"26 Bakı Komissarı Azərbaycan tarixində mühüm rol oynamış tarixi şəxsiyyətlərdir. Kimliyindən asılı olmayaraq bu inqilabçı dəstə tarixi şəxsiyyətlərdən ibarət olub və onları təhqir etmək olmaz.
Unikal.org xəbər verir ki, bu fikirləri "Ölkə.Az-a açıqlamasında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin (AKP MK) sədri Rauf Qurbanov bildirib.
R.Qurbanov deyib ki, 26 Bakı Komissarı təkcə Azərbaycan üçün deyil, beynəlxalq kommunist hərəkatı üçün də tarixi şəxslərdir:
"Bilirsiniz ki, 26 Bakı Komissarının içərisində başçı Stepan Şaumyan olub. Mənim bu fikirlərim elə çıxmasın ki, mən Stepan Şaumyanı müdafiə edirəm. Mən sadəcə olaraq Azərbaycan tarixini müdafiə edirəm. 26 Bakı Komissarına Azərbaycan tarixindən silib atmaq mümkün deyil. Çünki onların abidəsi 70 ildən çox Bakı şəhərinin mərkəzində yerləşib və insanlarımız onlara tarixi şəxsiyyətlər, xilaskar kimi baxıblar. Azərbaycan xalqı onların məzarlarına gedib gül dəstələri qoyublar. İndi 26 Bakı Komissarını birdən-birə necə tarixdən silmək olar? Bu gün keçmiş kommunist ölkələrində onlarla bağlı abidələr hələ də qalır. Ancaq Azərbaycanda onları təhqir edirlər. Ən çox da Müsavat partiyası bu cür hərəkətlərə yol verir. Azərbaycan demokratik, tolerant ölkədir. Bu cür hallara yol vermək doğru deyil. Mən Azərbaycanda olan bütün siyasi qüvvələrin mövqeyinə hörmət edirəm. Eyni zamanda Azərbaycanın bütün siyasi elitasını da bizə qarşı eyni cür yanaşmağa dəvət edirəm.
R.Qurbanov qeyd edib ki, Azərbaycan üçün Kommunist partiyasının xidmətləri Müsavat partiyasından daha çox olub:
"Hesab edirəm ki, indiki Azərbaycanın iqtisadi və elmi-texniki potensialı əsasən Kommunist partiyasının hakimiyyəti dövründə formalaşıb. Təbii ki, birmənalı olaraq Azərbaycan dövlətçiliyi qarşısında Kommunist partiyasının xidmətləri Müsavatdan daha böyükdür. Azərbaycan üçün Müsavat və Kommunist partiyası nə qədər xidmət göstərib, buna tarix qiymət verəcək. Burada birmənalı şəkildə mənim qiymət verməyim o qədər də doğru olmaz.