Bakıda 76 yaşlı qadının qətli ilə bağlı bəzi detallar məlum olub.
Unikal.org-un məlumatına görə, musavat.com-un hadisə yerində olan əməkdaşı xəbər verir ki, qətl hadisəsi Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsində baş verib. Qəsəbə sakini, 1940-cı il təvəllüdlü Melli Həmzə qızı Sultanovanın üzərində xəsarət olan meyidi yaşadığı evdə tapılıb.
Melli Sultanova Bakıdakı beton zavodlarından birində mühasib vəzifəsində çalışır. Onun oğlu Ukraynanın Xarkov şəhərində qiyabi ali təhsil alır. Melli Sultanovanın oğlu təhsili ilə əlaqədar aprelin 10-da Xarkova yola düşüb. O vaxtdan qadın evdə tək yaşayıb. Anasından xəbər ala bilməyən gənc narahat olub və qonşularla əlaqə saxlayıb. Onlar qadının qapının döyülməsinə reaksiya vermədiyini görərək, evə giriblər. Melli Sultanovanın kresloda meyidi aşkarlanıb. Məlum olub ki, kresloda oturmuş qadının başından kəsici-deşici alətlə zərbə endirilib. Melli Sultanova qan itirməsi nəticəsində dünyasını dəyişib.
Qətlin tamah məqsədilə törədildiyi ehtimal olunur. Çünki evdən nağd pul və qızıl əşyalar oğurlanıb.
Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.