"Azərbaycanda bütün azadlıqlar təmin olunur, əhalimizin 70 faizindən çoxu internet istifadəçisidir və dövlət hər bir şəhər və qəsəbəyə genişzolaqlı internetin çəkilməsi sahəsinə sərmayə yatırır - yəni, mətbuat azadlığının tərəfimizdən məhdudlaşdırılmasından söhbət gedə bilməz və bizim belə bir niyyətimiz yoxdur. Əks təqdirdə, biz bütün bu işləri görməzdik"
Unikal.org xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə söyləyib.
Azərbaycan Prezidenti qeyd edib ki, daha bir azadlıq toplaşma azadlığıdır. Bu azadlıq tam təmin olunur, heç bir məhdudiyyət tətbiq edilmir və müxalifət müntəzəm surətdə mitinqlərini keçirir. Həmin mitinqlərdə min nəfərə yaxın insanın iştirakı isə digər bir məsələdir. Bunlar əsasən partiyaların üzvləri və onların qohumlarıdır. Yəni, bu mitinqlər normal, adi vətəndaşları cəlb etmir və burada bizim günahımız yoxdur. Həmin mitinqlər şəhərin mərkəzində, metro stansiyasının yaxınlığında keçirilir, heç bir məhdudiyyət qoyulmur və sonuncu mitinq isə, zənnimcə, bir həftə əvvəl baş tutub. Beləliklə, hər hansı bir azadlığın məhdudlaşdırılması ilə bağlı niyyət və əməldən söhbət gedə bilməz.
"Həbslərə gəldikdə, onlar hər bir ölkədə baş verir. Polis zorakılığına dair deyə bilərəm ki, siz Azərbaycanda onun şahidi ola bilməzsiniz, çünki o, mövcud deyil. Bəzən biz sizin təmsil etdiyiniz ölkələrdə polis zorakılığını görürük. Ancaq heç kəs sizi demokratiyanın olmamasında və zorakılıqda ittiham etmir. Biz itlərin dinc etirazçılara hücum etmələri səhnələrini yaxşı xatırlayırıq. Atlardan və dəyənəklərdən istifadə olunmasını biz televizordan izləyirik. Yəni, bu baxımdan da yanaşma obyektiv və vahid olmalıdır. Azərbaycan etmədiyi əməllərə görə gözdən salınmamalıdır. Eyni zamanda, demokratiyanın rəmzi hesab olunan dövlətlərin hərəkətləri normal qəbul edildiyi halda, biz atdığımız bənzər addımlara görə tənqidə məruz qalmamalıyıq. Ancaq şübhəsiz ki, insan haqları və demokratik inkişafla bağlı məsələlər bizim Avropa Komissiyası ilə sazişimizin tərkib hissəsi olacaq, - deyə dövlətimizin başçısı qeyd edib.