Azərbaycan prezidenti İlham Əliyev Belarus Respublikasının Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zası qəbul edib.
Unikal.org-un məlumatəna görə, dövlət başçısı Azərbaycan ilə Belarus arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə - təhlükəsizlik, iqtisadiyyat, energetika, ticarət, hərbi-texniki əməkdaşlıq və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.
Yüksək səviyyəli qarşılıqlı səfərlərin, ölkələrimizin həyata keçirdiyi xeyli sayda birgə layihələrin ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi baxımından önəmini qeyd edən prezident İlham Əliyev Azərbaycanın əlaqələrimizin daha da genişləndirilməsində maraqlı olduğunu deyib, eyni zamanda, Azərbaycan ilə Belarusun beynəlxalq təşkilatlarda da bir-birini dəstəklədiyini vurğulayıb.
Təhlükəsizlik sahəsinə toxunan prezident İlham Əliyev qeyd edib ki, bununla bağlı müzakirə olunası və birgə fəaliyyət göstəriləsi bir çox məsələlər var. Dövlət başçısı bildirib ki, dünyada təhdidlər artır və təhlükəsizlik məsələləri dövlətlər üçün prioritet sahəyə çevrilir. Prezident İlham Əliyev bu istiqamətdə də ölkələrimiz arasında yaxşı təmasların mövcud olduğunu və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib.
Dövlət katibi Stanislav Zas isə bildirib ki, Belarus tərəfi Azərbaycan prezidentinin ölkələrimiz və xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi işinə göstərdiyi diqqəti yüksək qiymətləndirir və Belarus prezidenti bununla bağlı öz minnətdarlığını çatdırır. S. Zas ikitərəfli münasibətlərimizin bütün sahələrdə uğurla inkişaf etdiyini deyib. O, görülən işlərin nəticəsi olaraq Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsinin 10 faiz artdığını vurğulayıb. Belaruslu qonaq qeyd edib ki, ölkəsində Azərbaycan prezidentinin səfərini səbirsizliklə gözləyirlər.
10:18
Prezident İlham Əliyev sentyabrın 27-də Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zası qəbul edib.
Unikal.org-un xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.