Dünən Bakının Nizami rayonu ərazisində - Mehdi Abbasov küçəsində baş vermiş yol çökmə hadisəsi ilə bağlı yeni məlumatlar açıqlanıb.
Unikal.org xəbər verir ki, bu barədə "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
"Bəzi saytlarda hadisə ilə bağlı məlumat elə təqdim olundu ki, guya yol yeni salınıb və üstəlik keyfiyyətsiz! Bu səbəbdən də aramsız yağışlardan sonra yol çöküb. Həmin küçə 50-60 il bundan öncə, bu ərazidə yaşayış binaları inşa edilərkən salınıb. Yolun altından keçən kommunikasiyalar da (kanalizasiya kollektoru da daxil) yol infrastrukturu qurularkən quraşdırılıb. Yəni yol yeni deyil. Bu 50-60 il ərzində də təbii ki, o yolda müəyyən təmir işləri aparılıb".
Anar Nəcəfli bildirib ki, ötən il də "Azəravtoyol" ASC tərəfindən həmin küçənin asfalt-beton örtüyünün üst qatı yenilənib. Onun sözlərinə görə, yolun tikintisində hər hansı problem olsaydı 50-60 il ərzində azı 50-60 dəfə çökərdi: "Bəs dünən niyə çökdü? Çünki 50-60 il bundan öncə quraşdırılan kanalizasiya kollektoru artıq istismar müddətini başa vurduğu üçün dağılıb. Nəticədə kollektorla axan çirkab su yolun torpaq yatağını yumağa başlayıb. Qəzanın baş verdiyi yerdə torpaq yuyulduğundan asfalt altında boşluq yaranıb və asfalt çöküb. Demək istədiyim odur ki, bu nə yolun keyfiyyətsiz çəkilməsi ilə, nə də ki, yağışla əlaqədardı".
İkinci bir məsələ bəzi "yol mütəxəsisləri" hətta bunu asfalt örtüyünün nazik çəkilməsi ilə əlaqələndirdi ki, bəs asfalt normal olsaydı yol da çökməzdi. "Azəravtoyol" ASC-nin nümayəndəsi qeyd edir ki, həmin ərazidə asfalt örtüyü norma və standartlara uyğundur: "Burada asfaltın qalınlığı 25-35 sm arasında dəyişir. Yolda asfaltın qalınlığı hətta yarım metr də olsaydı yol yenə çökəcəkdi. Çünki asfaltı saxlayan torpaqdır, o da yuyulub gedib. Boşluq yarandığından asfalt öz ağırlığı nəticəsində qırılıb".