Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Sumqayıtda silahlı şəxslərin vətəndaşlara hücum etməsi və asayişi qoruyan polis əməkdaşlarına xəsarət yetirməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.
Unikal.org xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə APA-ya bildirib ki, sosial şəbəkələrdə və bəzi xəbər saytlarında Sumqayıtda silahlı şəxsin vətəndaşlara hücum etməsi və asayişi qoruyan polis əməkdaşlarına xəsarət yetirməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil:
"Əslində dünən saat 18.00 radələrində Sumqayıt şəhəri 32-ci məhəllənin ərazisində şəhər sakinləri, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə, o cümlədən xuliqanlıq, qəsdən sağlamlığa zərərvurma, hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və digər maddələrlə dəfələrlə məhkum olunmuş Səbuhi Xəlilov və Nurlan Əbilov ictimai qaydanı kobud şəkildə pozaraq bir-birinə bıçaqla xəsarət yetiriblər. Həmin vaxt ərazidə xidmət aparan post patrul xidmətinin əməkdaşları onları nizam-intizama dəvət etmək və sakitləşdirmək istəyərkən həmin şəxslər polisə də silahlı müqavimət göstərməyə cəhd ediblər, lakin polis əməkdaşlarının çevikliyi və peşəkarlığı nəticəsində onlar zərərsizləşdirilərək polis bölməsinə aparılıb.
O. Mansurzadə həmçinin qeyd edib ki, keçirilən ekspertiza nəticəsində saxlanılan hər iki şəxsin sərxoş olduğu müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılıb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər Prokurorluğuna göndərilib.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdəSumqayıtda silahlı şəxsinvətəndaşlara və polis əməkdaşlarına hücum etməsini özündə əks etdirən video görüntülər yayılıb.