Hansı dini proseslərin problem yaratdığını öyrənməliyik.
Unikal.org xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Mətbuat Şurasının və Qafqaz Müsəlmanları İdarəsinin Qubada təşkil etdiyi "Din-media münasibətləri: mövcud vəziyyət və beynəlxalq təcrübə" mövzusunda keçirilən konfransda deyib.
Ə.Amaşov bildirib ki, Mətbuat Şurası yarandığı vaxtdan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi ilə sıx əməkdaşlıq edir və jurnalistərin dini biliklərini artırmaq üçün müxtəlif seminarlar və tədbirlər təşkil edir.
Millət vəkili deyib ki, jurnalistlər dini sahədə yazı yazarkən ictimaiyyəti çaşdırmamalıdır, ictimaiyyətə düzgün məlumat çatdırmalıdır: "Azərbaycan mətbuatı tarixən dini xurafata qarşı mübarizə aparıb. Azərbaycanda din dövlətdən ayrıdır. Azərbaycan çoxkonfessiyalı bir ölkədir və konfessiyalar arasında münasibətlər çox yüksək səviyyədə qorunur. Biz bilməliyik ki, Azərbaycanda hansı dinin nümayəndələri yaşayır və hansı dini istiqamətlər var. Bunları bilməsək, dinlər arasında münasibətləri düzgün formalaşdıra bilmərik. Biz Azərbaycanda dini coğrafiyanı və dini prosesləri də bilməliyik ki, hansı proseslərin bizim üçün problem yaratdığını öyrənək".
Mətbuat Şurasının sədri qeyd edib ki, Azərbaycanda islami dəyərlərə həmişə önəm veilib: "Dini proseslərlə bağlı məsələlərin cəmiyyətə düzgün çatdırılması mətbuatın üzərinə düşür. Əgər dini proses bizi narahat edirsə, bunun səbəbini bilməli və cəmiyyətə düzgün informasiya çatdırmalıyıq".
O bildirib ki, Azərbaycan müsəlman ölkələri ilə xristian ölkələri arasında bir körpüdür: "Azərbaycan həm Avropa ölkələrinə, həm də İslam ölkələrinə nümunə ola bilər. Azərbaycan mətbuatı bütün bu məsələləri həm cəmiyyətə, həm də dünya ictimaiyyətinə düzgün çatdırmalıdır".