Əbülfəs Qarayev 20 milyonu necə "hədiyyə" etdi?
13:02 27-07-2012
İQTİSADİYYAT
Əbülfəs Qarayev 20 milyonu necə "hədiyyə" etdi?
Azərbaycanın turizm sektorundakı başıpozuqluq başqalarının cibini doldurur
Azərbaycanda turizm mövsümü davam edir. Rəsmi olaraq o, 11 iyunda başlayıb. Həmin vaxt otel və otel tipli obyektlərin monitorinqi keçirilib.
Ötən ay 6 turizm obyekti işə başlayıb. Bir inzibatçı lisenziyadan məhrum edilib, onu başqası əvəz edib. İyunda üç otelə ("Azcot Hotel" Nigar Rəfibəyli, 20), "Premier" (Şəmsi Rəhimov 28) və "Shindan" (Astara) lisenziya verilib. 2 istirahət müəssisəsi ("Mavi Dalga" Bakı və Nabranda "Lotos") Aeroport-Zığ yolunda 1 motel - "Maral" istismara verilib.
"Lotos"da istismar qaydaları pozulduğu üçün keçmiş inzibatçı Bakı sakini Şahlar Nəsirovun lisenziyası ləğv olunub. Lerikin Monidigah qəsəbəsindən olan Zaman Nəsirova lisenziya verilib. Hər iki şəxsin familiyası eynidir, amma uyğunluğun səbəbi barədə heç kəs danışmır.
Bu günlərdə Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, artıq obyektlərin sayı 520-yə çatıb. Ümumiyyətlə isə Azərbaycanda cəmi 145 otel var. Bunun 7-i Naxçıvanda, 74-ü Bakıda və Abşeronda, qalanları regionlardadır. 23 motelin biri Ordubad-Naxçıvan yolunda, 6-ı Bakı və yarımadadadır. Ölkədə 122 istirahət mərkəzi var. Onlara olimpiya kompleksləri də daxildir. Qonaq qəbulu üçün 31 ev var. Onların 29-u Bakıdadır.
Bundan başqa 50 sanatoriya, 3 pansionat və s var. Bundan başqa, 13 turist məlumat mərkəzi, 185 turizm şirkəti və agentlik fəaliyyət göstərir. Ötən il yataq sayı 33 min 393 olub. Bu, 2010-cu ildəkindən 11,8 faiz çoxdur. Nazirlikdə iddia edirlər ki, bu il qonaq qəbulu imkanı 10 faiz artıb.
Nazirliyin sözçüsü İntiqam Hümbətov mətbuata açıqlamasında deyib ki, xidmətin keyfiyyəti barədə nikbindirlər. İddiaya görə, nazirliyin diplomlu mütəxəssislər olmayan komplekslərin lisenziyadan məhrum ediləcəyi barədə qərarı bu biznesdə məsuliyyəti artırıb.
Amma "Unikal"ın araşdırmaları göstərir ki, ekstensiv inkişafdan başqa hər şey heç də yaxşı deyil. Ötən turizm mövsümünün yekununa əsasən demək olar ki, turizmlə məşğul olan müəssisələr 22 mln 634,8 min manat mənfəət əldə edib, 20 mln 662,1 min manat xərcləyib. Bundan başqa ümumi daxıla əlaqədar müəssisələrdən vəsait daxil olub (7 mln manat).
Əhaliyə nazirliyin xətti ilə 42 min 583 blank satılıb. Maliyyə göstəriciləri təqsim edilsə, vətəndaşlar xaricdə istirahətə 22,58 mln manat, ölkədə istirahətə 2,02 mln ayırıblar. Buraya gələn əcnəbilər 4,71 mln manat xərcləyib (mənbə: "Turizm xidməti 2012" kitabı).
Bu günlərdə Turizm İnstitutu "Turist biznesi və texnologiyaların təşkili" kafedrasının müdiri Bahadır Bilalovun dediyinə görə, xarici kurortlara üstünlük verilməsi bir neçə səbəbdən labüddür. Viza rejimi problemi həllini tapmayıb. Əgər əvvəllər məsələ aeroportda həll edilirdisə, indi Azərbaycanın xarici konsulluğunda çözülməlidir. "Ötən il Finlandiyadan bir qrup turist qonaqlarım gələsi idi. Viza üçün başqa bir Skandinaviya ölkəsinə getmək lazım gəldiyi üçün onlar bu fikirdən daşındılar", - deyə ekspert bildirib. Qiymət və keyfiyyət arasında nisbət də real deyil.
Bir sıra turist firması adlanan müəssisələr agentlikdir və vasitəçilik edirlər. Bu da qiyməti qaldırır. Aeroport süni surətdə yığım dərəcəsini artırır. Ölkəyə gələn turistlərin 70 faizi işgüzar missiya ilə gəlir. Bu il nisbi artım "Avroviziya" ilə bağlı olub. Təsadüfi deyil ki, regionlara az turist gedir. Ekspertlər də hesab edirlər ki, at, dağ, çay, arxeoloji turizm kimi sahələr reanimasiya edilsə, qonaqların regionlara marağı artar.
Araşdırmalar belə deməyə əsas verir ki, Azərbaycana daha çox Rusiya, Gürcüstan və Türkiyədən turistlər gəlir. Rusiya və Gürcüstandan gələnlərin çoxu bu ölkə pasportu olan azərbaycanlılardır. Onlar gömrükdə turist kimi qeydə alınır. Gələnlərin 1 faizi müalicə üçün (Naftalan və Abşeron sanatoriyaları) gəlir.
Ötən il mədəniyyət və turizm naziri Qarayev bir sıra istirahət mərkəzlərini gəzəndən sonra tələb qoydu ki, regional otellərdə qiymət ucuzlaşdırılsın. Qiymətlər 20 faiz- gündə 50-dən 40, 40-dan 35 manata düşdü. Amma mövzu ilə bağlı danışan adının çəkilməsini istəməyən ekspert "Unikal"a bilirib ki, bu, vəziyyətdən çıxış deyil: "Yerli turist adambaşına üç həftəyə 800 manat (əlavə xərclərlə 1200-1500 dollar) xərcləyir, bu pula Türkiyəyə getmək daha yaxşıdır. Gürcüstan, Ukrayna, Qafqaz kurortlarında qiymət daha ucuz, xidmət daha yaxşıdır. Ümumiyyətlə, yerli turist turizm infrastrukturunun ən yaxşı indikatorudur. Ötən il Azərbaycan vətəndaşları xaricdə dincəlməyə 22,58 min manat, ölkədə dincəlməyə 2,02 mln manat xərcləyiblər və bu, deyiləni bir daha sübut edir. Faktiki olaraq 20 milyon manat başqalarının cibinə gedib, halbuki
Qarayevin nazirliyi öz işini daha düzgün və müasir standartlara uyğun qursa, həmin məbləğ Azərbaycan büdcəsinə də yönələ bilərdi".
Ekspert deyib ki, Əbülfəs Qarayevin turizm işi ilə bağlı qeyri-peşəkarlığı Azərbaycanda turizm sektorunun inkişafına əsas maneədir: "Qarayev sektorun inkişafı üçün vaxtında və lazımi həmlələr etmək gücündə deyil. Onun bütün addımları gözdən pərdə asmağa, mövcud problemləri müvəqqəti malalamağa hesablanıb, perspektiv üçün isə ümumiyyətlə heç nə vəd etmir. Təkcə bir faktı diqqətə çatdırım. Təsəvvür edin ki, 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin yardımı ilə "Turizmə dəstək" koalisiyası yaradılıb. Oraya turist şirkətləri və bir sıra QHT-nin nümayəndələri daxildir. Onlar hələ plan cızır, guyahansısa fəaliyyət istiqamətləri müəyyənləşdirirlər. Ara yerdə isə yerli turistlər xaricə gedir, əcnəbilər isə Türkiyə və Rusiya ilə yanaşı turist infrastrukturunu inkişaf etdirən Gürcüstana üz tutur".
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00
2024-12-23 10:39:39
2024-12-23 10:06:03
2024-12-23 09:28:54
2024-12-23 09:17:32