Bir neçə gün öncə Lənkərandan Bakıya gələn qatarın xüsusi təyinatlı vaqonundan kriminal aləmin 2 üzvünün qaçması ilə bağlı bəzi məqamlar üzə çıxıb. 

Unikal.org bildirir ki, hüquq-mühafizə orqanlarından əldə edilən məlumata görə, kriminal aləmə yaxınlığı ilə tanınan Əli Ağami və "Qoca ləqəbli avtoritet Etibar Məmmədovun daha öncə 7-8 dəfə xüsusi təyinatlı vaqonla Lənkərana aparılıb gətirildiyi məlum olub. Bildirilir ki, məhz həmin qatarla mütəmadi səfər etmələri məhbuslara plan qurmaq üçün fürsət yaradıb. Onlar bu məqsədlə altıbucaqlı formada olan xüsusi açar əldə ediblər. Məhbuslar Lənkərandan gələn qatar Biləcəri stansiyasına yaxınlaşarkən, sübh tezdən həmin açarla vaqonun pəncərəsini açıblar və qatar dayanan kimi pəncərənin dəmir barmaqlıqlı çərçivəsini çıxardaraq oradan qaçıblar. Yalnız qatar 28 May stansiyasına çatanda hər iki məhbusun aradan çıxdığı məlum olub.Avtosfer.az ölkəmizdə baş verən bu unikal hadisənin fonunda məşhur avtoritetlərin həbsxanalardan və həbs düşərgələrindən 8 möhtəşəm planlı qaçışını diqqətinizə çatdırır. Onların bəziləri hətta 2 Hollivud blokbasterləri üçün süjet olub-¦

PASKAL PAYET:vertolyotun köməyi ilə həbsxanadan üç dəfə qaçan şəxs

Paskal Payet inkassator maşınının soyğunçuluğu zamanı qətl törətdiyi üçün həbsxanaya düşüb. 2001-ci ildə o, 30 il müddətinə azadlıqdan məhrum edilib və o vaxtdan vertolyotun köməyi ilə həbsxanadan üç dəfə qaçıb. Axırıncı dəfə 2007-ci ildə, həbsxananın damına yarım saat əvvəl qaçırılmış vertolyot enir. İçərisindən Payetin 3 ciddi silahlanmış cinayət yoldaşı çıxır və onu qaçırır. Aralıq dənizinin sahilində onlar pilotu və vertolyotu sərbəst buraxırlar. O vaxtdan heç kəs nə Payet, nə də onun cinayət yoldaşları haqqında eşidib...

CONNİ DİLLİNCER:taxtadan hazırlanmış və qara rənglə rənglənmiş saxta tapançanın köməyi ilə həbsxanadan qaçan şəxs

Əfsanəvi Coni Dillinger - onun haqqında kitablar yazılıb. Yeri gəlmişkən, bu yaxınlardakı hollivudda onun adaşı Coni Deppin rol aldığı filmin ikinci premyerası oldu.

ABŞ-ın bir sıra banklarında həyata keçirilmiş məşhur soyğunçuluq, iri miqyaslı qarət əməliyyatlarının müəllifi olmuş Con Dillinger yalnız cinayətləri ilə yox, həbsxanadan inanılmaz qaçışı ilə də tarixə adını yazdı. Amerikanın bank sektoruna külli miqdarda ziyan vurmuş bu şəxs qaçmağın qeyri-mümkün olduğu "Crown Point" həbsxanasında islah olunurdu.

Qeyd edək ki, burada ən təhlükəli cinayətkarlar cəza çəkirdi. Azadlığa vaxtından əvvəl çıxmaq istəyən Con Dillinger həbsxanadan qaçmazdan bir neçə saat əvvəl taxtadan oyuncaq tapança düzəldir və onu ayaqqabı boyası ilə rəngləyir. Oyuncaq tapança ilə nəzarətçiləri təhdid edən cinayətkar, həbsxana rəhbərliyini də bir otağa salıb, qapını bağlayır və oradan qaçmağa müvəffəq olur. Özü də həbsxana rəisinin yeni, bahalı avtomobili ilə...

ALFİ HAYNDS:qanundan toplam üç dəfə, bir dəfəsində isə türmə keşikçilərini tualetdə bağlayıb qaçan şəxs

Məhbus Alfri Georgi Haynds isə xüsusi qabiliyyətilə həbsxanadan qaçmaqla kriminal aləmin tarixinə düşüb. Həbsə atılar-atılmaz kameranın açarlarının şəklini göz yaddaşına köçürən məhbus, beynində onun cizgilərini hazırlayır. 8 ay sonra, başqa cinayətlə yenidən yaxalanan məhbus məhkəmə zamanı tualetə getmək istədiyini bildirir. Tualetə daxil olan Alfi nəzarətçiləri ayaqyolunun qapısı qarşısında bir neçə dəqiqə gözlədir və öncədən hazırladığı açarla məhkəmənin tualetinin digər qapısından qaçır.

1953-cü ildə Alfi Hayns zərgərlik dükanının soyğunçuluğu ilə bağlı həbs edilmişdi, 90 min dollarlıq qarət o vaxtın ən qalmaqallı işi idi. Məhkəmədə özünü günahkar saymayan Alfi, 12 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bundan sonra onun inanılmaz qaçış hekayətləri başlayır. 6 metr hündürlüyündə divarları olan həbsxanadan dəfələrlə qaçan Alfi, mətbuatı heyrətləndirirdi. Onun zəkası və ağlı yerli mətbuatı o qədər maraqlandırırdı ki, sonda o, öz tarixini "News of the World xəbərlər agentliyinə 40 min dollara satmışdı.

CULİAN ŞOTARD:furqon maşının altından bərk yapışaraq türmədən qaçan şəxs

2009-cu ildə fransız cinayətkar Culian Şotard həbsxanadan cəsarətli və sırtıq üsulla xilas ola bildi. O, Londonun şimalında Pentonvill həbsxanasında məhkəmədən yenicə gəlmiş furqon avtomobilin altına keçərək oradan bərk yapışır. Culian 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. Qəribədir ki, sonradan polis idarəsinə gələrək qorumanın çox zəif olduğunu bildirir və könüllü təslim olur...

FRENK MORRİS, KLARENS ANGLİN və CON ANGLİN - Alkatras həbsxanasından qaçmağı bacaran məhbuslar

Frenk Morris, Klarens Anglin və Con Anglin- bu üçlüyün qaçış planı döyüş filmlərinin süjet xəttinə bənzəyir. Dörd tərəfdən su ilə əhatə olunmuş, heç kimin yaşamadığı bir adada yerləşən, olduqca sərt qaydaların mövcud olduğu, qorxunc "Alkatras" adlı xüsusi rejimli həbsxanada cəza çəkən bu üçlük elektrik süpürgədən hazırladıqları xüsusi alətlə əvvəlcə həbsxana kamerasının beton divarını deşirlər. Oradan havalandırma borusuna, daha sonra isə çölə çıxırlar. Nəzarətçilər onların qaçışından saatlarla sonra xəbər tuturlar. Çünki San Fransiskoya qaçmış məhbuslar nəzarətçilərin duyuq düşməmələri, zaman qazanmaq üçün əvvəlcədən öz başlarına uyğun maketlər hazırlayıb çarpayılarına qoymuşdular. Bununla yanaşı, saçlarını kəsib tükləri maketlərin üstünə qoymaqla özlərinin oxşarlarını yaratmışdılar. Onlar San Fransiskoya istiqamət alanda nəzarətçilər kameranın qapısından baxaraq məhbusların "yatdıqlarını" düşünürdülər. Əslində isə çarpayılarda uzananlar maketlər idi. Onu da qeyd edək ki, qorxunc Alkatras həbsxanasından bu 3 nəfərdən başqa heç kəs qaça bilməyib.

BİLLİ HEYS:türk həbsxanasından qaçaraq yazıçı olan şəxs

1970-ci ildə narkotiklərin qaçaqmalçılığı ilə bağlı türk həbsxanasında 30 il müddətinə məhkum edilmiş 22 yaşlı amerikalı, hakimiyyətin onu ömürlük həbsə məhkum edəcəyini düşünərək qaçmağa qərar verir.

6 ay ciddi plan qurandan sonra o, keşikçi ilə dalaşır, onun uniformasını oğurlayır və atasının gətirdiyi 2 min dollar pulu götürərək, qaçmağa müyəssər olur. Heys avar qayığını oğurlayır və onunla sahilə qədər üzür.

Ayaqyalın, ac və pasportsuz o, çay vasitəsilə üzüb keçir və yüzlərlə kilometr piyada gedir. Nəticədə Heys ABŞ-a sağ-salamat qayıdır və orada "Midnight Express nəşri üçün özünün həbsxana həyatı və qaçışı haqqında avtobioqrafik kitab yazır.

DEVİD SVET və RİÇARD MET:yeraltı keçid qazaraq qaçan, zarafatcıl məhbuslar

Ömürlük cəzaya məhkum olmuş məhbuslar Devid Svet və Riçard Met ABŞ-ın Nyu-York ştatındakı ciddi rejimli türmədən qaldıqları kameradan mexaniki cihazlarla yeraltı keçid qazaraq tunellər vasitəsilə qaçmağa nail olurlar.
Cinayətkar Devid və Riçard tuneldə onları axtaranlar üçün üzərində "smayl olan kağız parçası qoyurlar. Kağızın alt hissəində "Xoş günlər ifadəsi yazılmışdı.
Hökümət qüvvələri təhlükəli cinayətkarların tutulmasına yüz min dollar mükafat təyin etmişdi. Onların axtarışına iki yüzə yaxın polis və vertolyotlar cəlb edilmişdi.

Qeyd edək ki, bu günə kimi yüksək səviyyədə qorunan Klinton türməsi XIX əsrdən bu yana 150 ildir ki, fəaliyyətdədir və Kanada ilə sərhəddə yerləşir. Buna görə qaçanların sərhədi aşaraq Kanadaya keçməsi də ehtimal edildi.

ARİF PAŞA: öldürüləcəyini güman edib, qaçış planına razı olan şəxs

Azərbaycan tarixində də səs-küylü qaçış hekayələri az deyil. Bunlardan biri Laçın Alayının keçmiş komandiri Arif Paşaya məxsusdur. O, 90-cı illərdə MTN təcridxanasından qaçan tanınmışlardan olub. A.Paşa daha öncə mətbuata müsahibəsində təcridxanadan qaçma hekayəsini detallarına qədər danışmışdı. O, qaçmağa razılıq verməsini günahsız həbs olunması və öldürüləcəyini bilməsi ilə əsaslandırırdı.

"Açığı, o qaçış mənim üçün çox müəmmalı idi. Elə məqamlar var ki, hələ də mənə aydın deyil. Axşam idi, növbə rəisi Faiq Mirzəyev gəlib məni kameradan çıxardı və karserə salınacağımı dedi. Məni apardı növbə rəisinin otağına. Gördüm ki, Rəhim Qazıyev orada əyləşib. Stolun üstündə yemək-içmək, araq var idi. Bu, həmin vaxt idi ki, mənim haqqımda həbs qətimkan tədbiri bir-iki günə dəyişəsi və azadlığa buraxılası idim. Rəhim Qazıyev Faiq Mirzəyevin yanında onun adından mənə dedi ki, təcridxanadan qaçmalıyıq. Əks halda, bizi öldürəcəklər. O, getmək planının da hazır olduğunu dedi. Öncə düşündüm ki, bir neçə günə azad olunacağam, niyə qaçım. Sonra düşündüm ki, artıq çox ciddi bir əməliyyatın, cinayətin hazırlandığından xəbərdar insana çevrilmişəm. Getmək istəməsəm də məni bu faktı bildiyim üçün sağ qoymazlar. Beynimdə bu cür götür-qoy edib gördüm ki, getmək qalmaqdan şanslıdır. Qalmaq yüz faiz ölümdür. Mən Rəhimlə Faiqə dedim ki, niyə məhz mən də qaçmalıyam. Dedilər ki, öldürüləcək adamların sırasındayam. Belə başa düşdüm ki, Şuşa-Laçın işində dindirilən insanların öldürülmə planı var. Mirzəyevlə Qazıyevin dediklərinə inanmamağa əsasım yox idi. Çünki, az öncə zəhərlənmişdim. Açıq görürdüm ki, Şuşa-Laçın işinin açılmamasında maraqlı olan qüvvələr var", - deyə o, mətbuata müsahibəsində bildirmişdi.(publika.az)