"QHT-lərin fəaliyyəti ilə yaxından tanış olduqca cəmiyyətdə təşəbbüskarlıq daha artır"
Unikal.org xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin rəsmisi, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev Quba rayonunda keçirilən "QHT-KİV münasibətləri: yeni tələblər və əməkdaşlıq modelləri" adlı konfransda bildirib.
V.Quliyev qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin inkişafında, onların fəaliyyətinin genişlənməsində dövlətin hər zaman maraqlı olduğunu qeyd edib. Məhz bu səbəbdən Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası və "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası təsdiq olunduğunu, bu sənədlərin məntiqi davamı olaraq, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradıldığını diqqətə çatdırıb. O, hər iki qurumun yaradılmasının ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında mühüm töhfə olduğunu, həm QHT-lərə, həm də KİV-lərə dövlət dəstəyini rəsmiləşdirən və onların Azərbaycanın siyasi sistemində yerini daha da möhkəmləndirən bu addımları demokratik quruluşların ən mühüm atributlarından olan vətəndaş cəmiyyətinin əsaslarının gücləndirilməsinə təkan verdiyini vurğulayb.
V.Quliyev KİV-lərin Azərbaycan cəmiyyətinin ən nüfuzlu institutlarından biri olduğunu, onların cəmiyyətin formalaşmasında, inkişafında mühüm rolu oynadığını diqqətə çatdırıb. O, ulu öndər Heydər Əliyevin mətbuatı Azərbaycan cəmiyyətinin əsas ictimai institutlarından biri kimi gördüyünü, məhz buna görə də mətbuat üzərindən bütün ictimai tənzimləmə mexanizmlərini aradan qaldırdığını xatırlatdı.
Şura sədrinin müavini cəmiyyət həyatının bütün sahələrində qeyri-hökumət təşkilatlarının mühüm rol oynadığını qeyd edərək, ölkədə həmin qurumların təşəbbüsü və dövlətin dəstəyi ilə ictimai əhəmiyyət kəsd edən layihələr həyata keçirdiklərini bildirdi.
Konfransın əhəmiyyətindən danışan V.Quliyev, vətəndaş cəmiyyətinin 2 aparıcı institutu olan QHT və KİV-lərin əməkdaşlığının vacibliyini vurğulayıb. O, QHT-lərin həyata keçirdiyi proqram və layihələr barədə ictimaiyyətin dolğun məlumat alması, habelə yerli səviyyədə problemlərin birgə araşdırılıb dövlət qurumlarına təqdim edilməsi, sorğu və monitorinqlərin keçirilməsi baxımından KİV-lərlə qarşılıqlı əməkdaşlıq məsələlərinə toxunub. Əlavə edib ki, QHT-lərin fəaliyyəti ilə yaxından tanış olduqca cəmiyyətdə təşəbbüskarlıq daha artır. Bu da öz növbəsində imkan verir ki, hər bir ölkə vətəndaşı cəmiyyət həyatının bütün sahələrində yaxından iştirak etsin, milli maraqların qorunması sahəsində ictimai təsisatların fəaliyyəti təşviq edilsin, onlar sosial əhəmiyyətli problemlərin həllinə cəlb olunsun, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən tədbirlər həyata keçirsinlər.
V.Quliyev QHT jurnalistikasının inkişafı üçün geniş imkanların mövcud olduğunu, bu sahədə yeni təşəbbüslərin hər zaman dəstəkləndiyini də diqqətə çatdırıb. O, QHT-lərlə bağlı ixtisaslaşmış bir neçə mətbu orqanının olduğunu, onların sayının gələcəkdə artacağına ümid bəslədiyini qeyd edib.