Noyabrın 28-də Qazaxıstanın paytaxtı Astanada Beynəlxalq Türk Akademiyasının təşəbbüsü və dəstəyi ilə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun qazax dilinə tərcümə olunmuş "Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti kitabının təqdimatı keçirilib.

Unikal.org xəbər verir ki, tədbirdə çıxış edən kitabın ön sözünün müəllifi, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali Əli Həsənovun Qazaxıstanın geniş oxucu kütləsinə təqdim edilən bu kitabının elmi və siyasi baxımdan böyük əhəmiyyətinin olduğunu bildirib. O deyib ki, müəllif əsərdə bilavasitə Qazaxıstanın da aid olduğu Xəzər hövzəsi regionunu tədqiq edir. Kitab qazax tədqiqatçılar, siyasətçilər və diplomatlar üçün faydalı elmi vəsaitdir.

Beynəlxalq Türk Akademiyasının prezidenti vurğulayıb ki, müəllif əsəri sadəcə Azərbaycan prizmasından deyil, regional kontekstdən çıxış edərək obyektiv əsaslandırmalarla yazıb. Bu da əsərin əhəmiyyətini daha da artırıb və onu beynəlxalq tədqiqatçılar, o cümlədən Qazaxıstandan olan oxucular üçün maraqlı edib.

Kitabın bütün fəsillərində Avrasiya coğrafiyasının əsas komponentlərindən biri kimi Qazaxıstanın da daxil olduğu Xəzər hövzəsi regionunun təhlükəsizlik və sabitlik məsələləri əksini tapıb. Bu baxımdan, əsərin ilk dəfə olaraq qazax dilində də işıq üzü görməsi təqdirəlayiq hesab oluna bilər.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirib ki, kitabda Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadi xarakteristikası beynəlxalq, regional, yerli maraqlar sistemində təhlil edilir, Azərbaycanın regional geoiqtisadi maraqları və enerji strategiyası araşdırılır. Eyni zamanda, transmilli dünya güclərinin və regional dövlətlərin Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı geoiqtisadi maraqları və fəaliyyətinin təhlili verilir.

Türk Şurası Ağsaqqallar Şurasının Qazaxıstandan olan üzvü Adil Axmetov və tanınmış qazax tarixçisi Bolat Kömekov qeyd ediblər ki, siyasi fəaliyyəti ilə yanaşı, həm də beynəlxalq münasibətlər və siyasi elmlər sahəsində çoxsaylı fundamental əsərlərin müəllifi kimi tanınan Əli Həsənovun bu kitabı dost və qardaş Azərbaycanın həqiqətlərinin, ölkənin regional proseslərə yanaşmasının Qazaxıstanın elmi-akademik dairələrinə, eləcə də beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, kitabı regional prosesləri qavrama baxımından Qazaxıstan oxucusu üçün maraqlı edən cəhətlərdən biri burada Xəzər dənizinin karbohidrogen ehtiyatlarının sərbəst istehsalı və ixracı siyasətinin beynəlxalq və regional geoiqtisadi nəticələrinin öyrənilməsidir. Qazax dilində nəfis tərtibatla çap olunmuş nəşrdə Azərbaycanın ardıcıl səyləri və qətiyyəti nəticəsində Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin həyata keçirilməsi və onların təhlükəsizliyinin təmin edilməsi kimi məsələlərlə ətraflı tanış olmaq mümkündür. Nəşrdə, həmçinin Azərbaycanın enerji ixracının şaxələndirilməsi siyasəti və onun regionun ümumi geoiqtisadi vəziyyətinə təsiri məsələləri də araşdırır, Azərbaycanın təşəbbüsü ilə TANAP və TAP kimi qlobal əhəmiyyətli enerji layihələrinin reallaşdırılmasına başlanıldığı qeyd olunur.

Qazaxıstan Xalqlar Assambleyasında Prezident Nursultan Nazarbayevin müavini Əbülfəz Xamedov isə bu kitabın ölkədə yaşayan 200 minə yaxın azərbaycanlı üçün də faydalı vəsait olduğunu, onun xalqlarımızın bir-birini və regionu daha yaxından tanımasına xidmət edəcəyini söyləyib.

Tədbirdə digər çıxış edənlər kitabda əhatəli şəkildə təhlil edilən Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə başlamasının regional və qlobal əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, Çindən Avropaya uzanan tarixi İpək Yolunun canlanması, yeni "Dəmir İpək Yolu Qazaxıstan da daxil olmaqla bir çox ölkələrə alternativ dəhlizdən istifadə etmək imkanı yaradır.

Regionun müasir iqtisadi vəziyyətini və kommunikasiya xətlərini əyani şəkildə əks etdirən xəritələrlə zəngin olan kitab Beynəlxalq Türk Akademiyasının nəzdindəki nüfuzlu "Elm nəşriyyatı tərəfindən tərcümə və çap edilib.