Bakının Qaradağ rayonunda silahlı insident baş verib.
Unikal.org-un "report-a istinadən xəbərinə görə, hüquq mühafizə orqanlarının əməkdaşları ilə "Qoca ləqəbli Etibar Məmmədovun yaxalanması əməliyyatı zamanı bir qrup silahlı şəxs arasında atışma olub.
Silahlı şəxslərin bir neçə gün bundan əvvəl Biləcəri dəmiryol stansiyasında qaçan məhbus, "Qoca ləqəbli Etibar Məmmədovun cinayət ortaqları olduğu bildirilir. E. Məmmədov hüquq-mühafizə orqanların əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həbs olunub.
Hadisə zamanı iki nəfər xəsarət alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
Silahlı insident zamanı daha iki nəfərin öldüyü bildirilir.
Qeyd edək ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxta gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar.
Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2.1 və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda məhbuslara nəzarət edən qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılıb və məhkəmənin qərarı ilə onların barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Daha sonra Ə.Ağami Şirvan şəhərində tutularaq istintaqa təhvil verilib.