Respublikanın çay və transsərhəd çaylarında noyabrın ayının ilk 10 günü üzrə sululuq səviyyəsi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Unikal.org-a verilən məlumata görə, ötən günlər ərzində yağan yağışlar nəticəsində respublikanın əksər çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-150, Kiçik Qafqazın çaylarında 50-140, Lənkəran-Astara bölgəsi çaylarında 60-160, Naxçıvan MR çaylarında isə 200 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 195 m3/s olmaqla ongünlük normanın 104 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 203 m3/s olmaqla ongünlük normanın 109 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 9 sm artım müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 57 m3/s olmaqla, ongünlük normanın 68 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 92 m3/s təşkil edərək ongünlük normanın 109 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində və Araz çayının Novruzlu məntəqəsində 10, Şirvanda 6 sm artım, Bankədə 2 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 330 m (2016-cı il noyabrın 10-da 498 sm), Şirvanda 181 sm, Salyanda 160 sm (2016-cı il noyabrın 10-da 382 sm), Bankədə 183 sm (2016-cı il noyabrın 10-da 265 sm), Araz çayının Novruzlu məntəqəsində isə 52 sm (2016-cı il noyabrın 10-da 212 sm) təşkil edir.