Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Kür çayından Neftçala magistral kanalı vasitəsilə Neftçala rayonunun əkin sahələrinə suvarma suyunun verilməsi mərasimində iştirak edib.
Unikal.org xəbər verir ki, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verib.
Bildirildi ki, 2004-2008-ci illər üzrə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına daxil edilən "Neftçala rayonu üzrə pambıqçılığın və taxılçılığın inkişaf etdirilməsi tədbirinin icrasını təmin etmək məqsədilə "Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən "Neftçala magistral kanalının nasos stansiyası ilə birlikdə tikintisi layihəsinin icrasına 2006-cı ildə başlanılıb. İşçi layihədə rayonun 13 min 400 hektar əkin sahəsinin su təminatını yaxşılaşdırmaq üçün Kür çayı üzərində saniyədə 14,4 kubmetr suyun verilməsi üçün 6 və 2 aqreqatlı 2 üzən nasos stansiyası, uzunluğu 7020 metr və diametri 1220 millimetr olan dördxətli təzyiqli metal boru kəməri, təzyiqli hovuz və uzunluğu 24 min 900 kilometr olan dəmir-beton üzlüklü kanalın qurğularla birlikdə tikintisi nəzərdə tutulub. Neftçala rayonunda iri kənd təsərrüfatı müəssisələrinin və aqroparkların yaradılması ilə əlaqədar 5805 hektar azməhsuldar qış otlaq, eləcə də 1000 hektar dəmyə torpaq sahələrinə suvarma suyunun çatdırılması layihəyə daxil edilib. Bu halda layihə zonasına daxil olan torpaq sahəsi 20 min 205 hektar təşkil edir. Ayrılan vəsait hesabına Kür çayında 6 aqreqatlı üzən nasos stansiyası, onun elektrik təchizatı məqsədilə 29,1 kilometr uzunluğunda 35 kV-luq elektrik hava xətti, hərəsi 6300 KVA gücündə olmaqla 2 transformator yarımstansiyası quraşdırılıb. Nasos stansiyaları quraşdırılan ərazidə Kür çayının sahilinin mühafizəsi məqsədilə uzunluğu 204 metr olan ikicərgəli yığma dəmir-beton və monolit dəmir-beton konstruksiyalı svaylarla bərkidilmə işləri yerinə yetirilib. Eyni zamanda, Kür çayından suyun Neftçala kanalına verilməsi üçün nəzərdə tutulmuş dördxətli metal boru kəmərinin ümumi uzunluğu 3550 metr olan iki xəttinin, onların Salyan-Neftçala dəmir yolu və Baş Mil-Muğan Kollektoru ilə kəsişmələrindəki qurğularının və sonundakı təzyiqli hovuzun, Neftçala magistral kanalının 13 min 490 metrlik hissəsinin dəmir-beton üzlükdə tikintisi tamamlanıb. Görülən işlər nəticəsində cari ildə rayonun ümumilikdə 7772 hektar, o cümlədən yığcam yerləşən 5805 hektar qış otlaq sahəsi və 1000 hektar dövlət, bələdiyyə və xüsusi mülkiyyətə məxsus yeni suvarılacaq torpaq sahəsi su mənbəyi ilə təmin edilib, eləcə də 967 hektar mövcud əkin sahələrinin su təminatı yaxşılaşdırılıb ki, bu da həmin ərazilərdə pambıqçılığın, taxılçılığın və digər kənd təsərrüfatı məhsullarının inkişafına geniş imkanlar yaradıb. Növbəti mərhələdə layihəyə uyğun Kür çayında iki aqreqatlı üzən ikinci nasos stansiyasının və təzyiqli boru kəmərinin qalan iki xəttinin, 11400 poqonmetr uzunluğunda Neftçala magistral kanalının dəmir-beton üzlükdə tikintisinin və digər işlərin başa çatdırılması ilə Neftçala rayonunun daha 12433 hektar əkin sahələrinin su təchizatının yaxşılaşdırılması təmin ediləcək.
Prezident İlham Əliyev əkin sahələrinə suvarma suyunun verilməsini bildirən düyməni basdı.
Sonda xatirə şəkli çəkdirildi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Neftçala rayonu ərazisində fermer Əlihüseyn Hacıyevin pambıq sahəsi ilə tanış olub.
Unikal.org xəbər verir ki, dövlət başçısı pambıqçılarla söhbət edib.
Sonda xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev bu gün Neftçala Mərkəzi Rayon Xəstəxanasında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.
Unikal.org prezidentin saytına istinadən xəbər verir ki, səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına Mərkəzi Rayon Xəstəxanasında aparılan yenidənqurma işləri barədə məlumat verib. Bildirilib ki, xəstəxananın binası 1989-cü ildə inşa olunub. Ümumi ərazisi 5 hektar olan Mərkəzi Rayon Xəstəxanasının yenidənqurma işlərinə 2013-cü ildə başlanılıb və 2017-ci ildə başa çatdırılıb. Xəstəxanadakı 11 şöbədə müxtəlif xəstəliklərin müayinəsi və müalicəsi mümkün olacaq. Cərrahiyə, travmatologiya, terapiya, doğum, qadın məsləhətxanası, pediatriya, intensiv terapiya, infeksion xəstəliklər, anesteziologiya, reanimatologiya, hemodializ, şüa-diaqnostika, fizioterapiya, qəbul şöbələri, poliklinika, təcili tibbi yardım stansiyası tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib. Xəstəxananın bütün infrastrukturu tamamilə yenilənib. Burada 620 tibb işçisi çalışacaq. Onların 82-si həkim, 249-u orta tibb işçisidir. Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra İlham Əliyev əhaliyə tibbi xidmətin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Prezident İlham Əliyev Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin Neftçala Mərkəzi Rayon Xəstəxanasındakı Mobil Diaqnostika Kompleksi ilə də tanış olub.
***
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Neftçala Sənaye Məhəlləsinin açılışında iştirak edib.
Unikal.org-un məlumatına görə, iqtisadiyyat naziri Şahin Mustafayev görülən işlərlə bağlı dövlət başçısına ətraflı məlumat verib.
Bildirilib ki, sənaye məhəlləsində yüksək standartlara cavab verən 7 istehsal sahəsi, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib. Hazırda Neftçala Sənaye Məhəlləsində 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Sənaye Məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılmasına 45,3 milyon manat investisiya yatırılıb. Bununla belə, iş adamlarının sənaye məhəlləsinə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir və tələbata uyğun olaraq məhəllənin ərazisi genişləndiriləcək. Sənaye Məhəlləsində ümumilikdə 474 daimi iş yeri yaradılıb.
Prezident İlham Əliyev Sənaye Məhəlləsinin rəmzi açılışını bildirən lenti kəsib. Dövlət başçısı Neftçala Sənaye Məhəlləsində istehsal korpusları və burada fəaliyyət göstərən müəssisələrlə yaxından tanış olub. Bildirilib ki, məhəllədəki ən böyük müəssisələrdən biri "Azərmaş ASC - "İran Khodro birgə avtomobil zavodudur. Azərbaycan-İran birgə müəssisəsinin illik istehsal gücü 10 min avtomobildir. Müəssisədə "İran Khodro şirkəti 25 faizlik paya malikdir. Müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında qurulacaq zavodda "Runna, "Samand, "Soren, "Dena, "Peugeot-206, "Peugeot-207, "Renault-Tondar, "Renault-Pickup kimi avtomobil modelləri istehsal ediləcək. Qeyd edək ki, artıq bu model avtomobillərdən yerli bazarda 4 min ədəd satılıb. İldə 2 min avtomobilin ixracı planlaşdırılır. Ümumi investisiya dəyəri 24 milyon manat olan müəssisəyə verilən İnvestisiya Təşviqi Sənədi hesabına təqribən 2 milyon manata qənaət edilib. Müəssisədə 300 nəfər işlə təmin ediləcək. Neftçala Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun qurulması köməkçi istehsal və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradır. Zavodun 2017-ci ilin dekabrında istifadəyə verilməsi planlaşdırılır.
Prezident İlham Əliyev Neftçala balıq yemi istehsalı müəssisəsinin fəaliyyəti ilə də tanış olub. İllik istehsal gücü 25 min ton olan müəssisədə balıq yemi ilə yanaşı, gələcəkdə mal-qara üçün və digər növ yemlərin istehsalı da nəzərdə tutulur. Müəssisənin yaradılmasına 12 milyon manat investisiya yönəldilib. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına müəssisəyə 5,9 milyon manat məbləğində güzəştli kredit ayrılıb. Bundan başqa, müəssisəyə İnvestisiya Təşviqi Sənədi verilib ki, bu, sahibkara 1,2 milyon manat vəsaitə qənaət etmək imkanı yaradır. Müəssisədə 26 nəfər işlə təmin ediləcək.
Dövlət başçısı müəssisəni işə salıb.
İyirmi ildir fəaliyyət göstərən "Metak MMC də Neftçala Sənaye Məhəlləsində öz müəssisəsini yaradıb. Müəssisədə plastik məmulatlar, o cümlədən kənd təsərrüfatı təyinatlı taralar istehsal ediləcək. İllik istehsal gücü 2 milyon tara olan müəssisəyə 1,35 milyon manat investisiya qoyulub. Müəssisəyə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 600 min manat güzəştli kredit verilib. "Metak MMC-yə, həmçinin İnvestisiya Təşviqi Sənədi də təqdim edilib ki, bu, müəssisənin təqribən 35 min manata qənaət etməsinə imkan verir. Müəssisənin məhsulları daxili bazarda, xüsusilə kənd təsərrüfatında qablaşdırmaya olan tələbatın ödənilməsində əhəmiyyətli rol oynayacaq. Qeyd edək ki, ümumiyyətlə "Metak şirkətinin bütün məhsulları Azərbaycanda istehsal olunur.
Dövlətimizin başçısı müəssisəni işə salıb.
Prezident İlham Əliyev Sənaye Məhəlləsinin digər bir müəssisəsi - "Gilan PİVOT MMC-nin fəaliyyəti ilə də tanış olub. Müəssisədə müasir texnologiyalar əsasında dairəvi suvarma sistemləri istehsal ediləcək. Ümumi investisiya dəyəri 1 milyon manat olan müəssisənin illik istehsal gücü 60-80 suvarma sistemidir. Müəssisədə 15 nəfərin işlə təmin olunması planlaşdırılır. Müəssisə 2017-ci ilin noyabrında fəaliyyətə başlayacaq.
Dövlət başçısı Neftçala Sənaye Məhəlləsində kiçik sahibkarlar üçün yaradılan emalatxana ilə də tanış olub. Bu emalatxanada müxtəlif məmulatlar hazırlanacaq. Burada kiçik sahibkarlar üçün hər cür şərait yaradılıb və 10 nəfər daimi işlə təmin olunacaq.
Prezident İlham Əliyev "Toğrul-2008 MMC-nin müəssisəsində də olub. Bildirilib ki, müəssisədə polietilen suvarma boruları istehsal edilir. 100 min manat investisiya hesabına yaradılan müəssisənin illik istehsal gücü 360 tondur. Hazır məhsul ətraf rayonlarda fermerlərin bu sahədə ehtiyaclarının ödənilməsinə yönəldilir.
"Providence Limited MMC də Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərəcək. Modul tipli məktəb binalarının quraşdırılması ilə məşğul olan müəssisəyə 80 min manat investisiya yönəldilib. Hazırda müəssisədə 15 nəfər çalışır. Qeyd edək ki, modul tipli məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin digər üstünlüyü budur ki, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesi dayandırılmır və bu məqsədlə müvəqqəti olaraq səyyar məktəb quraşdırılır. Qeyd edək ki, ilin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə tutulur. Modul tipli məktəblər Balakən, Sabirabad, Şəki, Quba, Qusar, Neftçala, Kürdəmir, Ağdaş, İsmayıllı, Tovuz, Göygöl, Tərtər ,Göyçay, Qəbələ, Oğuz və digər rayonlarda inşa olunub.
Neftçala Sənaye Məhəlləsinin daha bir iştirakçısı "Azproduct MMC-dir. Müasir texnologiyaların tətbiq edildiyi müəssisə balıq emalı və konservləşdirilməsi sahəsində fəaliyyət göstərəcək. İstehsal sahəsində ildə 7 milyon şərti banka konserv və 500 ton soyudulmuş təzə balıq istehsalı nəzərdə tutulur. 2017-ci ilin oktyabrında istifadəyə veriləcək müəssisəyə 1,7 milyon manat investisiya qoyulub. Əlavə dövlət dəstəyi olaraq müəssisəyə İnvestisiya Təşviqi Sənədi təqdim edilib. Bu, müəssisənin təqribən 290 min manata qənaət etməsinə imkan verib. İstehsal sahəsində 40 nəfər işlə təmin ediləcək.
Artıq "Azproduct MMC ilə "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı ASC arasında balıq konservlərinin satışına dair 2,2 milyon manat dəyərində müqavilə də imzalanıb.
Dövlət başçısı "Sun Rise Production MMC-nin Sənaye Məhəlləsində yaratdığı müəssisə ilə də tanış oldu. Müəssisədə kağız stəkanlar və hazır içkilər istehsal olunacaq. İstehsal sahəsinin yaradılmasına 619 min manat investisiya yönəldilib. Bundan başqa, müəssisəyə İnvestisiya Təşviqi Sənədi verilib ki, bu, təqribən 84 min manata qənaət etməyə imkan yaradır.
Daha sonra prezident İlham Əliyev Sənaye Məhəlləsinin inzibati binasında olub. Bina toplantı və təlimlərin keçirilməsi üçün iclas otağından, müasir ofis sahələrindən, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və sənaye məhəlləsinin idarəedici təşkilatının istifadəsi üçün nəzərdə tutulan sahələrdən ibarətdir. Burada sahibkarlara ümumi mühasibatlıq, hüquqi məsləhətlər, sığorta, poçt, texniki kitabxana, "Startuplar üçün ofis, yeməkxana və tibbi xidmətlər göstərilir. Sahibkarların fəaliyyətinə dəstək üçün Neftçala Sənaye Məhəlləsinin bütün ərazisi pulsuz internetlə təmin olunub.
Prezident İlham Əliyev Neftçala Sənaye Məhəlləsi ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.
***
Prezident İlham Əliyev İlham Əliyev Neftçala rayonuna səfər edib.
Unikal.org dövlət başçısının saytına istinadən xəbər verir ki, prezident əvvəlcə ümummilli lider Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə prezident İlham Əliyevə məlumat verib.