Əgər gələn ay Vyanada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşdən konkret irəliləyiş əldə olunmasa Azərbaycan ordusunun təmas xəttində güclü zərbə endirməsi gözlənilir. Belə xəbərdarlıqla Fransa Strateji Araşdırmalar Mərkəzinin erməni eksperti Kayts Minasyan "168 jam qəzetinə müsahibəsində çıxış edib.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ATƏT xarici işlər nazirləri Şurasının Vyanada keçiriləcək illik toplantısı çərçivəsində baş tutacaq. Rəsmi Bakı bu görüşə artıq razılıq verib. Bundan əvvəl xarici işlər nazirləri Moskvada ayrı-ayrılıqda Minsk Qrupu həmsədrləri ilə görüşüblər. Noybarın 20-21-də isə Rusiya xarici işlər nazirlərinin Bakıya və İrəvana səfəri olacaq.


"Əgər Vyanada nazirlərin görüşü konkret irəliləyişə gətirib çıxarsa o halda 2018-ci ildə prezidentlər Sərkisyan və Əliyev arasında yeni görüş gözlənilir. Lakin heç bir irəliləyiş əldə edilməsə biz Bakının güclü zərbəsinə hazır olmalıyıq. Çünki Azərbaycan əmin olacaq ki, Minsk Qrupu növbəti dəfə onu aldadıb. Erməni qüvvələri çox ehtiyatlı olmalıdır-Kayts Minasyan bildirib.

Xatırladaq ki, Qarabağ nizamlanmasında hazırda əsas vasitəçi Rusiyadır. Lakin ötən həftə Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşübdə onun rusiyalı həmkarı Vladimir Putin bildirib ki, məsələnin həllinə xüsusi ümid bəsləmir. Eyni zamanda Rusiya XİN-dəki mənbələr də Lavrovun regiona səfərindən nəsə irəliləyiş gözləmədiklərini, münaqişənin həllinə ümidli olmadıqlarını deyirlər.


Belə vəziyyətdə Azərbaycanın seçim imkanı qalmır. Çünki rəsmi Bakı Ermənistanın danışıqlardan müxtəlif bəhanələrlə yayınmasına neçə vaxtdır səbrlə dözüb, həmsədrləri, xüsusən Rusiya rəhbərliyini nizamlama prosesində daha fəal rol oynamağa inandırmaq üçün səylər göstərib. Bu baxımdan danışıqlar prosesindəki hazırkı nisbi fəallaşma, xarici işlər nazirlərinin görüşü hansısa irəliləyişlərə səbəb olmayacaqsa o zaman təmas xəttində vəziyyətin gərginləşməsi də qaçılmaz olacaq.

Xarici işlər naziri Elmar Məmmədyarov Moskvada həmsədrlərlə məsləhətləşmələrdən sonra demişdi ki, Bakı substansiv danışıqların aparılmasını xahiş etmir, tələb edir. Çünki danışıqların alternativinin nə olduğu aydındır və Azərbaycanı bu alternativə əl atmağa məcbur etməsinlər...