Müxalifət düşərgəsində gərginlik
11:59 07-08-2012
İQTİSADİYYAT
Müxalifət düşərgəsində gərginlik
Çıxış yolu tapılmır ki, tapılmır
Müxalifət düşdüyü durumdan deyəsən qurtula bilmir. Bu gün müxalifətin qarşısında əsasən iki ciddi məsələ dayanıb. Birincisi aktiv fəaliyyətə keçmə yolunu tapmalı, ikincisi isə vahid namizəd problemini həll etmək. Gəlin öncəliklə birinci məsələyə diqqət ayıraq.
Müxalifət “Eurvision” Mahnı Yarışması zamanı kifayət qədər aktivləşdi və demək olar ki, həftədə az qala iki dəfə aksiya keçirtməyə nail olmuşdular. Bununla yanaşı beynəlxalq təşkilatlarla da sıx əməkdaşlıq qurulmuşdur. Hətta ən nüfuzlu media orqanları belə Azərbaycandakı prosesləri nəzarətdə saxlayır və açıq şəkildə müxalifətə dəstək verərək hakimiyyətə qarşı sərt yazılar dərc edirdilər. Həmin vaxt hakimiyyət rəsmiləri açıq şəkildə bəyan etdilər ki, əslində bu beynəlxalq güclərin hakimiyyətə qarşı təzyiqləridir və bu məqsədlə müxalifətdən istifadə olunur. Həqiqətən də həmin vaxt çox sistemli şəkildə bir fəaliyyət qurulmuşdu və erməni lobbisi də hadisələrə müdaxilə edirdi. Amma bundan fərqli olaraq müxalifət bəyan edirdi ki, artıq ərəb inqilabları Azərbaycana da çatıb və çox qısa zaman ərzində hakimiyyət bir çox imkanlarını itirəcək. Amma aydın oldu ki, müxalifət bu dəfə də yanılıb. Çünki mahnı müsabiqəsi başa çatan kimi ,beynəlxalq təşkilatlar hakimiyyətə yanaşmada loyal xətt tutdular. Hətta AŞPA-in həmməruzəçiləri hakimiyyətin xeyrinə elə bəyanatlar verdilər ki, müxalifət liderləri onlarla olan görüşü yarımçıq tərk etdilər. Məhz bundan sonra demək olar ki, müxalifətin fəaliyyəti sıfır həddinə gəldi. İndinin özündə isə yenidən aktivləşmək üçün cəhdlər edilsə də heç bir nəticə yoxdur. Ekspertlər hesab edir ki, bunun başlıca səbəbi müxalifətin fəaliyyət proqramına sahib ola bilməməsidir və taktiki məsələlərdə ortaq məxrəcə gəlmə imkanlarının olmamasıdır. Bunu da qeyd edək ki, hazırda müxalifət düşərgəsində fəaliyyətlə bağlı üç təklif var. Birincilər hesab edir ki, yenidən kütləvi aksiyalara başlamaqla cəmiyyətin rəğbətini qazanmaq olar. Hesab edilir ki, müxalifət həm də bu yolla sosial bazasını səfərbər etmiş olar. Amma digər qanad bildirir ki, indiki məqamda kütləvi aksiyalara getmək yanlışlıqdır. Çünki hakimiyyət indi kifayət qədər güclüdür və müxalifətin hazırda beynəlxalq dəstəyi yoxdur. Buna görə ən yaxşı variant gözləmək və bu müddət ərzində İctimai Palatanın regionlarda təşkilatlanmasını təmin etmək vacibdir. Qeyd edək ki, İctimai Palata artıq bir sıra rayonlarda təşkilatlarını yarada bilib. Amma hazırda başqa bir problem ortadadır və buna görə də təşkilatlanmaya maraq zəifləyib. Belə ki, bu gün müxalifətin vahid namizəd problemi var və hesab edilir ki, məhz buna görə İctimai Palata dağılacaq. Çünki bu gün müxalifət düşərgəsində prezidentliyə əsas namizədlərdən biri Müsavat başqanı İsa Qəmbərdirsə, digəri də AXCP sədri Əli Kərimlidir. Hər ikisi də İctimai Palatanın əsas simalarıdır. Bunu da qeyd edək ki, hazırda müxalifət düşərgəsində bir qanadda var ki, onlarda hesab edir ki, bu gün vahid namizəd məsələsini müxalifət müzakirəyə çıxartmaqla, bir tərəfdən münasibətləri aydınlaşdırar, digər tərəfdən isə aktivliyi təmin etmiş olarlar. Amma hələ ki, İctimai Palata vahid namizəd məsələsinin ictimailəşməsinə imkan vermir və buna görə də ziddiyətlər get-gedə dərinləşir. Düzdür hələlik bu məsələnində üstü ört-basdır edilir. Amma son olaylar sübut edir ki, gec tez məsələ partlayacaq. “İctimai Palatanın istənilən üzvü məqsədəuyğun bildiyi fikri müzakirəyə çıxara bilər və buna hüququ var. Təbiidir ki, seçkilərdə iştirak və vahid namizəd məsələsinə dair fikir və ideyalar da irəli sürülə bilər. Burada təxribat axtarmağı da doğru qəbul etmirəm”.
Bu açıqlamanı İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn verib. P. Hüseyn deyib ki, əslində bununla bağlı aparılan müzakirələri faydalı hesab edir: “Çünki bu bir çox məsələlərə aydınlıq gətirilməsinə səbəb oldu”.
P. Hüseyn Nurəddin Məmmədlinin onunla bağlı söylədiyi fikirlər həqiqətə uyğun deyil: “Bu məsələ ilə bağlı ya jurnalist, ya da Nurəddin Məmmədli mənim fikrimi təhrif edib. Mənim tərəfimdən İctimai Palatada vahid namizəd məsələsi heç vaxt irəli sürülməyib. Əksinə çıxışlarımda vahid namizəd ideyasının öz mahiyyətini itirdiyini və zərərli olduğunu qeyd etmişəm. Yəqin Nurəddin Məmmədli dediklərimi yanlış başa düşüb”.
AXCP sədrinin müavini Nurəddin Məmmədli isə açıqlamasında Pənah Hüseynin bu fikirlərinə cavab vermək istəmədiyini deyib.
Qeyd edək ki, AXCP sədrinin müavini Nurəddin Məmmədli prezident seçkilərində iştirak etmək üçün vahid namizədin müəyyənləşdirilməsi məsələsi ilə bağlı İctimai Palatada baş verənlərin süni şəkildə şişirdildiyini və bu təklifin gözlənilmədən İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn tərəfindən irəli sürüldüyünü deyib. N. Məmmədli bu təklif hazırlıqsız, ilkin müzakirələr olmadan sessiyanın gündəliyinə təqdim olunduğuna görə, qurum daxilində çox böyük ajiotaja səbəb olduğunu da söyləyib.
“Hesab edirəm ki, yaxın iki ay ərzində İctimai Palata kütləvi aksiyalara başlanması ilə bağlı qərar verəcək və qərarını icra edəcək”.
Bu açıqlamanı da İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn verib. P. Hüseyn deyib ki, iki aydır kütləvi aksiyaların keçirilməsində fasilə yaranıb: “Bu məsələ bir neçə dəfə İctimai Palatanın Koordinasiya Şurasında müzakirə olunub. Hazırda da kütləvi aksiyaların keçirilməsi məsələsi müzakirə mövzusudur. İctimai Palatada aksiyaların davam etdirilməsi məsələsi gündəmdədir. Aksiyaların yerinin və vaxtının müəyyən edilməsini isə İctimai Palatanın sessiyası Koordinasiya Şurasına həvalə edib”.
P. Hüseyn kütləvi aksiyaların davam etdirilməsi ilə bağlı İctimai Palatada ciddi fikir ayrılığının olmadığını da qeyd edib: “İctimai Palatada bu ilin avqustunda, ən geci isə sentyabrda aksiyaların keçirilməsi barədə təkliflər səslənib. Həmin təklif müzakirə olunur”.
“Müxalifət düşərgəsində prezident seçkilərində vahid namizədin müəyyənləşdirilməsi məsələsi ilə bağlı həddindən artıq siyasi spekuliasiyalar edilir. Bəzi şəxslər bu problemin lehinə və ya əleyhinə çıxmaqla özünə ucuz siyasi divident əldə etməyə çalışır”.
Bu açıqlamanı isə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu verib. S. Cəlaloğlu bildirib ki, müxalifətdə bəzi siyasətçilər birlik əldə edildiyi təqdirdə yüz faiz qələbənin olacağını iddia edir: “Əslində isə bu belə deyil. Azərbaycanda siyasi hakimiyyətin dəyişilməməsinin çoxlu səbəbləri var. Bu səbəbləri biri zəruri, digərləri isə kafidir. Zəruri olan müxalifətin birliyidir. Amma kafi şərtlər beynəlxalq ictimiyyətin dəstəyi, seçkilərin saxtalaşdırılması imkanının azaldılması, xalqın fəallığı və sairədir. Bir şeyi anlamaq lazımdır - Azərbaycanda siyasi müxalifətin birliyi olmasa, seçkilərə 3-4 namizədlə qatılan müxalifət uduzacaq. Bunu səmimi şəkildə etiraf etməliyik”.
S. Cəlaloğlu deyib ki, müxalifət seçkilərə ayrı-ayrı namizədlərlə qatılarsa, onların iqtidarın namizədini udmaq şansı yoxdur: “Bu baxımdan ayrı-ayrı namizədlər şəklində seçkilərə getməyin heç bir mənası yoxdur. Bu, o cümlədən İctimai Palataya da aiddir. Çünki İctimai Palata bütövlükdə müxalifət demək deyil, mən İctimai Palatanı müxalifət düşərgəsində ayrıca bir qüvvə kimi görürəm. Biz Qərbə deyə bilmərik ki, siz niyə seçkilərlə bağlı bizə dəstək vermədiniz. Bunu anlamaq üçün nə böyük alim olmaq lazımdır, nə politoloq olmaq lazımdır”.
ADP sədri qeyd edib ki, müxalifət paraleloqram şəklində güc toplaya bilməyəcəksə, ortada siyasi gücün olacağından söhbət gedə bilməz: “Mən zaman-zaman mitinqlərin əleyhinə çıxmışam. Bəzən məni ittiham edərək deyirlər ki, Sərdar iqtidarın tapşırığını yerinə yetirir. Əslində bu mövqeyimi müdafiə də etmişəm. Azərbaycan müxalifəti hakimiyyət uğrunda mübarizədə tələb olunan şərtlərin bir-ikisinə əməl edib. Ona görə də son 20 ildə müxalifətin mübarizəsi ölkədə heç bir dəyişikliyə gətirib çıxarmayıb”.
Beləliklə gördüyümüz kimi müxalifət düşdüyü vəziyyətdən çıxa bilmir və sentyabr-oktyabr aylarında bu münasibətlər daha da sərtləşəcək. Çünki hazırda açıq şəkildə görünür ki, problem olaraq qarşıya qoyulan məsələləri həll etməkdə müxalifət gücsüzdür. Ən ciddi məsələ isə budur ki, müxalifət səfərbər olaraq ayağa qalxa bilmir. Çünki bir daha aydın olur ki, mübarizə üçün konkret proqram yoxdur və ən acınacaqlısı da budur ki, beynəlxalq təşkilatlarda növbəti dəfə müxalifətə dəstək verməkdən imtina etdi. Amma hazırda müxalifətin yeganə ümid etdiyi məsələ budur ki, qarşıdan prezident seçkiləri gəlir və hakimiyyətə hər zaman təzyiq etmək istəyən müəyyən xarici qüvvələrdən dəstək almaq mümkün olacaq. Ancaq buda məlumdur ki, beynəlxalq güclər artıq müxalifətə vahid güc kimi baxmır və bu müxalifətin durumunu daha da ağırlaşdırır. Həmçinin seçki ərəfəsi vahid namizəd məsələsi mütləq gündəmə gələcək və bununla da AXCP_müsavat birliyinə ağır zərbə vurulacaq. Bununla müqayisə də isə hakimiyyət vahid komandaya sahibdir və YAP rəsmiləri bu günlərdə bəyanatla çıxış edərək bildirdilər ki, hakimiyyətin namizədi prezident İlham Əliyev olacaq. Bunu da qeyd edək ki, cəmiyyətdə də belə bir fikir artıq tam hakim olub ki, prezident İlham Əliyevin alternativi yoxdur.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48