Azərbaycan prezidenti İlham Əliyev "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" qanunun tətbiq edilməsi barədə fərman verib.
Unikal.org-un məlumatına görə, xüsusi maliyyələşmə tikinti və infrastruktur obyektlərinin və onlara oxşar obyektlər ilə əlaqədar investisiya layihələrinin "Tik-idarə et-təhvil ver" (TİT) modelinə uyğun maliyyələşməni nəzərdə tutur.
Bu qanun körpülərin, tunellərin, su anbarlarının, sutəmizləmə qurğularının, suvarma, içməli və məişət su sistemlərinin, habelə kanalizasiya sistemlərinin, xəbər və konfrans mərkəzlərinin, habelə təhsil, səhiyyə, mədəniyyət və turizm obyektlərinin, kommersiya məqsədli binaların, topdansatış bazarlarının, fabriklərin və oxşar obyektlərin, idman mərkəzləri, yataqxana, istirahət və əyləncə parklarının, təbiət parklarının, qoruqların, sənaye və texnologiya parklarının, aqroparkların, yüksək texnologiyalara əsaslanan avtomatlaşdırılmış idarəetmə sistemlərinin və informasiya texnologiyaları sahəsində digər sistemlərin, hər hansı növ məhsulun tədarük edilə biləcəyi anbar və digər bu tip obyektlərin, geotermik və tullantı istiliyinə əsaslanan obyektlərin və qızdırıcı sistemlərin, elektrik enerjisi istehsalı, ötürülməsi, paylanması və satışı ilə məşğul olan müəssisələrin, şoselərin, nəqliyyatın sıx olduğu magistral yolların, dəmiryolunun və relsli sistemlərin, avtovağzal komplekslərinin, stansiyaların, funikulyor və qaldırıcı sistemlərin, logistika mərkəzlərinin, yeraltı və yerüstü avtomobil dayanacaqlarının, metro xətlərinin və stansiyalarının, xüsusi iqtisadi zonaların, mülki məqsədlərlə istifadə edilən dəniz və hava limanlarının, yük, sərnişindaşıma və yaxta limanlarından ibarət komplekslərin TİT modelinə uyğun maliyyələşmə əsasında tikintisinə (inşasına, cari və əsaslı təmirinə, yenidən qurulmasına, bərpasına), idarə edilməsinə və təhvil verilməsinə investisiyanın cəlb olunmasının hüquqi əsaslarını müəyyən edir. Qanuna görə, bu tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin TİT modelinə uyğun həyata keçirən investor həyata keçirdiyi fəaliyyətlə bağlı dövlət rüsumlarından və yığımlardan azaddır.
Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin TİT modeli çərçivəsində investorlar tərəfindən həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlara qoyulan tələblər, bağlanan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsinin qaydaları müvafiq olaraq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İnvestor müqavilə üzrə öhdəlik götürdüyü tikinti və infrastruktur obyektlərinin həmin müqavilədə müəyyən edilmiş müddətdə layihələndirilməsinə, maliyyələşdirilməsinə, tikintisinə və istifadəyə verilməsinə görə məsuliyyət daşıyır. Müqavilədə öhdəliklərin investor tərəfindən həyata keçirilməməsi nəticəsində yaranacaq zərərin ödənilməsi ilə bağlı müddəalar nəzərdə tutulmalıdır. Müqavilədə investorun öhdəlik götürdüyü tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihəsinin müddəti müəyyənləşdirilərkən investisiya xərclərinin ( əldə ediləcək gəlir də daxil olmaqla) və investisiya məqsədi ilə götürülmüş kreditlərin ödənməsi müddəti, eləcə də layihənin xüsusiyyətləri, investisiyanın miqdarı və idarə olunma prinsipləri nəzərə alınmalıdır. TİT modelinə uyğun bağlanan müqavilələrin müddəti 49 ildən artıq ola bilməz. Qanunda xidmət haqqı, təhvil vermə, dövlət ehtiyacları üçün geri alınma, dövlət zəmanəti ilə bağlı qaydalar da öz əksini tapıb.
Fərmana əsasən qanunda göstərilən tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin "TİT" modelinə uyğun həyata keçirilməsini təmin etmək məqsədi ilə investorlarla müqavilə bağlamaq və müqavilə müddəti başa çatdıqdan sonra həmin obyekti təhvil almaq səlahiyyəti olan müvafiq icra hakimiyyəti orqanı qismində İqtisadiyyat Nazirliyi müəyyənləşdirilib.(apa)