Bütün qurumlar kimi siyasi partiyaların da xərclərini qarşılamaları üçün müəyyən maliyyə vəsaiti lazımdır. Azərbaycan qanunvericiliyinə görə, parlamentdə təmsil olunan siyasi partiyalara dövlət tərəfindən maliyyə dəstəyi verilir.
Bəs parlamentdə təmsil olunmayan siyasi partiyalar xərcləri necə qarşılayır?
Unikal.org xəbər verir ki, Modern.az saytı partiyaları sorğuya çəkib.
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib ki, Müsavat nizamnaməsinə görə, partiyanın üzvləri əməkhaqlarının 1 faizi dəyərində üzvlük haqqı verməlidirlər: "Müsavat Partiyası üzvlük haqqı və ianələrin hesabına bütün xərclərini qarşılamağa çalışır. Telefon, su, işıq və digər kommunal xidmətlərin pullarını qarşılaya bilirik. Müsavat Partiyasında ştatda işçi yoxdur, başqan da daxil olmaqla heç kim maaş almır, ictimai əsaslarla çalışırlar. Biz kiçik maliyyə hesabına işlərimizi qurmağa çalışırıq. Qanuna uyğun olaraq da hər il Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatı veririk.
Müsavat Partiyasının rəhbərliyinin səfər xərcləri adətən dəvət edən təşkilat tərəfindən qarşılanır. O məsələlərə xüsusi maliyyə ayırmağımıza ehtiyac yoxdur. Müsavata Azərbaycan hakimiyyəti tərəfindən heç bir maliyyə dəstəyi verilmir. Müsavat Partiyası ölkənin ən böyük partiyası olsa da, Azərbaycan qanunvericiliyinə görə, yalnız parlamentdə təmsil olunan, deputatı olan partiyalara maliyyə yardımı ayrılır.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bildirib ki, partiyanın maliyyə vəziyyəti yaxşı deyil: "Nizamnaməyə görə partiyanın üzvlərindən üzvlük haqqı alınmalıdır, amma partiyanın üzvlərinin özlərinin də vəziyyəti pis olduğu üçün üzvlük haqqı verilmir. İanə də nizamnamədə nəzərdə tutulsa da, toplanmır. Partiyanın xərcləri olanda toplaşırıq, öz aramızda həll edirik. Partiyanın xərcləri işıqpulu və telefonpulu olur, başqa xərcimiz yoxdu. Səfərlərə, konfranslara da öz hesabımıza gedirik. Valideynlərimizi necə ziyarət ediriksə, eləcə də konfranslara gedirik. Hər şeyi özümüz qarşılayırıq və hər şeyi ictimai əsaslarla görürük.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov qeyd edib ki, partiyanın maliyyə vəziyyəti acınacaqlı durumdadır: "Bu vəziyyət təkcə AMİP-lə bağlı deyil, ölkənin bütün real müxalifət qüvvələrinin maliyyə durumu çox acınacaqlıdır. AMİP-də üzvlük haqları könüllülük əsasında toplanır. Toplanan pullarla partiyanın xərclərini ödəyirik. Partiyanın xərclərini müvəqqəti mərkəzi qərargah olaraq istifadə etdiyimiz Nəsimi təşkilatının icarə haqqı, telefonpulu və elektrik enerjisinə görə ödənişlər təşkil edir. Bunu partiyanın üzvlərinin hesabına bir təhər həll edirik. Bunlar kifayət etmir, partiyanın daha böyük xərcləri var, maddi-texniki baza yüksək olmalıdır, işçilər çalışmalıdır. Çox təəssüflər olsun ki, bunları edə bilımirik.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin sözlərinə görə, dövləti sevdiklərinə, prezidentə xəyanət etmədiklərinə görə, onlara maliyyə dəstəyi ayrılmır: "Bu gün Azərbaycanda belə bir tendensiya var, kim dövləti, prezidenti çox sevirsə o acından ölməlidir. Çox çətin vəziyyətdə dolanırıq. Bizim partiyamızın üzvləri də kasıbdırlar, Gədəbəy kartofundan yeyib, bir təhər dolanırlar. Partiya üzvlərindən və ya onların tanışlarından elə bil imkanlı adam yoxdur ki, bizi maliyyələşdirsinlər, ianə versinlər. 10-20 qəpik üzvlük haqqı ilə nə etmək olar?.. Heç işıqpulunu ödəyə bilmirik. 600 manat işıqpulu borcumuz var, neçə aydır ödəyə bilmirik. Hər dəfə işığı kəsməyə gələndə xahiş edirik ki, zaman versinlər. Bizim ermənilərlə qarşılığımız yoxdur. Biz vətənimizi, millətimizi çox sevirik. Bizi çörəklə, su ilə sınağa çəkməklə heç nəyə nail ola bilməyəcəklər. Mən ömrümün axırına qədər prezidentimin müdafiəsində dayanmağa söz vermişəm, ona görə bizə təzyiqlər olur. Amma bütün bunlara baxmayaraq, prezident seçkilərində iştirak edəcəyik.
Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli bildirib ki, olmayan bir şeydən danışmaq mənasızdır: "Əvvəllər Ədalət Partiyası parlamentdə təmsil olunanda il ərzində dövlətdən müəyyən qədər vəsait ayrılırdı. Bununla da partiyanın müəyyən xərclərini qarşılaya bilirdik. Amma hazırkı vəziyyətdə çətinlik çəkirik. Partiyanın icarəyə götürdüyü ofisin icarə xərclərini və digər ödənişləri vermək qarşıda ciddi bir problem kimi qalır. İndiki iqtisadi situasiya belədir ki, insanlar partiyalara ianələr verməkdən imtina edirlər. Digər tərəfdən isə biz üzvlük haqlarını yığa bilmirik. Müxalif düşərgədən olan partiyaların üzvlərinin bir qismi işləmir, işləyənlər də çox cüzi maaş alır. Onların bu maaşlarla partiyaya üzvlük haqqı verməsi inandırıcı görsənmir. Ona görə də biz üzvlük haqqının yığılması ilə bağlı problem yaşayırıq.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, partiyanın elə bir xərci yoxdu: "Biz Mərkəzi Seçki Komissiyasına xərclərimiz barədə məlumat vermişik. Hamı özfəaliyyət əsasında fəaliyyət göstərir. Bizim partiyada üzvlük haqqı alınmır. Qərara almışıq ki, üzvlük haqqını yerli təşkilatlar öz xərcləri üçün yığsın.