Ermənistan boşalır
11:51 08-08-2012
İQTİSADİYYAT
Ermənistan boşalır
Erməni gənci Azərbaycandan imdad dilədi
Ermənistanda sosial vəziyyət artıq nəzarətdən çıxmaq üzrədir. Belə ki, ölkə əhalisinin 85 faizi yoxsulluq həddində yaşayır və işsizlərin sayı hətta rəsmi məlumatlara görə 34,1 faizi və ya 1,1 milyon nəfərə çatıb. Bunu da qeyd edək ki, bu rəqəm hazırda Ermənistanda yaşayan əhalinin 90 faizi deməkdir. Çünki əhalinin böyük bir hissəsi isə ölkəni tərk edib.
Bununla bağlı Yerevanda çıxan "Haykakan Jamanak" və "Azq" qəzetlərinin yazmasına görə Ermənistanda sosial qiyam, hətta üsyan və partlayış kabusu dolaşır:-"İnsanlarımızın çoxunun hətta çörək almağa belə, pulları çatmır. Analar uşaqlarını axşamlar yemək istəməsinlər deyə, tez yatızdırır, səhərlər isə acqarına uşaq bağçası və ya məktəbə yola salırlar. Bu, nə qədər acı olsa da, gerçəkdir. İki gün əvvəl Yerevanda iki uşaq evdə tüstüdən boğulub öldülər. Onların ata-anaları işsizdilər. Valideynləri uşaqları evdə təkbaşına qoyaraq bir tikə çörək qazanmaq üçün iş aramağa getmişdilər. Ola bilər ki, prezident Serj Sarkisyan iqtidarı nə isə etmək istəyir. Amma bu "nə isə"ni mümkün qədər tez etmək gərəkdir. Vaxt keçir, zaman gözləmir", - "Jamanak" yazıb.Qeyd edək ki, Ermənistandakı acınacaqlı vəziyyətlə bağlı diplomat Şarl Aznavurda sərt açıqlama vermişdi. O, bildirmişdi ki, Ermənistan rəhbərliyi ermənilərə qarşı soyqırım siyasəti həyata keçirir. Və ekspertlər bildirirdi ki, gec tez əhali buna görə ayağa qalxacaq. Çünki əhali korrupsiya və rüşvətə görə demək olar ki, yaşamaq hüquqlarını belə itiriblər. Bu gün artıq beynəlxalq təşkilatlar da Ermənistanda korrupsiyanın tüğyan etdiyini, bu bəlanın ölkəni fəlakətə sürüklədiyini, əhalinin geniş təbəqəsinin bundan son dərəcə əziyyət çəkdiyini, narazı qaldığını dilə gətirirlər. Belə ki,
Ermənistanda rüşvətxorluğun, korrupsiyanın geniş miqyas alması Beynəlxalq Valyuta Fondunun bu ölkədəki nümayəndəsi Qiyermo Tolos tərəfindən də bəyan edilib. Q.Tolosun fikrincə, korrupsiya artıq Ermənistanda sosial gərginlik yaradıb, gizli iqtisadiyyatın gündən-günə "çiçəklənməsi" ölkə vətəndaşlarını dilənçi vəziyyətinə gətirib çıxarıb. Respublikada yoxsulluğun səviyyəsi dəhşətli həddə çatıb.
Q.Tolos dediklərinə əlavə olaraq bildirib ki, Ermənistanda iqtisadiyyatın real dövriyyəsi ilə müqayisədə vergi yığımının səviyyəsi acınacaqlıdır. Belə vəziyyət isə heç Afrika ölkələrində də yoxdur.
Beynəlxalq Valyuta Fondunun nümayəndəsi daha sonra vurğulamışdır: "...Fond Ermənistan hökumətinə bu vaxta qədər böyük həcmdə yardım göstərsə də, vergi yığımları sahəsində nəzərdə tutulan nəticə əldə edilməyib. Bunun əsas səbəblərindən biri sosial-iqtisadi sahələrdə islahatların ləng aparılması, əksər hallarda isə buna ciddi maraq göstərilməməsidir".Beynəlxalq qurumları narahat edən başqa məsələ isə Rusiyanın şəraitdən istifadə edərək Ermənistan iqtisadiyyatını tam olaraq təsirinə salmasıdır. Bunu da vurğulayaq ki, Ermənistan Rusiyadan daha bir milyard dollar borc istəyib. Bu borcun verilməsindən sonra faktiki Ermənistandakı dövlət müəssisələrinin hamısı Rusiyanın monopoliyasında olacaq.Bəs bundan çıxış yolunu erməni xalqı nədə görür? Gəlin öncəliklə ölkəsində məktəbə gedə bilməyən erməni oğlan David Davityanın Azərbaycan mediasına göndərdiyi məktuba baxaq. Məktubda təhsil almaq istəyən gənc Ermənistanda ona qarşı yaradılan maneələri dəf edə bilmədiyindən yenə də nicat yolunu kənarda axtarmağa məcbur olduğunu yazıb.
Ermənistanda hüquqları kobud şəkildə pozulan uşaqlardan biri olan Davidin yenə də beynəlxalq təşkilatlara, ayrı-ayrı dövlətlərə, o cümlədən qonşu Azərbaycana kömək üçün müraciət etməkdən başqa əlacı qalmayıb.
Növbəti məktubda da David yalanın, böhtanın, satqınlığın milli siyasətin bir hissəsinə çevrildiyi, ədalət və həqiqət mübarizələrinin həbs olunduğu Ermənistan adlanan bir dövlətdən, təhsil almaq hüququndan məhrum edildiyi ölkədən onu xilas etməyi xahiş edir. Uşaq erməniçilikdən qorxur.
"Bizi bu dövlətdən xilas edin! Bizi erməni prezidentindən, erməniçilikdən xilas edin!!!",- deyən D.Davityan dövlətindən heç bir yardım görmədiyindən Azərbaycan hökumətinə, ölkəmizin aparıcı kütləvi informasiya vasitələrinə, qeyri-hökumət təşkilatlarına üz tutub.
"Mən artıq altı ildir ki, məktəbə getmirəm. Nə idi mənim günahım?! Artıq sentyabr yaxınlaşır ... anamın saxlanılma müddəti başa çatır, amma bizə hələ də ölkədən çıxmağa icazə verilmir. Mən məktəbə getmək, oxumaq istəyirəm. Görəsən mən bu il də erməni prezidentinin ucbatından təhsildən məhrum olacağam?! Mənim uşaq hüquqlarım bu ölkədə çox kobud şəkildə pozulur...
Bu cür daha davam edə bilməz... Məni xilas edin! Xahiş edirəm Ermənistan prezidenti ilə danışıqlar aparasınız ki, o bizi buradan buraxsın. Anam işləmir, daha bu cür yaşamaq olmaz, mən yemək, məktəbə getmək istəyirəm. Sizə yalvarıram, məni xilas edin! XİLAS EDİN!!!".
Qeyd edək ki, iyunun 22-də AzərTAc-a Davidin anası Felmira Davityandan da məktub daxil olub.
Məktubda ümidini itirmiş ana müxtəlif dövlətlərin rəhbərlərindən, o cümlədən Azərbaycan hökumətindən, humanist aksiyaları ilə təkcə Azərbaycanda deyil, dünyada məşhur olan Heydər Əliyev Fondundan, ombudsmandan, kütləvi informasiya vasitələrindən, qeyri-hökumət təşkilatlarından yardım istəyib.
Ekspertlər bildirir ki, əslində Ermənistan əhalisinin hamısı bu gündədir və bu səbəbdən də ölkədən getmək kifayət qədər artıb. Gəlin adi statistik rəqəmlərə baxaq.
Aydın olub ki, Ermənistandan son 20 ildə 2 milyonadək insan köç edib. Ölkədən kütləvi mühacirət dalğası səngimək əvəzinə daha da güclənir. Ermənistan mediasında yayımlanan informasiyalarda deyilir ki, bu sahədə durum həqiqətən də acınacaqlıdır. Şirak əyalətinin miqrasiya informasiyası mərkəzinin əməkdaşları bildirir ki, gənclər ölkəni demək olar ki, tam tərkibdə tərk edib. "İnsanlar ilk imkandaca ölkədən gedir və getdiyi yerdə iş olub-olmadığı ilə maraqlanmır. Onlar Ermənistandan çıxmaq üçün qanun pozuntusuna da getməyə hazırdırlar.
İndi ermənilər yalnız Rusiyaya yox, Fransaya, Çexiyaya da üz tutur, oradan sığınacaq istəyirlər. Ölkəyə yeni gələnlər də burada çox qalmadan geri dönür. Bu, xüsusilə Ermənistanda vergi siyasətilə razılaşmayan biznesmenlərdir",- deyə mərkəzin koordinatoru Sergey Danielyan bildirib.
Erməni mətbuatı yazır ki, "xoşbəxtlikdən" bir çoxlarının miqrasiya üçün yetərli vəsait tapa bilməməsi köçün bütün əhalini əhatə etməsinin qarşısını alır. Çox uzağa gedə bilməyənlər isə Gürcüstanın yaxın bölgələrində çörək pulu müqabilində hamballıq etməklə məşğuldurlar.
Ölkədə bahalaşma və qıtlıq yaranıb. Əhali nəinki normal yaşaya bilmir, hətta kommunal xərcləri belə ödəyə bilmir.
News.am saytının məlumatına görə, Ermənistanda inflyasiya tempi rəsmi rəqəmdən 3 dəfə çoxdur. Bunu erməni ekspert Arutyun Mesropyan bəyan edib. O, rəsmi dairələrin inflyasiyanın 12,4% olması haqda iddialarını əsassız hesab edir.
Ermənistan hökuməti və Mərkəzi Bankının səylərinə baxmayaraq, ölkədə bahalaşmanın qarşısını almaq mümkün olmur. "Armenia Today" yazır ki, bu ilin martında fevral ayı ilə müqayisədə ərzaq məhsullarının qiyməti 11,56% artıb.
Ümumilikdə bu ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi ötən ilin anoloji dövrülə müqayisədə 111,1% yüksəlib. Ermənistan Mərkəzi Bankının sabiq rəhbəri Baqrat Asatryan hesab edir ki, bütün bunlara səbəb hökumətin fəaliyyətsizliyidir.
Bundan başqa apardığımız araşdırmalar sübut edir ki, Ermənistan əhalisi indi də daha çox Türkiyəyə köç etməyə çalışır. Tək bunu demək kifayətdir ki, yalnız İstambul şəhərində qeyri-rəsmi olaraq 18 min, Türkiyədə bütövlükdə isə 30 minə qədər erməni yaşayır. Çox maraqlıdır ki, axır bir il ərzində Dağlıq Qarabağdan da ermənilər köçməyə başlayıb. Bundan başqa son 3 ay ərzində Azərbaycanla sərhəd bölgələrində də vəziyyət ağırlaşıb. Müşahidəçilər bildirir ki, sərhəd bölgəsində yaşayış üçün təhlükəli olmayan kəndlər belə artıq boşalır. Bunun isə iki ciddi səbəbi var. İlk növbədə sosial problemlərin həddindən artıq ağırlaşması, digər tərəfdən isə Ermənistan ordusunun etibarlılığını itirməsi. Məhz buna görə ekspertlər bildirir ki, bir erməni yeniyetməsinin Azərbaycana belə məktub yazması təbii haldır. Hətta qeyd edilir ki, Azərbaycanla münasibətlərin yaxşılaşdırılması üçün cəmiyyətdə çağırışlar kifayət qədər artıb. İndinin özündə belə Ermənistan erməniləri məhz Gürcüstanda yaşayan azərbaycanlılar hesabına dolanışıqlarını təmin edirlər.
Beləliklə aydın olan budur ki, Ermənistan özünü blokada şəkilində nə qədər saxlayacaqsa, bir o qədər də əhalisini itirmək təhlükəsi ilə qalacaq. Görünür bunu nəzərə alaraq ölkədə islahatlar aparmaq əvəzinə Suriyadan erməniləri dəvət etməklə bu problemi həll etməyə çalışırlar. Amma ekspertlər bildirir ki, bu çıxış yolu deyil. Çünki dəfələrlə Suriyadan ermənilərin belə köçü olub. Amma bir ildən artıq Ermənistanda qalan olmayıb.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40