Xalq artisti Faiq Ağayev yenidən hakker hücumuna məruz qalıb.

Unikal.org-un məlumatına görə, "AzHack Team qrupu kiber cinayət edərək müğənninin rəsmi saytını ələ keçiriblər. Onlar daha sonra ifaçıya "Faiq bəy, ana dilinizi unudub rus dilində sayt açanda bilmirdiz ki, belə olacaq? işmarışını göndəriblər.


F.Ağayev hakkerlərə müraciət edərək bunları yazıb:

"Düz yolu azmış gənclərimizin aqibəti, bulanıq görünən gələcəyi qorxudur məni əslində. Çünki meyarlar, prioritetlər səhv seçilib. Vətənə sərhədsiz sevgi və ehtiram nümayiş edən bir xalq artistinin neçə illərdir ki, dondurulmuş saytının cəmi bir bölümünü haramcasına, oğurluqla əldə etmələri ilə arsızcasına öyünürlər.

Səbəb - saytın Azərbaycan dili bölməsi ilə bərabər (əlavə etdiyim fotoda bu aydın görünür) həm də rus dili bölməsinin olmasıdır. Sözüm məhz və bilavasitə onlaradır: Özünüzə zəhmət verib, 2001-ci ildə fəaliyyətə başlayan, hal-hazırda isə uzun müddətdir ki "under construction" vəziyyətdə olan rəsmi saytıma ayıq başla daxil olsaydınız, görəcəkdiniz ki, sayt iki dildədir.

Əsas Azərbaycan və yardımçı rus dillərində seçənəkləri var. Təbii ki, saytın xarici bir dildə də fəaliyyət göstərməsi bir Azərbaycanlı müğənninin ən azı 300 milyonluq rusdilli internet istifadəçi kütləsi arasında təbliğatı üçün hesablanmışdır.

Bir həmvətənlinizə səbəbsiz "amansızlıq" sərgiləməyiniz nə qədər dayaz düşüncəyə malik olduğunuzu göstərir. Demaqogiya və iyrənc vətənşüvənlik ilə ucuz, müəmmalı "şöhrət" qazanmaqdansa, gedin Vətənimiz haqda bütün dünyaya olmazın yalanlar, dəhşətli həqarətlər tirajlayan Xocalı soyqırımını belə məzxərəyə qoyan erməni saytlarını qırın.

Kəskin qınayıram sizi!

Ermənilər gülür bizə ucbatınızdan, zavallı "qəhrəmanlar".