Daxili İşlər Nazirliyi Bakıda yol qəzası nəticəsində ölən qadınla bağlı növbəti dəfə əhaliyə müraciət edib.
Nazirlikdən Unikal.org-a daxil olan məlumatda bildirilir ki, bu il iyunun 8-də Suraxanı rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 39-42 yaşlarında bir qadın bədən xəsarətləri ilə 3 saylı kliniki xəstəxanaya yerləşdirilib və 3 gündən sonra o, xəstəxanada ölüb. Şəxsiyyəti istintaqa məlum olmayan həmin qadın xəstəxanaya daxil olduqda Mərdəkan qəsəbəsində yaşadığını, adının və soyadının Mahuzarova Tahirə Davud qızı, 39 yaşı olduğunu göstərib.
Həmin qadınını xarakterik əlamətləri belədir: orta boylu, dolu bədənli, şabalıdı saçları, əynində qara paltar var.
Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Xidməti Zəng Mərkəzinə, həmçinin Suraxanı Rayon Polis İdarəsinə (012) 452-02-02 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Qeyd edək ki, DİN şəkildəki qadınla bağlı bir müddət əvvəl də müraciət yayıb.
Məlum qəzaya gəlincə, hadisə köhnə Suraxanı dairəsi adlanan ərazidə baş verib. "Nissan markalı avtomobil Heydər Əliyev prospektindəki avtobus dayanacağına çırpılıb və nəticədə xəsarət alan 4 nəfərdən 3-ü nəfər müxtəlif vaxtlarda ölüb.