Unikal.org xəbər verir ki, bu ilin mart ayında Mingəçevirdə müəmmalı şəkildə ölən Zahir Rzayevin anası lent.az-a müraciət edib
Şuşa şəhərindən məcburi köçkün olan, milliyətcə ukraynalı Rzayeva Olqa Pavlovna bildirib ki, oğlu, 1975-ci il təvəllüdlü Zahir Rzayevin ölümü ilə bağlı cinayət işi düzgün araşdırılmayıb.
Qadın bildirib ki, oğlu 10 il 6 ay məhkumluq həyatı sürdükdən sonra keçən il iyulun 18-də azadlığa buraxılıb: "Həmin vaxt Mingəçevir şəhəri, Yeni köçkünlər qəsəbəsindəməcburi köçkün kimi ona dövlət tərəfindən verilmiş evdə yaşayan ailəsinin yanına qayıdıb. Zahir həbsxanada olduğu müddətdə onunla yaxın əlaqə saxlamışıq. Amma sürdüyü həyat tərzinə görə arvadı Pərvanə ilə heç bir münasibətimiz olmayıb. Pərvanə Zahir azadlığa çıxdıqdan sonra onun qarşısına qoyduğu şərtə görə: "Ya ata-anan, ya da biz, Zahirlə əlaqəmiz kəsilib. Onunla ancaq ortancıl oğlum Tahir əlaqə saxlayırdı. Bu il martın 17-də Zahir öz mənzilində naməlum şəkildə dünyasını dəyişib. Həyat yoldaşı Pərvanənin sözlərinə görə, səhər yuxudan duranda Zahiri mətbəxdə qaz borusundan əlləri arxadan skoçla, ayaqları bir yerdə bağlı vəziyyətdə asılı görüb. O, 19 yaşlı qızı Çinarəni çağırıb cəsədi yerə endirib, əllərini və ayaqlarını azad etdikdən sonra köməyə adam çağırıb.
Hadisə yerinə gələn məhkəmə tibbi ekspert Rauf Quluyev Pərvanənin qohumlarının və ailə dostu Həsənov Rizvanın təsiri altında cəsəddə heç bir zorakılıq əlaməti olmamasını təsdiq edərək Zahirin özünü asmaqla intihar etdiyi haqda rəy verib və Mingəçevir prokurorluğunda hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb.
Olqa Rzayeva bildirib ki, oğlu özü həyatına qəsd etməyib: "Bizim yas mərasiminə başımız qarışdığından və Novruz Bayramı ilə əlaqədar olan istirahət günləri səbəbindən prokurorluğa yalnız martın 28-də müraciət etdik. Bu günlər ərzində topladığımız məlumatlara əsaslanaraq, mən oğlumun öldürüldüyündən şübhələndim. Mən oğlumun hüquqi varisi kimi tanınmaq istədiyimi bildirdim və prokurorluqda hüquqi varis kimi tanınmağım haqda qərar verildi. Daha sonra oğlumun özünü asmağına inanmadığım üçün Rauf Quluyevin işinə laqeyd yanaşaraq saxta rəy verməsinə görə ondan imtina edib Bakıdan tibbi ekspertin gəlməsini istədim. 2 gün sonra prokuror Azad Qarayev məni çağıraraq, mənə üç şəxsi təqdim edərək onların meyitin müayinəsi üçün Bakıdan, Gəncədən və Şəmkirdən gəlmiş məhkəmə tibbi ekspertləri olduqlarını bildirdi. Həmin gün meyitin müayinəsi zamanı mənim qızım Afət ekspertlərə Zahirin boynunun qırıq olması faktını və ayağında olan dörd iynə izini göstərərək, bu faktların ölümdə nə dərəcədə rol oynamaqlarını araşdırmağı xahiş edib. Daha sonra Pərvanənin, onun atası Nemətin, oğlu İsgəndərin və ailənin dostu Rizvanın ölümün Zahirin özünü asması kimi qələmə verməkdə maraqlı olduqlarından şübhələndiyim üçün istifadələrində olan telefon nömrələrinin, mobil operatorlardan çıxarışların almaqlarını, evin yaxınlığında quraşdırılmış üç təhlükəsizlik kameralarının 16.03-dən 17.03 saat 07.00 radələrinə qədər yazılarına baxılmasını, 15.03.2017-ci il tarixdə 19 yaşlı qızı Çinarənin Zahirin ayağına bıçaqla xəsarət yetirməsini, 16.03.2017-ci il tarixdə axşam saat 21.50 radələrində Pərvanənin anası Nailəyə evin giriş qapısının açarlarını nə məqsədlə verdiyini, həmin gecə İsgəndərin növbədə olmamasına baxmayaraq işə gələrək nəzarət kameraları qarşısında görünərək özünə alibi qazanmasını, həmin gün təxminən saat 21.00 radələrində Zahir İsgəndərə zəng edib evə qayıtmasını tələb etdikdə o, atasına nalayiq sözlərlə "gör sənə nə edəcəm deməsi faktını, Pərvanənin və Çinarənin iştirakı ilə istintaq eksperimentinin keçirilməsini, qonşuların dindirilməsini təklif etsəm də, prokurorluq bu faktların heç birini yoxlamadı. Dəfələrlə prokurorluğa gəlib işin gedişatı ilə maraqlandıqda mənə "tibbi ekspertin rəyi hazır olmayınca heç bir istintaq işi apara bilmərik cavabını veriblər.
Şikayətçi bildirib ki, məsələnin obyektiv araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib: "Lakin bu ərizələr öz ünvanına çatmayaraq, məktublar şöbələrindən birbaşa Mingəçevir şəhər Prokurorluğuna göndərilirdi. Ona görə də prokurorluqda istədikləri kimi hərəkət edirdilər.
Oğlunu itirən qadın cinayətdə onun həyat yoldaşı Pərvanənin əlinin olduğunu iddia edib və ekspertizanın bəzi fakt və dəlilləri saxtalaşdırdığını deyib: "Bərpa olunmuş istintaqda ölümün necə baş verməsinin və səbəbini üzə çıxarmaq üçün ilkin istintaq zamanı müəmmalı faktların yoxlanılması ilə bağlı verilən təkliflərlə yanaşı əhəmiyyət kəsb edən faktların yoxlanılması və araşdırılması haqda nümayəndə adına əlavə vəsatətlər verib. Hadisə yerindən dəlil qismində götürülmüş mələfənin halqa hissəsini, müstəntiq E.Cəbrayılovun yanında başına keçirmiş, halqanın diametri böyük olduğundan onun başdan rahatlıqla çıxması səbəbindən, bu halqadan adamın özünü asması mümkün olmadığını praktiki olaraq göstərib. Bundan əlavə, halqanın düyün hissəsi ilə üzbəüz hissəsinin hansısa bərk əşya üzərinə qoyularaq balta və ya başqa ağır kəsici alətlə kəsildiyini, kəsik yerinin bu haqda söylədiyinə əsaslanaraq sübut edib və mələfənin halqa hissəsinin ekspertizaya göndərilməsi haqda vəsatət verib. Amma nədənsə prokurorluq mələfənin halqa hissəsini yox, işdə bu suala aydınlıq gətirmək üçün heç bir əhəmiyyət kəsb etməyən hansısa hissəsini ekspertizaya göndərib və bununla da vəsatətin təmin olunduğunu bildirmək istəyir. Daha sonra hadisə yerində çəkilən boruya bağlanmış mələfənin şəkillərində ziddiyyətləri müstəntiqə göstərib: şəkillərin birində mələfənin bir ucu borunun üstünə ikinci ucu aşağı sallandığı halda, o biri şəkildə bir ucu borunun üstünə, ikinci ucu isə boru boyu sağa getdiyi görünür ki, bu da şəkillərin başqa-başqa günlərdə çəkildiyi haqda qərara gəlməyə imkam verir.
Əgər 29.03.2017-ci il tarixdə tərtib olunmuş hadisə yerinə əlavə baxış keçirilməsi haqda protokola nəzər salsaq, müstəntiqin belə bir qeydini oxuyarıq: "Mətbəx otağında, eyvanın qapısının sol tərəfində bir ədəd stul, onun üzərində isə qaz turbasına bağlanmış, mərhumun özünü asdığı ip var. Çox maraqlıdır, hadisə günü dəlil qismində müstəntiqlər tərəfindən götürülmüş mələfə 12 gündən sonra hadisə yerində aşkar olunur. Bu isə bir daha ölümün mərhumun özünü asması kimi qələmə verilməsinin planlı şəkildə edildiyinin sübutudur. Nədənsə Baş Prokurorluğun 21.07.2017-ci il tarixdəki qərarında Mingəçevir prokurorluğuna, protokolda yazılan elə də əhəmiyyət kəsb etməyən faktlarla yanaşı, belə ciddi saxtalaşma faktını yoxlamaq haqda göstəriş verilmir.
Adı çəkilən protokolda hadisə yerinin "Sony markalı fotoaparat vasitəsilə şəkillərinin çəkilməsi bildirilir. Bu bir daha mələfənin borudan bağlanmış şəkillərinin başqa-başqa günlərdə çəkilməsini sübut edir. Bu faktların yoxlanılması üçün vəsatət verilib.
Mərhumun həyat yoldaşı Pərvanənin sözlərinə görə Zahirin üstündən müəllifi məlum olmayan, ölümün səbəbinə aydınlıq gətirən məktub tapıb. Məktubda yazılana görə, Zahirin iş tapmaq müraciətinə müəssisələrdə kompüterdə baxaraq onun məhkumluq həyatı sürdüyünü üzə çıxarır və bu səbəbdən ona heç yerdə iş vermirmişlər. O da bundan bezib həyatdan getmək qərarına gəlib. Bu, açıq-aydın kimsə tərəfindən düşünülmədən yazılıb. Çünki heç bir müəssisənin kadrlar şöbəsində belə məxfi məlumat olmur. Belə məlumat ancaq dövlət orqanlarında olur ki, Zahir təbii ki, dövlət orqanlarına iş üçün müraciət edə bilməzdi.
İkinci məqam ondan ibarətdir ki, Zahir məktəbi rus sektorunda oxuduğundan, o, ancaq kiril əlifbası ilə oxuyub yaza bilirdi. Haqqında danışılan məktub isə latın əlifbası ilə yazılıb. Mən Zahirin həbsxanadan evə yazdığı məktubu, bu məktubla müqayisə etmək üçün prokurorluğa təqRzadim etdim və ekspertizaya göndərilməsini tələb etdim. Başqa sənədlər kimi bu ekspertiza rəyi saxtalaşdırılaraq məktubun Zahirə məxsus olduğu haqda qərar verdi. Bu inandırıcı olmadığından mən bu məktubun təkrar ekspertizaya göndərilməsini tələb etdim. Prokurorluqda isə təkrar ekspertizaya Zahirin cəzaçəkmə müəssisələrində imzası ilə təsdiqlənən fərqli-fərqli xətlərlə, latın və kiril əlifbası ilə yazılmış sənədləri, üstündən çıxan məktubla müqayisə üçün göndərib. Mənim onlara təqdim etdiyim məktubu nə məqsədlə ekspertizaya təkrar göndərmədiklərini başa düşə bilmirəm.
O.Rzayeva hüquq-mühafizə orqanlarından oğlunun ölümü ilə bağlı cinayət işinin obyektiv araşdırılması barədə göstəriş verilməsini xahiş edir.