Bakı Slavyan Universitetində (BSU) Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Unikal.org xəbər verir ki, mərasimi giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva universitetin müəllim heyətini əlamətdar gün münasibətilə təbrik edib. O, Bakı Slavyan Universitetinin təhsildə qazandığı uğurların məhz universitetdə çalışan müəllimlərin sayəsində ərsəyə gəldiyini bildirib. O, müəllimi olmayan millətin gələcəyinin omadığını vurğulayıb.
BSU rektoru Azərbaycanın dövlət siyasətində müəllimə daim hörmət və qayğının xüsusi yer tutduğunu nəzərə çatdırıb. O, Ümumilli lider Heydər Əliyevin "Mən həyatda qazandığım bütün urlara görə müəllimlərimə borcluyam! fikrini xatırladıb. N.Əliyeva çıxışının sonunda ölkəmizin parlaq gələcəyi üçün sağlam düşüncəli gənclərin yetişməsində əvəzsiz xidməti olan müəllimlərə bir daha minnətdarlığını bildirib. Sonra Respublika Veteranlar Təşkilatının üzvü Hacı Tofiq Seyidzadə çıxış edərək BSU-nun professor-müəllim heyətini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib və müəllimlərə həsr etdiyi şeirini səsləndirib. Vaxtilə tələbəsi olduğu M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunun müəllimlərinə onun üzərində çəkdikləri zəhmətlərinə görə minnətdarlıq edib. Tədbir konsert proqramı ilə davam edib. Universitetin "Arzu rəqs ansamblının hazırladığı rəqslər nümayiş olunub, tələbələrin ifasında şeir və mahnılar səsləndirilib. Sonda BSU-nun foyesində universitetin Gənc Rəssamlar Klubu tərəfindən müəllimlərə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilib.