Prezident İlham Əliyev noyabrın 2-də Monteneqronun xarici işlər naziri Srcan Darmanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Unikal.org-un məlumatına görə, ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən çox yaxşı əlaqələrin, yüksək səviyyəli əməkdaşlıq formatının mövcud olduğunu deyən dövlət başçısı Monteneqro prezidenti və baş nazirinin Azərbaycana, özünün isə Monteneqroya səfərlərini məmnunluqla xatırladıb, həmçinin müxtəlif nazirlər və digər rəsmi şəxslərin də qarşılıqlı səfərlər həyata keçirdiyini qeyd etdi və bütün bu səfərlərin ikitərəfli əməkdaşlığımızın inkişaf etdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Prezident İlham Əliyev ölkələrimizin iqtisadiyyat, enerji, sərmayə qoyuluşu, ticarət və turizm daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlıq etdiyini deyib. Azərbaycanla Monteneqro arasında enerji sahəsində əməkdaşlıq haqqında imzalanmış memoranduma toxunan dövlət başçısı bu istiqamətdə işlərin uğurla aparıldığını qeyd edib, memorandumun bu baxımdan çox faydalı olacağına ümid etdiyini bildirib.
Həm Azərbaycanın, həm də Monteneqronun inkişaf etmiş turizm infrastrukturuna malik olduğunu bildirən prezident hər iki istiqamətdə daha çox turistin gəlməsinə ehtiyac olduğunu qeyd edib.
Azərbaycana ilk dəfədir ki, səfər etdiyini vurğulayan Monteneqronun xarici işlər naziri Srcan Darmanoviç ölkəmizin qısa müddət ərzində əldə etdiyi nailiyyətlərin onda dərin təəssürat yaratdığını bildirib. O, Heydər Əliyevinin Azərbaycanın inkişafında böyük rol oynadığını vurğulayıb, prezident İlham Əliyevin onun siyasətini uğurla davam etdirdiyini və ölkənin sürətli inkişafına nail olduğunu deyib.
Dövlət başçısı Monteneqronun xarici işlər nazirinin səfərinin ölkəmizlə bağlı daha çox təəssüratlar əldə etməsi baxımından önəmli olacağına əminliyini bildirib.