Azərbaycan diasporu necə işləyir?
13:49 28-07-2012
İQTİSADİYYAT
Azərbaycan diasporu necə işləyir?
İslandiya Azərbaycan diasporunun həmrəy olduğu yeganə ölkədir: Burada 9 azərbaycanlı yaşayır
Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi, qısaca desək, Diasporla iş üzrə Komitə bu günlərdə strukturun 10 illiyinə həsr olunan tədbir keçirib. Komitənin rəhbəri Nazim İbrahimov, gözlənildiyi kimi, fəaliyyətlərinin müəyyən yekunlarından danışıb və bir sıra bəyanatlar verib.
Bəribaşdan deyim ki, İbrahimova qarşı heç bir şəxsi qərəzim yoxdur (ümumiyyətlə, mən belə hissləri heç kəsə qarşı keçirmirəm). Əksinə, rəhbər kimi, ona hətta müəyyən rəğbətim də var - savadlı danışır, özünü yaxşı aparır, yaraşıqlı və ağıllıdır. Amma ya onun tabeliyində özlərinin birbaşa vəzifələrini icra etməyən və rəhbərlərinə işlərin gerçək durumu barədə məlumat verməyən işçilər var, ya da İbrahimovun özü, yumşaq desək, bizim bəzi məmurlar kimi, məmnuniyyətlə bir az kələkbazlıq edir.
Mən dəfələrlə Azərbaycan diasporunun Azərbaycan, onun turizm və digər imkanları, bu imkanlardan doğan nəticələrlə bağlı dəfələrlə danışmışam, yazmışam. Mən də, cənab İbrahimov da burada Amerika açmamışıq. Ölkəmizin xarici siyasətində diaspora, bəlkə də, birinci dərəcəli məsələdir.
Və biz Azərbaycan diasporu ilə bağlı işlərin gerçək durumunu nə qədər tez etiraf etsək, düzgün istiqamətdə işə də bir o qədər tez başlaya bilərik. Özünü və ətrafındakıları aldatma yaxşı heç nəyə gətirib çıxarmır.
Cənab İbrahimov qeyd edib ki, Azərbaycan diasporu dünyada ən fəal diasporlardan biridir. Mənə çox maraqlıdır, hansı göstəricilərdən, kriteriyadan çıxış edərək, Dövlət Komitəsi əməkdaşları dünya diasporasını fəal, az fəal və heç fəal olmayan diasporlara bölüblər? Hansı diasporlarla müqayisə ediblər? Keniya, Zimbabve, Efiopiya, Laos kimi ölkələrləmi? Belədirsə, o zaman İbrahimov haqlıdır. Əgər erməni, yəhudi, yunan, türk diasporui ilə müqayisə etsək, biz, şübhədiz ki, onlardan geri qalırıq. Bunu etiraf etmək lazımdır. Biz fəal olmadığımız üçün deyil, fəallığımızın səmərəsizliyinə görə geri qalırıq.
Əgər diaspor təşkilatlarının, belə deyək, hansısa binada, bəzən də diaspor təmsilçilərindən birinin evində özləri üçün keçirdiyi yerli tədbirləri hesaba alsaq, 20-30 nəfər yığılır, bir toplantı keçirirlər, yerli KİV-lərə və Dövlət Komitəsinə fotolar əlavə edilmiş hesabat göndərməkdən və bunu az qala, milli miqyasda diaspor tədbiri kimi qələmə verirlər. Söhbət bundan gedirsə, əminəm ki, biz, heç şübhəsiz, birinci yerdəyik.
Bizim diaspor təşkilatları, həqiqətən də, belə tədbirləri başqalarından daha çox keçirir. Buna görə də, onlardan xeyir yoxdu.
Nə üçün Nazim İbrahimov demir ki, Azərbaycan diasporunun ən böyük problemi onun dağınıq olmasıdır? Bəzən mənə elə gəlir ki, İslandiya Azərbaycan diasporunun bir struktur ətrafında birləşdiyi və həmrəy olduğu yeganə ölkədir. Düzdür, Azərbaycan diasporunun "sirri" burasındadır ki, bu ölkədə cəmi doqquz nəfər azərbaycanlı yaşayır.
Azərbaycanlıların yaşadığı bütün başqa ölkələrdə bir struktur da tapmazsınız ki, orada yaşayan bütün həmyerlilərimiz bu qurumun ətrafında birləşsinlər. Mənə inanın. Həm də beş ildən artıqdır ki, diasporun öyrənilməsi ilə məşğulam. Bu müddət ərzində mən Yaponiyadan başlamış Trinidad və Tobaqoyadək müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla ünsiyyətdə olmuşam. Hər yerdə problem eynidir: dağınıqlıq, birliyin, həmrəyliyin olmaması. Təbii, azərbaycanlılar nə qədər çoxdurlarsa, dağınıqlıq da bir o qədər artır. Heç unutmaram, 2007-ci ildə Belçikada olarkən, Belçika, Hollandiya diaspor təşkilatlarının liderləri sanki ziyarətə gəlmiş kimi mehmanxanadakı otağıma daxil olub, yeganə məqsədlə mənə müsahibə vermək istədilər: digər Azərbaycan diaspor təşkilatlatrını ağ yuyub, qara sərsinlər, Bakıya çatdırsınlar ki, məhz onların qurumları bu ölkələrdə yeganə Azərbaycan diasporu kimi tanınmalıdır. Digərləri də belə edirdilər. Öz növbəsində səfirimiz də hamını tənqid etdi və özünün şəxsi münasibətləri olan bir neçə qurumu qismən savadlı adlandırdı.
Vəssəlam. İndi də hər yerdə belədir.
Bakının diaspor təşkilatlarına münasibətinin formalaşması həmin ölkədəki səfirliyin (şəxsən səfirin) təqdimatı prinsipinə əsaslanır. Əgər səfirin "A" diaspor təşkilatının rəhbəri ilə münasibəti yaxşı, "B"nin rəhəbrilə münasibətləri pisdirsə, rəsmi Bakının siyasəti də buna uyğun olacaq. "B" strukturu Azərbaycan üçün "A"dan çox iş görsə, bu, heç bir əhəmiyyət daşımayacaq.
Etiraf etmək lazımdır ki, Azərbaycan Prezidentinin Dünya Azərbaycanlıların sonuncu qurultayının gedişindəki çağırışlarına bizim bəzi səfirlərimiz hələ də məhəl qoymayıblar. Amma ən əsası, diasporla münasibət bu və ya digər diaspor təşkilatlarının təmsilçisinin Azərbaycanın götürdüyü kursa münasibəti ilə müəyyənləşir. Əgər diaspor təmsilçisi Azərbaycan rəhbərliyinin siyasəti ilə bağlı hər hansı narazılığını dilə gətirərsə, səfirin Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinə siqnalı əsasında bu diaspor təşkilatı yayrarsızların siyasısına daxil edilir. Ya onunla iş birliyinə son qoyulur, ya da heç onunla işə başlamırlar da. Diaspor təşkilatının Azərbaycan mənşəli xarici vətəndaşların qurumu olması isə ümumiyyətlə hesaba alınmır. Heç kəs bir faktı nəzər almır ki, xaricdə istənilən azərbaycanlı, siyasi görüşlərindən asılı olmayaraq, öz vətəninin tanınması üçün faydalı ola bilər.
Bizim xaricdəki bəzi həmvətənlərimizdə də günah az deyil. Bir tərəfdən, onlar heç cür anlamırlar və ya anlaya bilmirlıər ki, ölkə rəhbərliyi, hökumət və Vətən fərqli anlayışlardır. Və əgər xaricdə yaşayan azərbaycanlının Azərbaycanın siyasətinə münasibəti yaxşı deyilsə, bu o demək deyil ki, o, avtomatik olaraq, özünü Azərbaycana, ölkəsinə və xalqına düşmən saymalıdır və ya düşmən hesab olunmalıdır. Son nəticədə, siyasətçilər gəldi-gedərdi, Vətən isə qalacaq. Və əgər orada hansısa azərbaycanlı Azərbaycanın siyasi kursuna daha loyal yanaşan diaspor strukturları ilə birləşmək istəmirsə, səfirlikdəki diplomatların vəzifəsi ona anlatmaqdır ki, azərbaycanlıların həmrəyliyi hansısa siyasi ideyalar və baxışlar ətrafında deyil, tarixi vətən, onun tələbləri və çağırışları ətrafında birləşməkdir. Diplomat elə bunun üçün diplomatdır.
Bizim diaspor liderlərimizin maraqları ilə bağlı məqam da var. Məhz bu maraqlar onları həmyerliləri ilə birləşməyə və Allah eləməsin, vahid diaspor təşkilatlarına rəhbərlik etməyə imkan vermir. Ümumi, qlobal diaspora məqsədləri bu zaman onlar üçün ikinci plana keçir. Hamı yeganə lider olmaq istəyir.
Təkrar edirəm, dağınıqlıq və birliyin olmaması bizim ən böyük və ən əsas problemimizdir. Axı bizim respublikadan olan azərbaycanlıların birliyi problemindən başqa, İrandan gələn soydaşlarımızla bağlı problem də var. Və bildiyim qədərilə, burada vəziyyət daha qəlizdir. Bu istiqamətdə iş isə, demək olar ki, görülmür.
Bəli, İran azərbaycanlıların rəhbərlik etdiyi bir neçə diaspor təşkilatı var, bizim Dövlət Komitəsi də onları tanıyıb. Amma biləndə ki, bu nə təşkilatlardır və onlara kimlər rəhbərlik edir, anlayırsan ki... Qısa desək, çox tez məyus olursan. Onların əksəriyyəti İran azərbaycanlılarına rəhbərlik edə bilməzdi, buna ya nüfuzları, ya da fəaliyyət sahələri imkan vermir (məsələn, biri taksi sürücüsüdür, digəri çilingər). Nəticədə onlar sevinclə bizim ölkənin müvafiq qurumları ilə əlaqəyə giriblər və bizdə də onlara geniş qucaq açıblar. Amma bu təşkilatlardan heç bir fayda yoxdur. Orada lıiderlərin ailə üzvlərindən başqa real heç kəsi tapmazsan. Yalnız adları var, vəssəlam.
Bəli, İran azərbaycanlıları ilə birləşmək, üstəlik də, bunu İran yox, Azərbaycan bayrağı altında etmək bizim ölkədən getmiş azərbaycanlıları birləşdirməkdən daha çətindir. Mən bir neçə dəfə bu və ya digər Avropa ölkəsində yaşayan azərbaycanlılardan eşitmişəm ki, İran azərbaycanlıları bizim dövləti tanımır, bizim bayrağın olduğu masa ətrafında oturmaq istəmir və bəzən onu görürüb, İran bayrağı ilə əvəz etməyə də cürət edirlər. Belə münaqişələr barədə də eşitmişəm.
Amma hər şey bununla bitmıyib. Heç kəs İran azərbaycanlılarına - bu adamların sayı isə, yəqin anlayırsınız ki, bizim ölkədən olan azərbaycanlıların sayından xeyli çoxdur - aydınlıq gətirməyə, birləşdirməyə, izah etməyə çalışmayıb ki, Azərbaycan bayrağı altında birləşmək onların özlərinə xeyirdir...
Nazim İbrahimov deyir ki, hər bir azərbaycanlı arxasında Azərbaycanın dayandığını anlamalıdır. Anlamalıdır, cənab sədr, amma bunu hiss etmir, çünki bizdə diaspor strukturları ilə münasibətlər də gərəkli prinsiplər əsasında formalaşmır.
Nazim İbrahimov deyir: "Əgər 10 il əvvəl biz təşkilati məsələləri müzakirə edirdiksə, artıq bu gün elmi, akademik bünövrələrdən və diasporun fəaliyyət metodlarından danışırıq".
Düzünü desəm, hansı akademik bünövrələrdən söhbət getdiyini anlamıram. Ola bilsin ki, onlar var, amma mənə məlum deyil. Buna peşmanam, çalışacağam tapıb öyrənim. Amma nə üçünsə mənə elə gəlir ki, bizə belə velisoped icad etmək lazım deyil, əgər biz ardıcıl fəaliyyət göstərməyə başlasaq, Azərbaycan və dünyanın istənilən bölgəsində yaşayan azərbaycanlılar birləşəcək və vahid ümumAzərbaycan mövqeyindən, təkrar edirəm, ümumAzərbaycan mövqeyindən (hansısa məhdud siyasi mövqelərdən deyil) çıxış edəcək.
Və bir də, Azərbaycan barədə həqiqətlərin çatdırılma taktikasını dəyişmək lazımdır. Mən bu barədə danışmışam, yazmışam. Hətta bu mövzuda müsahibə də vermişəm. Buna görə də təkrar etməyəcəyəm. Yalnız növbəti dəfə özümüzü aldatmamağa çağıracağam...
Yalana son qoysaq, hesab edin ki, işin yarısını görmüşük...
Həmid Həmidov
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00