Cari ilin 9 ayında Daxili İşlər Nazirliyi və prokurorluq orqanları üzrə qeydə alınan cinayətlərin açılması 1,2 faiz yaxşılaşaraq 85,5 faiz təşkil edib.

Unikal.org-un məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov noyabrın 3-də Daxili İşlər Nazirliyində keçirilən geniş Kollegiya iclasında çıxışı zamanı məlumat verib.
Nazir daxili işlər orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlərin bütövlükdə qənaətbəxş olduğunu, əldə edilmiş müsbət təmayüllərin cari ilin 9 ayında da qorunub-saxlanıldığını diqqətə çatdırıb: "Ötən ilin müvafiq dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlərin, qəsdən adam öldürmələrin, odlu silahla törədilən cinayətlərin, dələduzluqların, avtonəqliyyat vasitələrinin qaçırılmasının, hədə-qorxu ilə tələb etmələrin, quldurluqların, soyğunçuluqların, habelə xuliqanlıqların, yol-nəqliyyat hadisələrinin, qəzalarda həlak olanların və xəsarət alanların sayı azalıb. Qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin, adam öldürməyə cəhdlərin, qəsdən sağlamlığa ağır zərər vurmaların, oğurluqların, soyğunçuluqların, quldurluqların, hədə-qorxu ilə tələb etmələrin, avtonəqliyyat vasitələrinin qaçırılması cinayətlərinin açılması da yaxşılaşıb".