"O, Azərbaycana gələndən sonra, sanki Azərbaycanı yenidən tapmışdı, çox sevmişdi.
Kaliforniya Universitetinin professoru, dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi Lütfi Zadə sentiyabrın 6-da ABŞ-ın Kaliforniya ştatında 96 yaşında dünyasını dəyişib. Onun cənazəsi ötən gecə Bakıya gətirilib və torpağa tapşırılıb.
AMEA-nın müşaviri, akademik Əli Abbasov görkəmli alimlə bağlı fikirlərini Unikal.org-a bölüşüb.
O bildirib ki, Azərbaycan xalqının görkəmli numayəndəsi AMEA-nın fəxri üzvü professor Lütfi Zadə dünyanın o alimlərinin sırasındandır ki, onlar elmdə irəli sürdüyü nəzəriyyələr və ideyalar tez və asanlıqla qəbul olunmur, bu nəzəriyyə və ideyalar alimlər arasında ziddiyyətli fikirlər yaradır:
"Lütfi Zadənin qeyri-səlis çoxluqlar və məntiq ideyası və sonradan nəzəriyyəyə çevrilmiş işləri bu sıradandır. Bu qəbildən olan alimlər adətən çox əziyyət çəkirlər və çox hallarda sağlıqlarında işlərinin elmi ictimayət tərəfindən qəbul edilməsi onlara təəsüf ki, qismət olmur. Amma bu barədə Lütfi Zadə xöşbəxt alimdir ki, Allah ona uzun ömür qismət etdi və 1965-ci ildən onun təklif etdiyi bu ideya nəinki elmi ictimayyət tərəfindın qəbul olundu və nəzəri və praktitiki cəhətdən qeyri-səlis məntiqin tətbiqi riyaziyyat və informatikanın inkişafında yeni istiqamət acdı.
Qeyd etmək yerinə düşərdi ki, Lütfi Zadənin son on ildə daha çox tanınmasına təkan verən səbəblərdən biri də Azərbaycanla əlaqələrinin yenidən başlanması oldu. 2008-ci ildə BAKUTEL beynəlxalq konfrans və sərgidə onun iştirakı, Azərbaycanın görkəmli elm,təhsil və mədəniyyət xadimləri və rəsmilərlə görüşləri, apardıgı fikir mübadiləsi həm Azərbaycanda həm də ölkəmizin hüdudlarından kənarda geniş işıqlandırıldı. Xususi ilə Lütfi Zadənin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilməsi, onunla geniş fikir mübadiləsi aparması və onun işlərinə cənab Prezident tərəfindən yüksək qiymət verilməsi və onun AMEA-nın fəxri üzv secilməsi Azərbaycandan başqa Rusiya, İran, Türkiyə, ABŞ, Kanada, Almaniya və bir sıra ölkələrin, Lütfi Zadəni tanıyan alimlərin diqqətini xüsusi cəlb etdi. Onun səfəri cərcivəsində Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin sponsorluğu və professor Lütfi Zadənin rəhbərliyi ilə azərbaycan və amerika alimlərinin birgə tədqiqatlarının aparılması ücün əməkdaşlıq proqramı hazırlandı. Proqram çərçivəsində alimlərin birgə tədqiqat işləri, elmi ezamiyyətləri, beynəlxalq seminar və konfranslar kecirilməsi təşkil olundu.
Professor Lütfi Zadənin elmi fəaliyyəti, Azərbaycanla əlaqələri və beynəlxalq elmi birliyin möhkəmlənməsinə verdiyi töhvələrin ən yüksək qiyməti Azərbaycan Respublikasının Prezidenti cənab İ. Əliyevin sərəncamı ilə onun "Dostluq" ordeni ilə təltif edilməsi oldu. San-Fransisko Universitetində Ordenin təltif olunma mərasimində professor L. Zadə Prezident İ. Əliyevə və Azərbaycan xalqına olan bağlılığını və minnətdarlığını xüsusi qeyd etdi.
Ümumiyyətlə, O, Azərbaycana gələndən sonra, sanki Azərbaycanı yenidən tapmışdı, çox sevmişdi, dünyanın hansı ölkəsində olsa, Azərbaycanda gedən inkişafdan, insanlarından, alimlərindən danışar və cənab İ.Əliyevin bu inkişafdakı rolunu xüsusi vurğulayardı.
Elmin beynəlmilliliyindən söz düşəndə həmişə qeyd olunur ki, elmin vətəni yoxdur. L. Zadə haqqında danışanda məhşur fransız alimi Lui Pasterin sözləri daha yerinə düşərdi: Elmin vətəni yoxdur, alimin vətəni var. O, Azərbaycanı çox sevirdi və öz vətəni adlandırırdı. Allah rəhmət eləsin.