Dünən Lənkərandan Bakıya gələn qatardakı xüsusi təyinatlı vaqondan 2 kriminal aləm üzvünün qaçması ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, kriminal aləmə yaxınlığı ilə tanınan Əli Ağami və "Qoca ləqəbli avtoritet Etibar Məmmədovun daha öncə 7-8 dəfə xüsusi təyinatlı vaqonla Lənkərana aparılıb gətirildiyi məlum olub.
Bildirilir ki, məhz həmin qatarla mütəmadi səfər etmələri məhbuslara plan qurmaq üçün fürsət yaradıb. Onlar bu məqsədlə altıbucaqlı formada olan xüsusi açar əldə ediblər. Məhbuslar Lənkərandan gələn qatar Biləcəri stansiyasına yaxınlaşarkən, sübh tezdən həmin açarla vaqonun pəncərəsini açıblar və qatar dayanan kimi pəncərənin dəmir barmaqlıqlı çərçivəsini çıxardaraq oradan düşüb qaçıblar. Yalnız qatar 28 May stansiyasına çatanda hər iki məhbusun aradan çıxdığı məlum olub.
Qeyd edək ki, məhbusların qaçması ilə bağlı cinayət işi açılıb. Onların tutulması üçün iş aparılır. Artıq hadisə ilə bağlı 3 nəfər - qarovul rəisi və onun iki müavini saxlanılıb.