaf etdirmək üçün yaxşı imkanlar mövcuddur. Müxtəlif xalqların bir-birini daha yaxından tanıması üçün Azərbaycan humanitar sahənin inkişafına önəm verir və bu baxımdan təhsil sahəsində əməkdaşlığın qurulması xüsusi əhəmiyyət kəsb edir. Alimlərimizin, müəllimlərimizin birgə layihələri xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq.
Münasibətlərin möhkəmləndirilməsi üçün daha bir vacib sahənin turizm sahəsi olduğunu deyən Birinci vitse-prezident hazırda bu sahənin ölkəmizdə prioritet olduğunu, Azərbaycana gələn turistlərin sayının ilbəil artdığını məmnunluqla vurğuladı. Bildirdi ki, sadələşdirilmiş viza rejimi bu sahənin inkişafına təkan verir. Yaponiya xalqının səyahət etməyi sevən xalq olduğunu qeyd edən Mehriban Əliyeva ümidvar olduğunu bildirdi ki, daha çox Yaponiya vətəndaşı səfər etmək üçün Azərbaycanı seçəcək. Birinci vitse-prezident ölkəmizdə Yaponiya ilə qurulan dostluq əlaqələrinin yüksək qiymətləndirildiyini və münasibətlərin gələcək inkişafı üçün böyük potensialın olduğunu vurğuladı.
Yaponiyanın xarici işlər nazirinin parlamentari müavini Manabu Hori Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyinatı münasibətilə Mehriban Əliyevaya təbriklərini çatdırdı. İki ölkə arasında diplomatik əlaqələrin qurulduğu 25 il ərzində Yaponiya və Azərbaycanın uğurlu əməkdaşlıq etdiklərini vurğulayan qonaq ölkəsinin Azərbaycanla münasibətlərin genişləndirilməsində maraqlı olduğunu söylədi.
Manabu Hori Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri, "Çıraq yataqlarının və "Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimində iştirakından məmnunluğunu bildirdi və mərasimin uğurlu keçdiyini qeyd etdi.