Avropa Şurasının baş katibi Torbörn Yaqland keçmiş səhiyyə naziri, həbsdə olan Əli İnsanova məktub göndərib. Unikal.org xəbər verir ki, bu barədə Turan-a keçmiş nazirin vəkili Toğrul Babayev məlumat verib.
Vəkilin məlumatına görə, T.Yaqland məktubunda Əli İnsanovla bağlı məsələnin daim Avropa Şurasının diqqətində olduğunu yazıb. Həmçinin bildirilib ki, Avropa İnsan Haqları Məhkəməsinin Qərarların icrası departamenti məhkəmənin Əli İnsanovla bağlı qərarının icrası üçün ardıcıl iş aparır və bu barədə Avropa Şurası baş katibini məlumatlandırır.
"Baş katib Əli İnsanovun Avropa Məhkəməsinə göndərdiyi ikinci şikayəti də nəzarətə götürdüyünü bildirib", - deyə vəkil qeyd edib.
Qeyd edək ki, sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. Ə. İnsanov dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.