Redaksiyamıza Sabirabad rayon icra başçısının müavini Həsən Həsənovla bağlı şikayət daxil olub. Qaralar kənd orta məktəbin keçmiş direktoru Babaş Babaşov və kənd sakini Nürəddin Ağaməmmədov şikayətində H.Həsənovu özbaşnalıqda ittiham ediblər.
Babaş Babaşov Unikal.org-a müraciətində bildirib ki, 10 hektar sahədə pambıq əkib və məhsul yetişən ərəfədə "surprizlə qarşılaşıb: "Belə ki, Həsən Həsənovun rəhbərliyilə onun 1 hektar pambıq sahəsi dağıdılıb. Səbəb kimi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən pambıq məntəqəsinin salınması göstərilir. Əkin sahəsi dağıdıldıqdan sonra bir qəpik də konpensassiya verilməyib. Bildirmişik ki, bizim əkdiyimiz pambığa çəkilən xərc ödənilsin. Kənd Təsərrüfati Nazirliyinə də məktub yazmışıq. Cavab gəlib ki, vətəndaşa dəyən ziyan yerində baxış keçirilməklə ödənilsin. Guya deyirlər, 1000 manata qədər pul təklif edilib, qəbul olunmayıb. Amma bizə heç bir təklif olunmayıb. Əgər onların könlündən bizə kompensasiya verilməsi keçirsə bankdan götürdüyüm kredit hesabına həmin 1000 manatı ödəsinlər. Həmin əraziyə 2800 manata yaxın pul xərcləmişəm. Bütün bunlar yalandır. Onlar sənəd üzərində yazsalar da, kompensasiya vermək istəmirlər. Bu məmur özbaşınalığı edən icra başçısı müavini Həsən Həsənov pulun verilməsinə mane olur. Deyir, "gedin, kimə deyirsiz, deyin. Mənim 3 hektar ərazimin 1 hektarını Nürəddin Ağaməmmədovun isə 2 hektar ərazisi məhv edilib.
Məsələ ilə bağlı ittiham edilən Həsən Həsənovla əlaqə saxladıq. O ittihamlara belə cavab verib:
"Mən məntəqə tikən orqan deyiləm. Bu məntəqə Kənd Təsərrüfatı Nazirliyinin balansındadır. Sözü gedən ərazilər məntəqənin sahəsinə düşdüyü üçün bu qərar verilib.
"Cənab prezident İlham Əliyev pambıq sahələri ilə bağlı ciddi göstəriş verib. Məhsul alındıqda sonra bu ərazilərin həmin məntəqəyə görə plana düşməsi mümkün olmazdı? - sualına isə H.Həsənov belə cavab verib:
"Bu sualı mənə yox, kənd təsərrüfatı nazirliyinə ünvanlayın. Təkcə onu deyə bilərəm ki, məntəqə onlarındır, həmin ərazilər də dövlətin ərazisidir. Onların birilllik müqaviləsi var idi. Dövlət əhəmiyyətli ərazi olduğu üçün biz pambıq sahəsini plana saldıq. Nazirlik buna görə, 750 manat birinə, 1500 manat da digərinə təklif edib. Amma onlar qəbul etməyib.
Aygün İlqarqızı