"İxtisaslaşmış yeni musiqi kanalının yaranması tamaşaçı sifarişinin və dünya təcrübəsinin ölkəmizdə uğurla tətbiq olunmasının təzahürüdür. MUZ TV Azərbaycan bu formatda xarici ölkələrdə yayımlanan beynəlxalq standartı televizya sferamıza gətirməklə yanaşı, izləyicilərə fərqli kanal seçimi imkanı yaradır, efir məkanımız daha əyləncəli, maraqlı edir.

Unikal.org xəbər verir ki, bu sözləri AZƏRTAC-a müashibəsində yenicə peyk yayımına başlayan MUZ TV Azərbaycan telekanalının bədii rəhbəri Sədi Məmmədov deyib.

Kanalın yarandığı gündən musiqi mədəniyyətimizin təbliğində xüsusi rol oynadığını vurğulayan S.Məmmədov keçilən yolu çətin və şərəfli tarix kimi xarakterizə edir:

"Kanalımız 2012-ci il mayın 11-də fəaliyyətə başlayıb. muztv.az saytı vasitəsilə yayımlanan ilk musiqili internet televizya kanalı kimi bir çox ilklərə imza atmışıq. "Musiqiyə sevgiylə şüarı ilə 5 il ərzində bir dəqiqə belə dayanmadan musiqi mədəniyyətimizi, musiqi tariximizi və çağdaş musiqimizi təbliğ etmişik. Yayıma başladığığımız ilk gündən tamaşaçıya dünya və yerli musiqi xəzinəsinin incilərini, orjinal layihələri, eksklüziv klipləri, canlı reportajları təqdim etmək əsas prioritet olub. MUZ TV Azərbaycan yeni musiqiçilər nəslinin yetişdirilməsi, gənc istedadların üzə çıxarılması, onların peşəkar musiqiyə istiqamətləndirilməsi ilə bağlı layihələrin həyata keçirilməsində xüsusi ilə seçilib.

MUZ TV Azərbaycanın bədii rəhbəri peyk yayımına başlamağın zərurətindən də danışıb:

"İndiki dövrdə bir sahədə ixtisaslaşmış, ayrıca bir kontenti olan televiziyaların mövcudluğu daha çox uğur gətirir. Ümimiyyətlə, bir sıra ölkələrdə televiziya keyfiyyətli və unikal bir məhsulun yaradılması ilə məşğuldur. Çünki izləyicinin sonsuz sayda seçim imkanı olduğu şəraitdə ona elə bir məhsul təqdim olunmalıdır ki, bu məhsul həm davamlı olsun, həm də izləyicilərin marağınıözünə cəlb edə bilsin. Bu mənada dünya ölkələrində mövcud olan musiqi kanalları xüsusi önəm daşıyır. İnternet əsrində tamaşaçının irihəcmli televizya layihələrindən daha lakonik və cəlbedici layihələrə istiqamətlənməsi fonunda musiqili televizyanın önə çıxması təbiidir. MUZ TV Azərbaycan-ın peyk yayımına başlaması yerli və xarici tamaşaçımıza fəqrli kanal seçmək imkanı verməklə yanaşı, həm də dünya təcrübəsinin, başqa ölkələrdə mövcud olan musiqili televizya formatının Azərbaycana daşınması deməkdir. Bundan əlavə, məqsəd Azərbaycanın milli və müasir musiqisinin dünya arenasına çıxması, təbliği və geniş yayılmasıdır.

Xatırladaq ki, MUZ TV ilə "Azərkosmos" arasında əldə olunmuş razılığa əsasən, kanal oktyabrın 6-dan etibarən "Azərspace-1" peyki vasitəsilə 13975 V/11174,4 H tezliyində yayımlanır.