Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Pakistan İslam Respublikasının xarici işlər naziri Kavaca Asiflə görüşdü.
XİN-nin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Elmar Məmmədyarov Pakistanın Azərbaycanın dövlət müstəqilliyinin bərpasını tanıyan ilk dövlətlərdən olduğunu və bu ilin diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü ilə əlamətdar olduğunu xatırladaraq, iki dövlət arasında əməkdaşlığın ikitərəfli və çoxtərəfli müstəvidə yüksək səviyyədə inkişafından məmnunluq ifadə etdi. Dostluq və qardaşlıq xarakterli münasibətlərin irəlilədilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rol oynadığını dedi və bu xüsusda, Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 2017-ci ilin fevral ayında Pakistana səfərini xüsusi qeyd etdi.
Nazir K.Asif Pakistanın dost ölkə olam Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verdiyini dedi.
Görüşdə Azərbaycan və Pakistan arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyi vurğulandı, energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, Ermənistanın işğal olunmuş ərazilərdə Azərbaycan xalqının maddi-mədəni irsini, İslam dininə aid ibadət ocaqlarını vəhşicəsinə talan və məhv etdiyini, qoşunların təmas xətti boyunca mülki insanları, o cümlədən uşaq və qadınları qəsdən hədəfə aldığını diqqətə çatdırdı.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərlə yanaşı, BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyində duran məsələlər barəsində fikir mübadiləsi apardılar.