Bu gün Bakı Apellyasiya Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirlənsirilən Anar Mustafayevin vəkili Gülşən Salmanova çıxış edərək müvəkkilinə bəraət istəyib. Anar Mustafayev də vəkilinin çıxışı ilə razı olduğunu deyib.
Daha sonra B.Hüseynovun vəkili çıxış edib. O, müvəkkili barəsində olan cinayət işində kobud qayda pozuntuları olduğunu iddia edib, B.Hüseynovun ailə üzvlərinin, həmçinin qohumlarının əmlakların üzərinə qoyulmuş həbslərdən danışıb. Sonda vəkil B.Hüseynova bəraət tələb edib.
İclasda hakim təqsirləndirilən şəxslərdən dəymiş ümumi zərərdən ödəniş edilib-edilmədiyini soruşub.
Bu zaman V.Zeynalov hakimin təklifinə bu cür münasibət bidlirib: "Əgər günahımız varsa, mənim bütün əmlaklarım qurbandır. Bizə demirlər ki, nə qədər pul qalıb. Bakı Ağır Cinayətlər Məhkəməsində dedilər ki, "sənin zərərin 7 milyondur". Qohum-əqraba da əmlaklarımı satıb, zərəri ödədilər. İndi dəqiq rəqəm desinlər, mən əmlaklarımı verim. Oğlum avaralanmasın deyə Qəbələdə göl götürmüşük, yanında da balıqçısı".
Məhkəmənin növbəti iclası noyabrın 7-nə təyin edilib.
Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, "AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, "Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, "Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin keçmiş baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, "Bakı Rabitə Təmir Tikinti və "Təmir Təchizat Servis MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov və "Aztelekom MMC-nin baş mühasibi Oktay Rüstəmov da saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalovla B.Hüseynov 13 il, N.Məmmədov 11 il, E.Məmmədov 10 il, A.Mustafayev 5 il, Q.Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum edilib.
M.Məmmədov, O.Rüstəmov, S.Hümbətov, C.Cəfərov və B.Vəliyevin barəsində şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb.
Məhkəmə təqsirləndirilən şəxslərin əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb. Həmin əmlakların gəliri nazirliyə dəymiş ziyanın ödənilməsinə yönəldiləcək. M.Məmmədovun üzərində əmlak müəyyən olunmadığı üçün müsadirə edilməyib. RYTN-nin mülki iddiası isə qismən təmin edilib. Hökmdən narazı qalan V.Zeynalov, onun ailə üzvləri və digər təqsirləndirilən şəxslər apellyasiya şikayəti verib.