Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Unikaal.org report-a istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dindirilməmiş iki nəfər polis əməkdaşının qaldığı elan olunub.
Hakim bildirib ki, həmin polis əməkdaşları müəyyən səbəblərdən məhkəmə iclasında iştirak etməyiblər.
M.Namazovun vəkili həmin şahidlərin dindirilməsinin zəruri olduğunu bildirib. Məhkəmə iclası oktyabrın 25-dək təxirə salınıb.
Qeyd edək ki, ittiham aktına əsasən, M.Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun idarə etdiyi avtomobildən "Makarov" tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.
Daha sonra M.Namazovun Ağstafa rayonun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən də xeyli miqdarda patron tapılıb.
O, Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.
Xatırladaq ki, "Lotu Quli hazırda 8 saylı cəzaçəkmə müəssəsində cəza çəkir.