Bu gün saat 11:25 radələrində Bakıda daha bir piyada vurulub.
Unikal.org Avtosfer.az-a istinadən xəbər verir ki, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 15/17 ünvanının qarşısında "Jeep" markalı, 90 AA 707 dövlət nömrə nişanlı, avtomobil yolu keçən piyadanı vurub.
Hadisə piyada keçidinin üstündə baş verib.
Yolu keçməkdə olan 20 yaşlı qız həmin avtomobil tərəfindən yolun əks tərəfində, keçidin üstündə vurulub. Zərbənin təsirindən 10 metr irəli düşən piyada başından ağır xəsarət alıb, hadisə yerində olan vətəndaşların köməyilə sürücü yaralını avtomobilə qoyaraq, xəstəxanaya aparıb.
Şahidlər bildirir ki, 20 nömrəli məktəb tərəfdən yüksək sürətlə gələn "Jeep"in sürücüsü keçiddə yolu keçən piyadaya yol verən avtomobillərin dayandığını gördükdə, avtomaşını dayandıra bilməyib. Qarşıdakı avtomaşınla düzgün ara məsafəsi saxlamayan sürücü toqquşmadan yayınmaq üçün qarşı yola çıxıb. Bu zaman keçiddə olan qızı vurub.
***
17:05
Unikal.org-a daxil olan məlumata görə, "Jeep" markalı, 90 AA 707 dövlət nömrə nişanlı, avtomobil "MARS - FK LTD" şirkətinə məxsusdur. Bu şirkət nar istehsalı ilə məşğuldur. Şirkətin ümumi sahəsi 407 hektardan ibarət ilk nar bağı 2009-cu ildə Kürdəmir rayonunun Karrar kəndində salınıb.
Şirkətin baş ofisi Bakı şəhər Yasamal rayonunda yerləşdiyindən hadisə elə sözügedən ərazidə baş verib.
17:33
Söhbət Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun özünün və ailə üzvlərinin avtomobillərindən gedir. Konkret qəzanı törədən nömrə A. Qaraşovun oğlu Fərhad Qaraşova məxsus olub. Hazırda bu nömrə rəsmi olaraq Mars-FK LTD şirkətinin adınadır. Şirkətin sahibi isə Fərhad Qaraşovdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşov ailəyə məxsus avtomobilin piyadanı vurmasından danışıb.
O, "Qafqazinfo ilə əlaqə saxlayaraq hadisəyə aydınlıq gətirib. Bildirib ki, qəza zamanı sükan arxasında oğlu deyil, sürücüsü olub:
"Hadisə baş verən səhər saatlarında mən oğlumla Azərbaycan-Belarus biznes forumunda iştirak etmişik. Sözügedən seriyalı maşın həmişə sürücüdə olub. Qəza anı müşahidə kameralarında əks olunub. Və hazırda həmin görüntülər hüquq-mühafizə orqanlarındadır. İşlə bağlı Yasamal RPİ-də tədqiqqat aparılır, araşdırma davam edir.
Qaraşov deyib ki, qəzanı törədən sürücü qanunla cəzasını alacaq:
"Xoşbəxtlikdən ölüm hadisəsi baş verməyib. Piyada gənc xanımdır. O, tibbi yardım alıb, evlərindədir. Allaha şükür heç bir problemi yoxdur. Qəzadan heç kəs sığortalanmayıb. Baş verən hadisəyə görə çox təəssüf edirəm. Sürücünün səhvi üzündən bizə məxsus olan avtomobilin belə qəza törətməsi xoş deyil.