Türkiyə ilə NATO arasında Norveçdə keçirilən təlimi zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotolarının seçilməsi böyük gərginliyə səbəb oldu.
Qonşu ölkənin ABŞ-la münasibətlərindəki gərginlik isə bir müddətdir davam edir. Düzdür, NATO rəhbərliyi Türkiyədə üzr istəyib, ancaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu üzrü qəbul etməyib. NATO ilə gərginlik bir müddət öncə, Türkiyənin Rusiyadan "S-400 zenit raket kompleksini almaq istəməsi ilə artmışdı. Bütün bunlar Türkiyənin NATO üzvlüyündən çıxa biləcəyi və ABŞ-la münasibətlərinin pisləşməsi ilə bağlı müəyyən suallar doğurur. Ötən gün Türkiyə prezidentinin sözçüsü İbrahim Kalin bildirib ki, NATO ilə əlaqələri dayandırmağı düşünmürlər, amma Türkiyənin qurucusu Atatürk və hazırki dövlət başçısı Ərdoğana qarşı belə bir addımın atılmasını qınayırlar.
Unikal.org-un xəbərinə görə, politoloq Rufiz Qonaqov açıqlamasında bildirib ki, Türkiyəyə qarşı son zamanlar NATO tərəfindən ədalətsizliklər edilir: "Bilirik ki, ötən il Türkiyədə hərbi dövlət çevrilişinə cəhd oldu. Yalnız prezident-xalq birliyi sayəsində hərbi dövlət çevrilişi cəhdinin qarşısı alındı. Həmin zamanlarda bu proseslərdə Türkiyədə olan NATO-nun xüsusi bazasının adı çəkildi. Bu da onu deməyə əsas verir ki, baxmayaraq ki, Türkiyə NATO ölkəsidir və zaman-zaman böyük töhvələr verib, ancaq burada Türkiyəyə qarşı qısqanc mövqe var. Türkiyənin bu gün nəinki bölgədə, müsəlman dünyasında, eyni zamanda bütün dünyada nüfuz sahibi olması və dünyada baş verən hadisə və proseslərə nüfuz etməsi, böyük dövlətə çevrilməsi, həm daxildən, həm xaricdən güclənməsi müəyyən beynəlxalq gücləri narahat etməkdə davam edir. Bunun nəticəsində də həmin şəkil məsələsi meydana gəldi, burada sözsüz ki, əsas məsələlərdən biri Türkiyəni zəiflətmək, hansısa məsələləri ortaya atmaqla yeni problem yaratmaqdır. Düzdür, bununla bağlı üzrlər istənildi NATO-nun rəhbərliyi tərəfindən, eyni zamanda müxtəlif ölkələrin rəhbərlərin tərəfindən, amma bu o zaman edildi ki, həmin məsələ ortaya çıxdı, aydınlaşdı. Burada əsas məsələ ondan ibarət idi ki, Türkiyə bu gün qeyd etdiyim kimi artıq dünyada böyük nüfuz sahibidir, güclü bir dövlətdir. Türkiyənin Ərdoğana qədərki tarixinə nəzər yetirsək, həmişə bu ölkəyə qarşı beynəlxalq təşkilatlar da, digər ölkələr də demək olar ki, istədikləri siyasəti aparıblar.
Amma bu gün cənab Ərdoğan yalnız Türkiyənin maraqlarına zidd olmayan, əksinə, maraqlarına cavab verən addımlar atır. Bu gün Türkiyənin iqtisadiyyatı güclənir, fərqi yoxdur silah Rusiyadan alındı, NATO-dan alındı. Cənab Ərdoğan deyir ki, "biz bu silahı istəyirik, hansısa NATO ölkəsi versin, Türkiyə öz sərhədlərini müdafiə etməlidir. Əgər özünü müdafiə etmək üçün silah verilmirsə, nə fərqi var onu Rusiyadan alacaq, ya başqa bir ölkədən. Bütün bunlar hamısı bəhanələrdir. Əsas məsələ ondan ibarətdir ki, bu gün həmin qüvvələr, istər NATO dövlətləri, istərsə də başqa ölkələr olsun Türkiyənin güclənməsini istəmirlər. Demək ki, Türkiyənin gücündən və nüfuzundan qorxurlar, əsas məsələ bundan ibarətdir. Bu gün hansısa silah məsələsini ortaya atıb, bundan bir bəhanə axtarmaq əlbəttə ki, absurd məsələdir.
Əslində Rusiya ilə yaxınlaşması məsələsi həm Türkiyənin, həm də Moskvanın maraqlarına cavab verən məsələdir. Çünki Azərbaycan bildiyiniz kimi, bölgədə böyük infrastruktur layihələri həyata keçirir. İstər enerji layihələri olsun neft və qazla bağlı, istər dəmir yolu layihəsi olsun, bu məsələdə də təbii ki, Türkiyə və Rusiyanın da ö maraqları var. Bu gün Rusiya Türkiyə vasitəsilə, Türkiyə də Rusiya vasitəsilə böyük turizm ticari əlaqələrinə, eyni zamanda böyük iqtisadi əlaqələrə də malikdir. Niyə də olmasın? Türkiyə təkcə Qərblə əməkdaşlıq etməlidir? Nəyə görə Rusiya ilə və ya digər bölgə ölkələri ilə, müsəlman dünyası ilə əməkdaşlıq etməsin? Əgər bu, Türkiyənin maraqlarına uyğundursa, edəcək. Türkiyə müstəqil dövlətdir. Türkiyə heç bir beynəlxalq təşkilat qarşısında öhdəlik götürməyib ki, hansısa ölkə ilə iqtisadi və siyasi əlaqələri genişləndirməsin. Ötən il dövlət çevrilişinə cəhd zamanı nəyə görə NATO müdaxilə etmirdi Konstitusiya quruluşunun bərpası üçün? Nəyə görə, cənab Ərdoğan yalnız öz xalqına müraciət sayəsində bu vəziyyəti aradan qaldırdı? Burada çoxlu ziddiyyətli məqamlar var. O məqamlar da əlbəttə, həmin beynəlxalq təşkilatlar, eləcə də NATO-nun öz daxilində axtarılmalıdır. Türkiyə ilə Rusiyanın həmişə tarixi dostluq, siyasi, iqtisadi, diplomatik və s. əlaqələri olub və bundan sonra da ola bilər. Bu, çox normal haldır, eyni zamanda bölgədə yerləşən digər ölkələr kimi, Azərbaycan da bunda maraqlıdır ki, Rusiya ilə Türkiyənin münasibətləri, ümumiyyətlə bölgə ölkələrinin münasibətləri yaxşı olsun, Dağlıq Qarabağın işğal faktı aradan qaldırılsın, Azərbaycanın ərazi bütövlüyü təmin edilsin. Bütün bunlara görə də, əlbəttə ki, həm NATO, həm də digər dövlətlər tərəfindən qısqanclıqlar var, bu, istisna olunmur. Amma hər dövlət özünün müstəqil daxili və xarici siyasətini aparır, ona görə də heç kəsin haqqı yoxdur ki, digər ölkənin daxili işlərinə qarışsın.