Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb.
Unikal.org "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının mətbuat xidməti məlumat yayıb. Açıqlanan proqrama əsasən, dövlət başçısı oktyabrın 30-da Bakıya səfər edəcək.
Səfər çərçivəsində Azərbaycan və Türkiyə nümayəndə heyətləri arasında ikitərəfli görüş baş tutacaq.
Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi başda olmaqla bölgədə və beynəlxalq aləmdə baş verən hadisələr müzakirə ediləcək, iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığa dair sənədlərə imza atılacaq.
Bildirilib ki, R.T.Ərdoğanın Bakıya səfəri Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə təsadüf edir.
Bundan başqa, R.T.Ərdoğan oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ilk səfərinin açılış mərasiminə qatılacaq. Bu mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev və Gürcüstanın baş naziri Georgi Kvirkaşvili də iştirak edəcək.
Oktyabrın 31-də isə Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısı baş tutacaq. Türkiyə prezidenti iclasda yer alacaq.