Biz müsahibəyə başlayanda sığınacaqda axşam yeməyinin vaxtı çatmışdı. Uşaqlı qadınlar stolları baş-başa düzüb üstünə uzun süfrələr açırdılar. Balaları da onlarının arxasınca qaçırdılar - yerlə sürünən gəlin örpəyi kimi...
Otaq səs-küylü olduğundan Elnarə ilə bir küncə çəkilib, söhbətə başlayırıq.
- Ben türkce konuşurum.
- Azərbaycanca başa düşürsünüz?
- Evet, burda öyrəndim.
- Vəssalam.
Elnarə (ad şərtidir) "Təmiz Dünya qadın sığınacağının onlarla sakinlərindən biridir. Sığınacağa sentyabr ayında gəlib. Azərbaycanlıdır. Yeniyetməykən Türkiyəyə - xalasının yanına köçüb, elə o vaxtdan da orada yaşayıb. Doğuş xərci Azərbaycanda ucuz olmasaydı, yəqin bu gün o, bu sığınacaqda olmayacaqdı.
Unikal.org xəbər veri ki, həyat hekayəsini Lent.az-a danışır.
***
1990-cı ildə Sumqayıtda doğulub. Ailənin tək qız övladıdır, 3 qardaşı var.
- 5 yaşım olanda atam bizi atıb, getdi Tatarıstana. Atam gedəndə balaca qardaşım anamın qucağında idi. Gedəndə demişdi, 4 uşağım var, gedib pul qazanım, uşaqlara ev alım, böyüyəndə yaxşı yaşasınlar. Anam baxdı atam gəlmir, pul da yollamırdı, dedi, gedim görüm orada nə iş görür?! O qədər ac qalırdıq ki, ağacın yarpaqlarını yeyirdik. Bizi dayıma tapşırıb, getdi. Bir də xalamın qızı vardı. 13-14 yaşı olardı. Anam ora gedəndə görüb ki, atam Güləndam adında qadına ilişib. Atam anamı geri göndərmək istəyəndə anam deyib ki, özünü maşının altına atacaq. O da qorxub geri yollamayıb. 7 yaşım vardı, atam bizi də Tatarıstana apardı. Orada atam daim anamı döyürdü ki, niyə gəldin? Hətta yalandan demişdi ki, guya anam onun bacısıdır. Qonşuların yanında anama "bacı deyirdi. Qonşular anamdan soruşanda anam "mən onun arvadıyam, deyib. Anamı yolun ortasında döyərdi. Güləndamla birgə içki içərdilər. Bir dəfə atama dedim, o qadın bir də bizim evə gəlməsin. Həmin vaxt Güləndam içəri girib dediklərimi eşitmişdi. Buna baxmayaraq, yenə də gəlirdi. Atamın pulu vardı. Sumqayıtda 5 pullu kişidən biri idi. O qadın atamın bütün pulunu yeyəndən sonra dalından bir təpik vurdu. 17 yaşım olanda pasport almaq üçün Azərbaycana döndüm. Xalam Türkiyədə yaşayırdı, məni yanına çağırdı. Dedim, yox, anam gəlsin sonra. 1 il sonra anam gəldi, pasport çıxardıb getdik Türkiyəyə. 3 ay sonra qismətim çıxdı, 19 yaşımda türklə ailə qurdum. Əvvəl yaxşı dolanırdıq, 2 qızım oldu. Hiss edirdim ki, yoldaşım yavaş-yavaş mənə qarşı soyuyur. Subay qaynım hərbi xidmətdən gəldi, mənə göz qoydu. Anam da bizimlə yaşayırdı. Ona dedim, dedi, boş ver, qızım, Allaha həvalə et. "Yaxşı, dedim. 6 ay keçdi, məndən əl çəkmirdi. Evdə tək olanda "yataq otağına keçəkmi, "alt paltarın nə rəngdi deyə soruşurdu. Axırda yoldaşıma dedim, inanmadı. Anası dedi, oğluma böhtan atırsan. Qaynımı çağırdım, dedim, həqiqəti de. Dandı. Şok oldum. Dedim, Nazim, sənin gözün məndə var, sən də bir gün evlənəcəksən, əgər mən haqlıyamsa, inşallah, mənim ərimin də gözü sənin arvadında olar. Qarğadım və əşyalarımı toplayıb, evdən çıxdım.
- Hara?
- Anam da mənimləydi, ikimiz ev tutduq. Boşanmaq üçün məhkəməyə ərizə verdim.
- Qızların necə oldu?
- Onlar atası ilə qalmışdılar. Onlara baxacaq vəziyyətdə deyildim. Yaxşı ki, qızlarım atasındadır. Yoxsa, indi onlar da mənimlə sürünürdülər.
Bayaqdan coşqu ilə danışan qadın birdən-birə susur. Deyəsən, qızları yadına düşüb. Bir qədər fikrə gedəndən sonra soruşur:
- Harada qalmışdım? Hə, yadıma düşdü. Yoldaşım çox qısqanc adam idi, tez-tez mənə zəng edirdi. Allaha günah getməsin, onu görəndə elə bil şeytan görürdüm. Görüşmək istəmirdim. Maaş almışdım, qızlarıma üst-baş alırdım, zəng etdi ki, Eda, haradasan? Dedim, sənə nə? Sən kimsən ki? Boşanmağa ərizə vermişik, evim belə ayrıdı. Evimin açarının bir tayı da onda vardı. Bəzən kirayə pulunu da o ödəyirdi. Gəldim evə ki, paltaryuyan, soyuducumu çəkiclə dağıdıb. Dedi, soyuducunu qırmasaydım, səni öldürə bilərdim. O evdən çıxdım. Rəfiqəmlə birgə ayrı evə köçdük.
- Ananla qalmırdın bəs?
- Yox, anamla yola getmirdik. Anamla nə ana-bala olduq, nə dost. Nəysə, ayrı evə köçdük, öz ayaqlarımın üstündə dayanmağa çalışırdım. 2016-cı il sentyabrın 25-də boşandıq. Gözəllik salonunda işləyirdim. Bir gün işdən çıxanda keçmiş həyat yoldaşım məni izləmişdi. Hava qaralmışdı. Arxaya çöndüm, qarşımda dayanıb. Dedi, sən filankəslə sevgilisən? Nə yalan deyim, oğlan dostlarım vardı, amma sevgili deyildik, normal dost idik. Dedim, sən məni fahişə hesab edirsən? Yanımda hər gördüyünlə məni sevgili hesab eləsən, onda mən 1 nömrəli fahişə olmuşam, xəbərin yoxdu ki?! Dedi, sən onsuz da fahişəsən! Dedim, sənin ixtiyarım yoxdu mənə belə deməyə. Nə sən mənim ərimsən, nə də mən sənin arvadın. Biz yadıq bir-birimizə, sadəcə uşaqlarımız var. Əlində bıçaq vardı, üstümə hücum etdi, 8 bıçaq vurdu. Xəstəxanaya yerləşdirdilər. Ora da gəlib çıxdı. Yaxşı ki, yanımda rəfiqəm vardı. Yoxsa, orada öldürəcəkdi. Rəfiqəm belində silah görmüşdü. Mühafizəyə şikayət etdim, dedi, Eda xanım (Türkiyədə onu belə çağırırlar), xəstəxananın 5 qapısı var, hansını qoruyaq? Xəstəxanada 1 gün yatdım, ikinci gün öz istəyimlə çıxdım ordan.
- Keçmiş həyat yoldaşını həbs etmədilər?
- İşi məhkəmədədir. Xəstəxanadan çıxanda da mən əl çəkmirdi. Feysbukda yazdım, "Canı verən Allah, alan Allahdır. Kimsə canımı ala bilməz. Sırf o oxusun deyə yazdım. Hər zaman qələbəlik yerlərlə gedib-gəlirdim. Bir gün işdən çıxanda yenə qarşıma çıxdı. Qorxudan əlim-ayağım titrədi. Dedim, yenə bıçaqlayacaqsan? Birinci dəfə öldürə bilmədin, bəlkə bu dəfə ürəyimdən vurasan ki, yaxşı ölüm. Dedi, yox, üzr istəmək üçün gəlmişəm. Dedim, nəyin üzrü? Birdən mən ölsəydim? Qızlarım anasız qalsaydı, sən həbs olsaydın, necə olacaqdı qızlarımızın halı? Dedi, qısqanclıqdan etdim. Məsələnin əslini sonradan öyrəndim. Rəfiqəm vardı, Türkiyədə qadın sığınacağında dost olmuşduq. Bir nəfər onu yanımda görüb mənə dedi, xəbərin var, rəfiqən qız satır? Buna görə rəfiqəmlə əlaqəmi kəsdim. O da məndən qisas almaq üçün keçmiş ərimə gedib deyib ki, Eda fahişə olub. Keçmiş həyat yoldaşım sonralar məni yanına çox çağırdı, mən getmədim.
- Barışmaq istəyir?
- Hə, günü bu gün də istəyir. Məni bıçaqlayan adamla necə barışım?!
***
Yuxarıda dediyim kimi, sığınacaq sakinləri axşam yeməyinə hazırlaşırdı. Kənarda oturub müsahibə almağım analarının ayağına dolaşan uşaqların diqqətini çəkmişdi. Bir də başımı qaldırdım ki, bizi dövrəyə alıblar. Maraqlı baxışlarla mənə baxır öz aləmində nəsə danışırlar. Edanın səsi eşidilməz həddə çatanda anaları uşaqları otaqdan çıxarır.
- Sonra çay evində işləməyə başladım. Orada bir oğlanla tanış oldum, imam nikahı ilə yaşamağa başladıq. 5 ay yaşadıq, 2017-ci ilin yanvar ayında hamilə qaldım. Sonra evdən sənədlərim itdi. Birinci ərim gizlin evə girib, oğurlamışdı. Sənədlərimi hazırlamışdım, Türkiyə vətəndaşı olacaqdım. O da istəmirdi mən Türkiyədə qalım, ona görə də sənədlərimi oğurladı ki, Azərbaycana qayıdım. Məcbur polisə təslim oldum, məni Bakıya yolladılar. İkinci ərimə hamilə olduğumu deyəndə, abort etdirməyimi istəmişdi. Dedi, mən səni istəyirəm, uşağı yox. Mən də dedim, sən birinci ərimdən daha pissən. Və ondan ayrıldım. Gəldim Bakıya. Sənədlərimi düzəldib Türkiyəyə qayıdanda sərhəddə məni saxladılar. Türkiyədə vizasız yaşadığım üçün 1500 türk lirəsi cəza kəsmişdilər. 1 illik deport etdilər. Dedilər, get vətəninə. Mən də dedim, vətənimə gedə bilmərəm, pulum yoxdu. Qaldım Gürcüstanda. Batumidə bir azərbaycanlı qızla tanış oldum - Əfsanə, onun yanında qaldım.
- Anan kömək etmədi?
- Anama zəng etdim, dedim, mən Gürcüstandayam, Batumidə. Nə edəcəyimi bilmirəm. Anam dedi, kül başına, sən orda nə edirsən? Başıma gələnləri anama danışdım. Anamın Bakıda evi vardı. Dedim, evin açarını yolla, gedim orda qalım. Dedi, yox, verə bilmərəm. Sən ikinci ərindən hamiləsən, qonşular, qohumlar məni qınayacaq. O vəziyyətdə ora gedə bilməzsən. Anam dedi, uşağı doğ, xəstəxanaya at, ya da uşağı olmayan ailəyə ver. Mən də etiraz edincə, dedi, özün bil, nə edirsən, elə. Onda dedim, bundan sonra sən də mənim anam deyilsən! 6 ay Batumidə qaldım. Biz orda araşdırdıq, doğuş bahadı. Əfsanə dedi, sən get, Azərbaycanda doğ. Orada mənim tanışım var, səni qarşılayacaq, xərcini ödəyəcək. Doğuşa yaxın 50 dollara mənə bilet aldı, avtobusla gəldim. Sentyabrın 13-də çatdım Bakıya. "20 Yanvarda heç kim məni qarşılamadı. Qorxumdan ağladım, sancım tutdu. Orda biz taksi sürücüsü məni polis bölməsinə gətirdi. Ordan da Təcili yardımla xəstəxanaya gətirdilər. 1 həftə xəstəxanada qaldım, sentyabrın 19-da qızım doğuldu, 23-ü gəldim bura.
- Körpənin adı nədi?
- Helin.
Mənası nədi?
- Yuva. Hamının bir yuvaya ehtiyacı var. Hər zaman ürəyimi dinləyirəm. Bir neçə dəfə abort etdirmək istədim, hətta pasport almaq üçün Azərbaycana gələndə dərman belə içmişdim. Yuxuda bir nəfər mənə dedi, içmə o dərmanları, o biri uşaqlarına bir şey olar. Səhər oyandım ki, uşaq tərpənmir, qorxdum ki, öldü. Daha içmədim.
- Boşandıqdan sonra Türkiyədəki qızlarınızla münasibətin necədi?
- İki ildir onlarla görüşmürəm, danışmıram. Atası qızlarımı mənə həsrət qoyub. Amma məni bıçaqladığı üçün həbs olunacaq. Yalan-gerçək. Hakim davanı bağlasa, təkrar açdıracağam. 8 ay sonra Türkiyəyə gedə biləcəyəm. Gedəndə bu işin üstünə düşəcəyəm. O zaman uşaqları mən ala biləcəyəm.
- Bu iki ildə anan nəvələri ilə maraqlanıb?
- Yox. Mən ondan çox xahiş etdim, gedib qızlarımla görüşsün, maraqlansın. O isə dedi, sənin uşaqlarından mənə nə? Sənin ərinlə qarşılaşmaq istəmirəm. Anam atamdan ayrıldıqdan sonra Türkiyədə təkrar ailə qurub. Adanada adına ev aldırdı, nikahda 20 milyonluq (türk lirəsi) qızıl taxıldı. Pul gördükdən sonra çox dəyişib.
- Bəs atan?
- Atam Rusiyadadı. Heç biri mənimlə maraqlanmır. Qardaşlarım deyir, bu uşağı at, sonra gəl yanımıza. Kimsə bu uşağı istəmir. Mən də dedim, meyitimi görərsiniz onda. Üzr istəyirəm, yatarkən asandı, amma abort etdirmək çox çətindi. Dəfələrlə abort etdirmək istədim, amma Allahdan qorxdum. Bu uşağın günahı yoxdu. Yaxşı ki, bu qızı doğmuşam. Ondan güc alıram indi.
- Uşağın nəyəsə ehtiyacı var?
- Ana südü verirəm, bir də burda süni qida verirlər, hərdən ondan da verirəm. Çox şükür, hər şey veriblər. Əsas ehtiyacı sevgi və ailədir. Bu uşaq mənə çox əziyyət verdi, həyatdan bezdirdi, sonda gözümü açdı, kimsəyə güvənməməyi öyrətdi.
- Atası uşağı qəbul edir?
- Heç maraqlanmayıb. Sənədində ata adı yazılıb, amma soyad mənimdir. Türkiyəyə qayıdanda qan testi etdirib, təzminat davası açacağam. Uşağımın haqqı nədirsə, alacağam ondan. Türkiyədə dövlət mənim vəziyyətimdəki qadınlara çox kömək edir, pulsuz vəkil belə verir. Mən ondan heç nə istəmirəm, amma qızımın haqqını verməlidir.
- Eda, başına bu qədər hadisə gəlib. 27 ildə çox şey yaşamısan, ölümlə burun-buruna gəlmisən. Heç düşünürsən, harada səhv etmisən?
- Qəlbimin təmizliyində. Hər kəsə inanıram, güvənirəm.
- Burdan çıxıb hara gedəcəksən?
- Gürcüstana qayıdacağam. Orda Əli adlı dostum var, məni gözləyir. Söz verib, mənə kömək edəcək. "Nə zaman istəyən, xəbər elə, bilet alım, gəl, - deyib.
-Yuxarıda dedin, qızın gözünü açdı, daha heç kimə güvənmirsən. İndi də bu Əli çıxdı. Ona nə qədər güvənirsən?
- Yüzdə əlli...
***
Hazırda Eda və 26 günlük körpəsinin sığınacaqda isti yeməyi, yatmağa isti yeri var. Körpəsi balaca olduğundan burada uzun müddət qala bilər. Amma o, getməyi düşünür. Gürcüstana, oradan da Türkiyəyə. "Bakıda qalardım, amma burda kimsəm yoxdu, - deyir. Görünür, iki qızının Türkiyədə olması bu ölkəni ona daha da doğmalaşdırıb.