"Azərbaycanda sənayeləşmə siyasəti uğurla aparılır. Biz bu zonaların yaradılması ilə iş adamlarına dövlət tərəfindən növbəti dəstək göstəririk. Bu zonanın yaradılması bizim təşəbbüsümüz olub. Azərbaycan dövləti bu təşəbbüslə çıxış edib və dövlət tərəfindən bu zonanın yaradılmasına 20 milyon manatdan çox vəsait ayrılıb. Bütün infrastruktur məsələləri həll olunub, modullar inşa edilib və özəl sektora burada fəaliyyətə başlamaq üçün kreditlər verilib. Özəl sektor da kreditlər hesabına və öz vəsaiti hesabına 45 milyon manat sərmayə qoyub".
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Neftçala Sənaye Məhəlləsinin açılışında iştirakı zamanı deyib.
"Yəni, burada dövlət-özəl sektor tərəfdaşlığı özünü göstərir. Çünki əgər biz bu təşəbbüslə çıxış etməsəydik, onu irəli sürməsəydik, bax, bu zona da heç vaxt yaranmazdı. İndi bu zona var və o, böyüyəcək. Bildiyimə görə, rayon sahibkarları tərəfindən maraq çox böyükdür. Burada istehsal olunan və olunacaq mallar idxalı əvəzləmək üçün bizə kömək göstərəcək. Çünki indi bizim əsas məqsədimiz yerli istehsalı daha da gücləndirmək, idxaldan asılılığı azaltmaqdır", - deyə prezident qeyd edib.
O bildirib ki, bu zonanın ən böyük müəssisəsi avtomobil zavodudur:
"Bu zavodun fəaliyyəti nəticəsində biz avtomobil idxalından asılılığı müəyyən dərəcədə aradan götürəcəyik və eyni zamanda, ixrac üçün də imkanlar yaranacaq. Bu zavodun yaradılması İran-Azərbaycan tərəfdaşlığının təzahürüdür və çox şadam ki, Azərbaycanda, Neftçalada belə gözəl müəssisə yaradılıb. Mənə verilən məlumata görə, bütövlükdə Neftçala Sənaye Məhəlləsində 500-ə yaxın insan işlə təmin olunacaq. Bu, işsizliyin aradan qaldırılması istiqamətində növbəti addım sayıla bilər. Bilirsiniz ki, bu göstəriciyə görə Azərbaycan dünya miqyasında qabaqcıl ölkələr sırasındadır, Azərbaycanda işsizlik çox aşağı səviyyədədir. Ancaq biz daim yeni iş yerlərinin yaradılması ilə məşğul olmalıyıq. Çünki Azərbaycanda əhali artır. Hər il əhalinin sayı ən azı 100 min nəfər artır. Əlbəttə, iş yerlərinin yaradılması daimi proses olmalıdır. Elə iş yerləri yaradılmalıdır ki, onlar həm sənayenin, həm kənd təsərrüfatının inkişafına xidmət göstərsin və bu iş yerlərinin yaradılması nəticəsində istehsal olunan məhsullar idxalı da əvəzləsin. Biz Neftçala Sənaye Məhəlləsində bunu görürük. Burada demək olar ki, təqdim edilən bütün müəssisələr idxalı azaldacaq, əvəzləyəcək, yerli məhsul daxili və xarici bazarlara çıxarılacaq".
İlham Əliyevin sözlərinə görə, bu Sənaye Məhəlləsinin çox böyük mənası var:
"Bu, onu göstərir ki, biz düzgün yoldayıq və qəbul edilmiş qərarlar vaxtında, yüksək səviyyədə icra olunur. Biz bu məhəlləni cəmi iki il ərzində yarada bilmişik. Bu, deməyə əsas verir ki, hər bir rayonda belə sənaye məhəllələri yaradıla bilər. Əslində bu məsələ ilə bağlı müvafiq göstəriş artıq verilmişdir və əminəm ki, tezliklə bütün rayonlarda sənaye zonaları yaradılacaq.
Gələn ilin İnvestisiya Proqramında dövlət investisiya xərcləri sırasında mütləq yeni bölgələrdə sənaye zonalarının yaradılması nəzərdə tutulmalıdır. Müvafiq göstəriş verilib və bölgələrdə yaşayan, fəaliyyət göstərən sahibkarlar, iş adamları da əlbəttə ki, bu zonaların yaradılmasında fəal iştirak etməlidirlər. Çünki burada, yəni, istehsal sahəsinə yatırılan sərmayə özəl sektor tərəfindən qoyulur. Əlbəttə, qeyd etdiyim kimi, dövlət də daim öz dəstəyini göstərəcək. Dövlət bu ərazini seçib, burada infrastruktur layihələrini icra edib, modul konstruksiyaları inşa edib, sahibkarları səfərbər edib, güzəştli şərtlərlə kreditlər verib ki, onlar yaxşı iş görsünlər.
Beləliklə, mən sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm. Yenə də qeyd etmək istəyirəm ki, bu zonanın Neftçala rayonunun inkişafına böyük dəstəyi olacaq. Rayonun inkişafı bundan sonra da uğurla getməlidir. Neftçala rayonunda bir çox önəmli layihələr icra edilibdir - sosial layihələr, iqtisadi layihələr, infrastruktur layihələri. Bu gün əsaslı təmirdən sonra Mərkəzi Rayon Xəstəxanasının açılış mərasimində iştirak edəcəyəm. Bu böyük xəstəxana indi ən yüksək standartlara cavab verir. Neftçala rayonunda yol layihələri uğurla icra edilir, 11 kəndi birləşdirən bir yol layihəsi istismara verilibdir və digər layihə tezliklə icra ediləcək. O layihənin icrası nəticəsində 20-dən çox kənd artıq bir-biri ilə gözəl yolla bağlanacaq və beləliklə, Neftçala rayonunun əksər kəndlərinin yol problemi öz həllini tapacaq.
Suvarma ilə bağlı böyük işlər görülür. Biz yeni əkin sahələrini dövriyyəyə buraxırıq. Meliorasiya işləri sürətlə gedir. Bu gün biz Neftçala magistral su kanalının və nasos stansiyasının birinci mərhələsinin istismara verilməsini qeyd edəcəyik. Beləliklə, kənd təsərrüfatının inkişafına da böyük təkan veriləcək. Bir sözlə, biz rayonun inkişafına kompleks şəkildə yanaşırıq, kənd təsərrüfatı əlbəttə ki, əsas sahədir və indi Neftçala ölkəmizin sənaye mərkəzlərinin birinə çevrilir. Mən sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm, sizə yeni uğurlar arzulayıram".