Azərbaycanda dərman bazarına nəzarəti daha da gücləndirmək, ölkəyə daha keyfiyyətli dərmanların gətirilməsini təmin etmək üçün yeni sənədlər hazırlanır.

Unikal.org xəbər verir ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, "Bioloji aktiv əlavələrin ekspertizadan keçirilməsi qaydaları" artıq hazırlanaraq aidiyyəti qurumlara göndərilib. Hazırda isə "Dərman vasitələrinin idxalına icazənin verilməsi qaydaları" hazırlanır.

Qeyd edək ki, hazırda Azərbaycanda dərman vasitələrinin idxalı və ixracı "Dərman vasitələri haqqında" qanun əsasında həyata keçirilir.

"Lisenziyalar və icazələr haqqında" qanuna əsasən isə sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısında dərman vasitələrinin Azərbaycan ərazisinə idxalına icazə də öz əksini tapıb.