Azərbaycanın Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev oktyabrın 1-də vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə Modern.az-a mərhumun yaxınları məlumat veriblər.
Ö.Ağayevin cənazəsi dəfn olunmaq üçün Bakıdan doğulduğu kəndə - Şamaxının Təklə kəndinə aparılıb.
Ömər Ağacahangir oğlu Ağayev 1928-cı ildə Şamaxının Təklə kəndində anadan olub. Əmək fəaliyyətinə 1944-cü ildən başlayıb. 1952-ci ildən Bakı elektrik maşınqayırma zavodunda çalışıb.
1959-cu ildən Sov.İKP üzvü olub. 1960-cı ildən çalışdığı müəssisədə briqada rəhbəri olub. AKP 28 və 29-cu qurultaylarında AKP MK-nın üzvü seçilib.
Sov.İKP 22 və 25-ci qurultaylarının nümayəndəsi olub. 3 yanvar 1974-cü ildə sənayenin inkişafında göstərdiyi xidmətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb, 2 dəfə Lenin ordeni, Oktyabr İnqilabı ordenləri ilə təltif olunub.